Alma almaya bənzər

Xuraman Məmmədova

6-12-2018, 20:56 Oxunub: 108
Həyat öz axarını tək bir mərkəzdən götürür. Bu mərkəz daxilində balans o qədər mükəmməldir ki, mütləq hansısa proses digərini yerindəcə əvəz edə və ya müdafiə edə bilər. Zərər verən, qanqren olmuş bir cisim isə bu mərkəz üçün faydasızdır, çünki öz-özünü bərpa edən bir sistem, öz-özü ilə qidalanan bir sistem daim daha stabil gücə sahib olacaq.

Həmişə düşünmüşəm ki, nəyə görə hadisələri, olayları, hətta elmləri, informasiyanı parça-parça öyrəndikdən sonra onları birləşdirmək ehtiyacı duymuruq? Axı bu, çox önəmli prosesdir, sən bununla daha əsaslı, səmərəli və doğru bilgiyə çata bilərsən. Ona görədir ki, fizika sevən şəxslər ədəbiyyatçılara bəzən sıxıcı, ədəbiyyatçılar isə fiziklərə darıxdırıcı adamlar kimi baxırlar. Halbuki biz hamımız eyni mərkəzdən gəlirik.

Desəm ki, Nyutona sirri aşkar edən o alma Həvvanı cənnətdən qovduran alma idi, nə deyərsiniz? Bizə təqdim olunan bu hadisələr nəyə görə daim bir-birilə simvolik cəhətdən bu qədər çulğalaşır? Nə üçün biz uşaq vaxtı nağıllar dinləyəndə sonda hamımıza bir alma verilirdi? "Sirrin açılması", "deşifrə olmaq" kimi adlandırıram mən bu hadisəni. İlkin olaraq sirrin açılmasına qəti qarşı olan bir mərkəz artıq hər dəfəsində bu sirrin açılmasına özü imkan yaradır. Bu, özü özünü sıradan çıxarmaq, yoxsa özü özünü yeniləməkdir? Bu qədər sualın içində yeni bir cavab (alma) qoyuram qarşınıza.

Fizika dərslərində Nyutonla tanış olandan bəri daim içimdə nəyə görə "ruh bədəndən ayrıdır?" deyə bir sual yaranırdı. Çünki düşünürdüm ki, Nyuton "təsir əks təsirə bərabərdir" deyəndə əslində, çox önəmli bir sirri deşifrə edib. Bu sirr ta öncədən bəri ən güclü liderlər tərəfindən gizli saxlanılıb, ehramlarda, piramidalarda, dənizin altında, qara daşın arxasında gizlədilib. Çünki bu elə bir sirdir ki, bu mənə məlum olandan bəri daim o mərkəzi tapmağa çalışıram. Lakin sonra durub düşünəndə gördüm ki, bu mərkəz tapılmaq üçün deyil, çünki içərisində olduğun bir döngünü tapmaq üçün onu sadəcə tamamlamalısan, ona özünü verməlisən, çünki təsir əks təsirə bərabərdir.

Bu qanuna bəzən "hərəkət-reaksiya" qaydası deyirlər. Bu, toplumun idarə olunmasında, o toplumla birgə işləməyə həvəslilik olduğu təqdirdə baş tutur. Çünki sən hovuzda üzmək istəyəndə ayaqlarınla o daşı itələsən, o daş sənə üzmək üçün zəmin yaradacaq. Yəni, bununla da sən o daşı itələməklə özünə dəstək qazanmış olacaqsan. Cəmiyyətdə yayılmış informasiyalar da eynən bu cür özünə dəstək qazanır. Nyutonun başına alma düşür, yerin qravitasiya qanunu kəşf edir, əgər fırlanmasaq, həyatda qala bilməyəcəyimizi isbatlayır. Ardınca isə öz qanunlarını elm qarşısında sübuta yetirir. Üçüncü qanunu isə tam bir simmetriyadır, əgər cəmiyyətə təsir edə biləcək bir xəbərlə onların qarşısına çıxırsansa, cəmiyyət bundan təsirləndiyi halda sənə reaksiya göstərəcək. Bu xəbərin yarandığı və yayıldığı sürət isə bir-birinə təxminən bərabər olacaq. Yaxud da hansısa kritik bir durumun başlanğıcında o simmetriyanı bərqərar etmək üçün lider təfəkkürlü bir şəxs televiziyadan şiddətli bir nitq söyləyəcək, reaksiyaların hər biri nəzərə alınıbsa, bu nitqin verəcəyi nəticə eynən o şəxsin planladığı kimi olacaq.

Yəni, əgər Həvva almaya görə cəhənnəmə düşürdüsə, Nyuton da eyni almaya görə dünyanı daha dərindən dərk edə bilər. Və əgər mən sizə bir nağıl danışıramsa, mütləq əmin olmalısınız ki, bu nağılın sonunda sizi üç alma gözləyir.

"Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin".

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar