Ruhumun qanadları

Sevda Kamran

10-08-2017, 15:59 Oxunub: 284
I hissə

Hərbi helikopterin eniş səsini eşidirdim, lakin əhəmiyyət vermədim. Biz əsgərlər artıq alışmışdıq. Müharibənin düz mərkəzindəydik, helikopter səsi də, atılan topların, güllələrin səsi də bizim üçün adiləşmişdi. Bu səslər bizə artıq ölümdən başqa heç nə ifadə etmirdi. Silah-sursat gətirən texnikalar, yaralıları daşıyan ambulanslar, onların qulaqbatıran siqnalları, insanın ürəyini parçalayan haraylar, yaşamaq üçün çırpınan ürəklərdən qopan son döyüntülər. Bura səslərin cəhənnəmi idi. Hər gün aramızdan 2-3, bəzən daha çox əsgər ölür, yerinə başqaları gətirilirdi. Sanki bir oyunmuş kimi.

Bir-birini tanıya bilmədən şəhid olanlar çoxalmışdı. Bəziləri elə gəldikləri gün aramızdan ayrılırdı. Onların ruh tərk etmiş vücudlarını tanımaqda çətinlik çəkirdik. Dəhşət!.. Heç birimizin həyata dair bir damcı ümidinin qalmadığı bu yerdə idik. Mən də orada idim - insanların yaratdığı vəhşətin düz da ortasında. Buraya necə düşmüşdüm? Unutmuşdum. Sadəcə bir şeyi bilirdim: Sağ qalmalıyam... Hər an bu fikri təkrarlayırdım: Sağ qalmalıyam... sağ qalmalıyam..!

Yenə ürəyimdə bu sözləri təkrarlayaq ayağa qalxdım. Əməliyyatdan yenicə qayıtmışdıq, bu dəfə itki az idi, amma çox yorulmuşduq. İlk yardım vasitələri ilə dolu ağır bel çantasını və silahları təhvil verməliydim. Bazaya tərəf ağır-ağır addımlayırdım. Qəfildən bir əsgər yoldaşım məni saxladı. Zorla nəfəs alırdı. Gözlərində anlaya bilmədiyim bir şey vardı. Qorxumu, sevincmi, təlaşmı? Bilmirəm.

- Yaxşısan? Nə baş verib? Yaralanmısan?
- Yo-yoo-x... Məə-ən yaxşıyam.
Kəsik-kəsik nəfəs alır, tir-tir əsirdi.
- Ko-koo-mandir hər yerdə sani axtarır. Hamıya taa-apşırıb, kim görsə xəbər etsin.
- Xeyir olsun. Nə olub görəsən? Yaman təngnəfəs olmusan. Götür, su iç.
Əlimdəki su qabını ona uzatdım. Suyu götürdü və sualıma bilmirəm mənasında çiyninlərini çəkməklə cavab verdi. Sudan 1-2 qurtum alıb:
- Sağ ol. Sən gecikmə komandirin yanına.
- Yaxşı gəlirəm - çiynimdəkiləri göstərdim - bunları təhvil verməliyəm.

* * *

Düz yeddi ay idi ki, onu görmürdüm. Nəinki görmək, heç xəbər ala bilmirdim. Tək bildiyim İraqda baş verən dəhşətlərə göz yuma bilməyib oraya getməsi idi. Həkim olduğu üçün Qızıl Aypara Cəmiyyətinin tərkbindəydi... Ən önəmlisi... bunu uşaqlar üçün etmişdi. Getməsi üçün çox tutarlı səbəbi olsa belə ondan heç bir xəbər ala bilməməyim məni qorxudurdu. Artıq dözə bilmirdim. Ağlıma bütün pis ehtimallar gəlirdi: Bəlkə yaralıdır? Bəlkə əsir düşüb? Bəlkə..? Suallarım həmişə cavabsız qalırdı. Bəlkələrim artır, çarələrim yoxa çıxırdı. Amma bildiyim bir şey var idi: Onun sağ olub-olmadığını öyrənməliyəm.

Bir gün yuxudan qalxanda nə etməli olduğumu bilirdim. Güvəndiyim psixoloq mənə "bütün pis vəziyyətlərdən çıxmağın ən az üç yolu var" demişdi. O sözü xatırlamışdım. Deməli, hərəkətə keçmək lazım idi. İlk işim Qızıl Aypara Cəmiyyətinin Bakı ofisinə getmək oldu. Oraya bir dəfə yox, on iki dəfə getdim. Onlara yeddi ay öncə İraqa göndərilmiş insanların aqibəti haqqında öyrənmək istədiyimi dedim. Hamını geri qaytarmışıq cavabını alanda sarsıldım. "Demək gəlib, amma özü bizə xəbər vermir" deyə düşündüm. Amma bu fikirdən tez də qaçdım. Tanıyırdım Orxanı. Məlumatın dəqiq olub-olmadığını soruşdum. Eyni sözü eşidəndə, yenidən yoxlamlarını istədim:
- Xanım, ola bilməz. Məlumat dəqiqdir?
- Əlbəttə.
- Mən sizdən xahiş edirəm, bir də yoxlayın. Nə vaxt qayıdıblar?
- 3 ay öncə.
- Bəs onda niyə Orxan İsmayılovdan xəbər ala bilmirəm?
- Orxan İsmayılov?
- Aha...
- Siz onun yaxınısınız?
- Bəli.
- Necə yaxın? Ailə üzvüsünüz?
- Mən onun sevgilisiyəm...
- Mmm... Xanım, biz yalnız ailə üzvlərinə məlumat veririk. Sizi anlayıram. Təəssüf ki, mən sizə heç bir məlumat verə bilməyəcəm.
- Xahiş edirəm.
- Xanım, üzr istəyirəm mümkün deyil...

Bu dialoqdan sonra ora beş dəfə də getdim. Axır ki, qızın mənə yazığı gəldi. Orxanın İraqdan qayıtmadığını, könüllü orada olaraq qaldığını söylədi. Xəbəri aldığım an gözlərimdən iki damla yaş axdı. Biri onun sağ olması üçün idi, biri isə təəssüfümə... Deməli orada qalmağı seçmişdi. Təşəkkür edib oradan uzaqlaşdım. Məni üç gün sonra yenə ayaqlarım oraya aparmışdı. Bu dəfə xanım özü mənə yaxınlaşdı. Əlimdən tutub dedi:

- Nəsə xəbər almısınız?
- Yox. Heç bir xəbər yoxdur - Başımı aşağı saldım.
- Təəssüf...
- Mənə kömək edin - İndi də düz gözlərinə baxaraq dedim.
- Necə?
- Mənə oraya getmiş könüllülərin siyahısını və əlaqə nömrələrini verə bilərsiniz?
- Axı bu sizin nəyinizə lazımdır?
- Mən onlarla danışacam. Orxanı ən son kim görüb, hara gedib, necə idi? Əminəm ki, bir nəfər də olsa biləcək. Lütfən... lütfən!.. Sizdən xahiş edirəm.
- Yaxşı. Ancaq bunun üçün rəhbərlikdən icazə alın. Bu məlumatları ancaq onların icazəsi olduqdan sonra verə bilərəm.

Mən razılaşdım, lakin rəhbərliyin icazəsini ala bilmək üçün də dörd dəfə getməli oldum. Amma onların məlumatlarını vermədilər. Oradakı könüllüləri ofisə çağıracaqlarını və məni onlarla görüşdürəcəklərini söylədilər. Dediklərini etdilər. On ikinci dəfə idi ki, oraya gedirdim. Orxanla bir yerdə olan üç nəfərlə görüşdüm. Bildikləri, yaşadıqları hər şeyi danışdılar. Sanki müharibənin, aclığın, yoxsulluğun, ölümün, qanın qoxusu bədənlərinə hopmuşdu. Hamısının gözlərinin dərinliklərinə oradan gətirdikləri kədər vardı.

"Orxanı bizimlə qayıtması üçün çox dilə tutduqsa da bacarmadıq. İndi düşünürəm kaş biz də orada qalardıq. O, İraq ordusuna döyüşlərdə kömək edən könüllülərə qoşuldu. Onlara tibbi yardım edəcəyini deyirdi. Tikritdə olmalıdır. Başqa heç nə bilmirik", - biri dedi.

Onlar bildiklərini danışdılar, söylədiklərində ehtimallar çox idi. İndi öyrənməli olduğumun çox azını bilirdim. Mənim üçün ən vacib olan informasiyanı ala bilməmişdim. Sağdır, yoxsa ölüb?

Beynimdən "son dəfə 4 ay öncə görüblər, onda yaşayırdı və Tikritdə olmalıdır" fikirləri keçirdi. Hər kəslə sağollaşıb çıxdım.
Onun yaşadığını öyrənməyin yalnız bir yolu qalmışdı - İraqa getmək.

Ardı var...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar