Ruhumun qanadları (II hissə)

Sevda Kamran

5-09-2017, 15:37 Oxunub: 301
II hissə

Bağdadda keçirdiyim iki uzun həftədən sonra nəhayət ki, ondan xəbər almışdım. İndi isə günlər lap uzanmışdı. Gələcəyi günü gözləməkdən başqa çarəm qalmamışdı. Saatın əqrəbləri heç cür irəliyə getmirdi. Hər gün daha da səbirsiz olurdum. Amma yenə də dözürdüm. Çünki bilirdim, Orxan bir gün gələcək.

* * *

Səfirliyin qapısında bir müddət gözləməli oldum. Qapılar üzümə açılanda iki rəsmi geyimli şəxs məni xoş sima ilə salamladılar. Türk dilində dedi:
- Xoş gəldiniz, həkim.
- Xoş gördük. 
- Nəhayət ki, tanış ola bildik.

Təbəssümlə cavab verdim. Uzun zamandan sonra doğma dili eşidirdim və özümü təhlükəsiz hiss edirdim. Onların arxasınca binaya daxil oldum. Əşyalarımı girişdə təhvil verdikdən sonra onlarla birgə ikinci mərtəbəyə qalxdım. Dəhlizdə dayandılar.
- Orxan bəy, bu gecə sizi qonaq edəcəyik. Bu otaq sizə ayrılıb. Lazımlı hər şeyi tapa bilərsiniz. İstirahət edin, uzun yoldan gəlmisiniz. Bir azdan sizə yemək göndərərəm. Gecəniz xeyirə.
- Üzr istəyirəm, məni buraya niyə çağırdığınızı nə zaman öyrənəcəm?
- Sabah.
- Yaxşı.

Otağa keçdim. Əslində yatmağa çox ehtiyacım var idi. Çarpayının üstünə qoyulmuş təmiz paltarları görən kimi həvəslə vanna otağına keçdim. Bir ilə yaxın idi ki, normal insan kimi duş qəbul etmirdim. Su bədənimdən axdıqca ruhumun da tozlarını yuyub aparırdı, beynim get-gedə açılır, xatirələr canlanırdı. Mən darıxmışdım. Bəli. İlk dəfə bunu etiraf etdim özümə. Mən ölkəm, şəhərim, insanlarım, ailəm və Mehin üçün darıxmışam. Çox darıxmışam. Lənətə gəlsin. Bu hisslərin oyanması məni gücsüz edirdi. Mənə indi bu düşüncələr lazım deyildi. Bir-birilə savaşan duyğular içində hamamdan çıxdım. Saata baxdım: axşam 11. Gəldiyim bir saatdan çoxdur. Masadakı yeməyə nəzər saldım, onsuz da sevdiyim türk mətbəxinin iki ən ləziz yeməyini görməyim iştahamı açdı. Xidmətçi masanı yığışdıran kimi yatağa uzandım.

Yerimin rahat, bədənim tərtəmiz olmasına baxmayaraq səhər yeddidə oyanmışdım. Yenidən yatmağa cəhd də etmədim. Öyrəşmişdim, bəzən günlərlə oyaq qalırdım. Qalxıb mənim üçün qoyduqları təmiz paltarları geyinib, pəncərəni açdım. Barıt qoxusu olmayan havadan bolluca ciyərlərimə çəkdim. Bir anlıq dondum. Mehinin saçlarının ətrini hiss etmişdim. Burada onun ətri nə gəzir? O Bakıda, mən Bağdadda. Aramızdakı məsafələr də uzun. Görəsən küləyin gücü çatar o ətri taa buralara gətirməyə? Yenə xəyallara dalmışdım. Son yarım sutka ərzində çox dəyişmişdim. Xatirələr beynimə hücum çəkirdi. Belə davam etsə əzab çəkəcəyimi hiss edib pəncərəni örtdüm. Elə o an qapı döyüldü.
- Gəlin.
Dünən məni qarşılayan şəxs içəri daxil oldu.
- Sabahınız xeyir, Orxan bəy. Sizi səhər yeməyinə dəvət edirəm. Cənab səfir sizi gözləyir.
- Kim? Səfir?
- Bəli, niyə duruxdunuz?
- Mən səfirin iqamətgahındayam? Təəccüb və həyəcanla soruşdum.
- Bəli. Qardaşımızı ofisdə qoymalı idik? Ayıb olar. Aşağı enək. 

Ona daha heç nə deyə bilmədim. Türkiyə mənə Bağdadda qucaq açmışdı. Bunun sevincindən qəhərlənmişdim. Sakitcə məni müşaiyət edən şəxslə yemək otağına keçdik. Burada o qoxunu yenə hiss etdim. Səfir otaqda ayaq üstə məni gülər üzlə qarşıladı. 
- Nəhayət sizinlə qarşılaşdıq, qəhrəman həkim.
- Təşəkkür edirəm. Amma mən qəhrəman deyiləm.
- Belə etməyin. Burada canınız bahasına xəstə insanlara kömək edirsiniz. Siz əsl qəhrəmansınız. Başqa məsələ də var təbii ki, amma onu yemək zamanı danışarıq.

Göstərilən yerdə həyəcanla əyləşdim. Gördüyüm xoş münasibət məni o qədər duyğulandırmışdı ki, yemək yeyə bilmirdim. Yemək zamanı mənim vəziyyətimlə, nəyə ehtiyacımızın olması ilə maraqlandı, dərmanlar barədə kömək edə biləcəyini söylədi.

- İndi isə gələk əsas mövzuya - səfir dedi.
- Buyurun. Dinləyirəm sizi.
- Orxan bəy, bizim sizi tanımağımıza vəsilə olan insan var - susdu və eyni təbəssümlə davam etdi - üç həftə bundan qabaq qapımızı döydü və kömək istədi. Səni axtarırdı.
- Məni?
- Hə. Sizcə kimdir?
- Bilmirəm. Bəlkə qardaşım..? 
- Gəlsin?
- Gəlsin - artıq mən hər şeyi tezliklə öyrənmək istəyirdim.
- Oğlum, qonağımızı çağır.
- Kimdir?
- İndi öyrənəcəksən. Mən indi çıxıram. Bilirsən işləmək lazımdır. Burada istədiyin qədər qala bilərsən.

Ayağa qalxdım "çox təşəkkür edirəm. Çörək müqəddəsdir, mənimlə çörəyinizi bölüşdünüz. Minnətdarlığım sonsuzdur" dedim.
Səfir otaqdan çıxmaq üçün qapıya yaxınlaşanda dayandı. Dəhlizdən gələn ayaq səsləri yaxınlaşırdı. Ürəyim indi çox sürətlə döyünürdü. Kimdir görəsən gələn? Həyəcanla qapıya tərəf baxırdım. Qapı açıldı... və o unudulmaz ətir bütün otağı bürüdü. Deyəsən dəli olurdum, bir saat içində üç dəfə eyni hadisə təkraralanırdı. Yox, qoxu qatılaşırdı. Yalnız indi anladım. Qoxunu ciyərlərimə hopdurmaq üçün dərindən nəfəs alanda göz qapaqlarımın bircə dəfə endirmişdim və bu bircə göz qırpımı Mehini görməyimə mane olmuşdu. Mənim qarşımda, səfirin yanında Mehin dayanmışdı. Bütün dünya çox sürətlə fırlanmağa başladı. Ona tərəf cəmi bircə addım ata bildim. Gözlərindən axan yaşları görməklə yerə çökdüm. Lap zəif "onu incitmə" sözlərini və qapının örtülməsini eşitdim. Heç bir şey deyə bilmədim. Mən elə bir haldaydım ki, sanki qiyamət qopmuşdu içimdə. Hərəkətsiz qalmışdım.

* * *

Qarşımda diz üstə çöküb hönkür-hönkür ağlayan Orxan idi. Mənim ruhumun qanadları olan Orxan. Ona necə sarılmaq istəyirəm. Şükür sənə, İlahi. O sağdır, nəfəs alır... Ağlaya-ağlaya nəfəs alır, amma nəfəs alır. Çox sağ ol, Allahım. Səssiz axan göz yaşlarım, yeddi aylıq həsrətim, iki aylıq əziyyətim, doqquz aylıq iztirabım fəryad olub dodaqlarımdan qopdu.

- AAA!!!

* * *

Mehinin əzab dolu çığırtısı qulaqlarımda səslənərkən dizilərim üstünə çökürdü. Sonra yumruqlarını yerə vura-vura, alt dodağını dişləyərək ağlayırdı. O ağlayırdı... mən ağlayırdım. Özümə lənət oxuyurdum. Onu nə hala salmışdım. Əzab çəkirdi mənə görə. Amma əlimdən başqa heç nə gəlmirdi. Yanına gedib ona sarıla bilmirdim. Donub qalmışdım. Yanaqlarımdan axan göz yaşının istiliyindən başqa heç nə hiss etmirdim. Mehinin dodağının qanının çənəsindən süzülməyini görəndə ürəyim parçalandı, dözə bilmədim. Bu gün yaşadıqlarım içində son zərbə idi. Zor-güclə ona tərəf sürünməyə, əlini tuta bilməyə çalışdım.

* * *

Əlləri titrəyirdi. Başımı ovuclarının arasına zorla aldı. Gözlərimə elə baxdı ki, çarəsizliyini gördüm. O, bir cüt gözlərin dərinliyində deyə bilmədiyi hər şeyi gördüm. Bir əli ilə göz yaşlarımı sildi. Alnını alnıma söykəyib Sezen Aksunun "Sen ağlama" mahnısını pıçıldadı.

Davamı var...
Şərhlər : 1 Şərh yaz
Sevda 26 noyabr 2017 15:56  

Müəllifdən:Müəyyən səbəblərdən hekayənin III və IV hissələri burada yayımlanmayacaq.Nəzərə almağınızı xahiş edirəm. Oxuyan hər kəsə təşəkkürümü bildirirəm.

Hörmətlə :Sevda Kamran

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar