Yerdəki ulduzlar

Nəcəf Əsgərzadə

8-09-2017, 13:20 Oxunub: 448
Hərdən gecələr səmaya baxanda ulduzların parıltısı məni özünə cəzb edərək bu dünyadan ayırıb başqa dünyalara aparır, amma sonradan anlayıram ki, bu ulduzlar təkcə səmada deyil, bizim dünyamızda, ölkəmizdə də az deyil. Biz sadəcə onların işığını yetəri qədər hiss etmirik və ya onlar istedadlarını kifayət qədər üzə çıxara bilmirlər.

Bunun bir çox səbəbi var. Ən birinci günah bizim valideynlərin üzərinə düşür: onlar uşaqlarını vaxtında kəşf edə bilmirlər. Çünki onların valideynləri də vaxtında onları kəşf edə bilməyib. Bu da gələcək ailələri təşkil edən ata və ananın  hələ uşaqlıqdan şəxsiyyət cəhətdən yarımçıq böyümələrinə səbəb olur.

İkinci səbəb yaşadığımız dünyanın, əsas da ölkəmizin sosial, iqtisadi vəziyyətidir. Ailələr uşaqlarını öz istədikləri sahələrə yönəldirlər. Onlar bunu kor-korənə şəkildə, cəmiyyətin, sisteminin diqtəsi ilə həyata keçirirlər və nəticədə  pula səcdə edən fərdlər yetişməyə başlayır. Azərbaycanda neft, iqtisadiyyat, tibb sahəsində oxuyanların sayı günü-gündən artmağa başlayır. Burada istisnalar da var, amma istisnalar mütləq nəticəni dəyişmir.

Üçüncü səbəb valideynlərin gənclik dövrlərində gərçəkləşdirə bilmədikləri yarımçıq xəyallarını övladlarının sayəsində həyata keçirmək istəmələridir. Bizdən robot kimi istifadə edib ömürlük qulluğu, köləliyi qəbul etdirirlər. Bəzən min nəfərdən biri etiraz etsə də, bu etirazı “mentalitet” adlı terminlə susdurmağı bacarırlar. Sən istəsən də, istəməsən də sürü psixologiyasına tabe olursan və “robot övlad”dan gələcəyin potensial “robot valideyn”inə çevrilirsən.

Amir Xan bu mövzuda çox maraqlı, insana nələrsə öyrədən “Yerdəki ulduzlar” adlı film çəkib. Filmdə bir ailənin timsalında uşaqların, valideynlərin psixologiyası sadə dildə izah edilir. Ailədə ilk olaraq kiçik qardaşla böyük qardaş arasındakı fərqlər göstərilir. Böyük qardaş ailənin fəxri sayılır, ona dərslərində və ailəsinin yönəltdiyi sahələrdə uğur qazanması ilə nail olur. Sizcə burada böyük qardaş nəyi təmsil edir? Böyük qardaş “camaatın uşağı”nı təmsil edir. Kiçik qardaş isə kütləyə tabe olmur, istədiyi kimi hərəkət edir, gəzir, dolaşır; ona dərs maraqlı deyil, onun üçün maraqlı olan beynində qurduğu cəmiyyətin bütün qanunları xaricindəki dünyadır. Bəs o bunu necə reallaşdırırdı? Burada başqa bir məsələ var. İşanın (yəni filmdəki kiçik qardaş) disleksiya (oxuma və yazma problemi) var. Belə insanları ağılsız adlandırmaq düzgün olmazdı. Çox vaxt bu problemə güclü zəkaya malik insanlarda rast gəlinir, amma ailəsi bunu hiss etmir, onu tənbəl, heç bir işə yaramayan adlandıraraq internat məktəbinə göndərirlər və onun burada ilk günləri çətin olsa da rəsm müəllimi ilə tanış olandan sonra həyatı dəyişir.

Müəllim İşanı tam mənası ilə anlayır. Çünki o da vaxtilə bu problemdən əziyyət çəkib və bunun öhdəsindən gəlməyi bacarıb. İndi isə bu uşağa yardımçı olaraq onun özünü kəşf etməsinə nail olur. O, həmçinin, İşanın valideynləri ilə görüşür və problemi onlara da anladır.

İşanın atası bunun problem olmadığını, onun bütün hərəkətlərin tənbəllikdən qaynaqlandığı deyir, özünün və həyat yoldaşının əqli cəhətdən sağlamlığını qeyd edir. Müəllimsə deyir ki, sizin övladınız güclü fantaziyalara malikdir və gələcəyin dahi rəssamına çevrilə bilər. Atasının cavabı bizim gündə eşitdiyimiz cavablardan heç fərqləmir: "Rəssamlıq ona nə verəcək? O, pulsuz qalaraq həyatını məhv edəcək". Müəllim isə hirslə bu sözləri söyləyir: "Siz robot düzəltmək istəyirsiniz, uşaq yetişdirmək istəmirsiniz. Elə robot ki, sırf sizin istədiyiniz nailiyyətləri əldə etsin".

Deyilmiş bu sözlər hər şeyi aydın şəkildə izah edir, amma biz ortaya iradə qoyub özümüz kimi insanları ətrafımıza yığaraq həyatımızı dəyişmək iqtidarındayıq. Qandinin dediyi kimi insan öz taleyini özü yaradır.

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar