Zamansız dirçəliş

Selcan Əhməd

28-05-2018, 21:47 Oxunub: 1257
Yazır, yazır: “Müstəqilliyimiz tanındı”...

Əlindəki qəzeti nəşriyyatın qarşısından başlayaraq küçənin sonunacan fərəhlə nümayiş etdirən 10 yaşlı uşağın üzündəki təbəssümə səbəb olmaq üçün belə bəs idi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması. Millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən öz sərhədlərində yaşayan bütün vətəndaşlara hüquqi-siyasiyyə və vətəniyyə ilə təmin edən AXC tariximizin parlaq səhifələrindəndir. Təsəvvüretmə qabiliyyətimə istinadən deyə bilərəm ki, iki illik müstəqillik həmin zamanlarda xalqımıza bəxş edilmiş rahatlığın simvolu sayıla bilər. Düşünürəm ki, məhz belədir. 2 illik şanlı tarixin arxasınca gələn 70 illik əsarət çox uzun görünür. Amma inanıram ki, iki il müstəqilliyi dadmasaydıq,  əsarət 70 il yox, 100 illərlə də davam edə bilərdi. Bu, bizə deməyə imkan yaradır ki, “Bir kərə yüksələn bayraq, bir də yüksələr”. Və yüksəldi, bir daha enməmək şərti ilə...

Vaxtsız qazanılmış müstəqillik idi, ona görə uzunmüddətli olmadı? Necə bərqərar olduğu və sonu bizə tarix kitablarından məlumdur. Buna görə də deyə bilərik ki, - “Bir anlıq səadət belə bir qərinədir”. Canfəşanlığı kənara qoyaraq qeyd edim ki, xalqın milli-mənəvi dəyərlərinin qorunması, keçmişinə sadiq qalması vacib amildir. Xalq Cümhuriyyəti bizi bu yolda tərbiyələndirdi. Qoyub getdiyi irs gələcək üçün mirasa çevrildi.

Qorxu, yoxsa risk?

1918-ci ildə zirvədəki parlaq ulduza dikilən gözlər kor olmağa başlayırdı. Sonradan yaranan korluq insana iradəsindən kənar hərəkətlərə təhrik edir. 23 ay sonranı nə tərzdə danışsaq da, sonu qəm-qüssəli olacaq.
1920-ci ildə artıq 12 yaşı olmuş oğlan uşağının əlindəki iki il əvvələ aid olan qəzet artıq həmin dövrdə heç bir məna kəsb etmirdi. Evlərinin divarında asılı olan parçadan hazırlanmış üçrəngli bayraq isə heç vaxt qırışmadı.

Müəllifin yazıları

Şərhlər : 2 Şərh yaz
ГРЕГОР ЗАМЗА 1 iyun 2018 05:38  

Bravo!

nurlan 7 iyul 2018 00:29  

Yüz il sonra bunları yaza biləcək gənc və xanım yetişdirə bilibsə bu xalq,demək ki heç nə əbəs deyilmiş. Təşəkkür edirəm yazı üçün,Tanrı sizləri qorusun

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar