Kirpiklərin sevgilisi - göz yaşları

Sevda Kamran

24-07-2017, 14:56 Oxunub: 1850
Kirpiklərin sevgilisi göz yaşları yad, amma isti dodaqların sahibəsində buraxdığı ləkələri öz isti damlaları ilə yuyub təmizləmək istəyir.

Göz yaşları çox qəzəblidir.

Göz yaşları ən çox öz acizliyinə qəzəblidir.

Yad dodaqlar sevgilisinə də toxunub.

Sevgilisi kirpiklər o dodaqlarla öpüləndə susdurulduğu üçün indi coşub-çağlayır.

Əvvəlcə kirpikləri təmizləmək, öz məsumluğunu geri qaytarmaq lazımdır.

Titizliklə, tək-tək bütün kirpikləri yuduqdan sonra, kirpiklərin kölgəsi düşən, hər qırpıldığında toxunduqları göz qapaqlarını da bu damlalara boğmaq lazımdır.

Kirpiklərin toxunduğu, toxuna biləcəyi hər yer onun üçün müqəddəsdir.

Tərtəmiz olmalıdır bu ruhun sahibəsi.

Qızarmış, şişmiş gözlər bahasına belə.

Göz yaşları yanaqlardan süzülür - bir az qəzəbi keçmiş, amma qınayaraq.

Beyinin ürəyi xəbərdar etdiyini duymuşdu.

Amma ürək o sözləri dinləməmişdi.

Xatırladıqca bunu əsəbi beş qat artdı, daha gur axmağa başladı. Hıçqırıqlar da ona qoşuldu. Hıçqırıqlarla alınan hər nəfəs azalmağa başladıqca ürək döyüntüləri artdı. Köksünə sığmırdı, qəfəsini parçalayıb çıxmaq istəyirdi.

Göz yaşları qisasını belə alırdı özbaşına ürəkdən.

Amma çox dözə bilmədi, kirpikləri xatırladı.

Qəlb dayansa bir daha sevgilisini görə bilməyəcəkdi. Bu hiss onu seçim qarşısında qoyurdu. Belə davam etsə ürək dayanacaq, yox davam etməsə o ləkələri, izləri silə bilməyəcəkdi. Bir az düşünmək lazımdır. Bu zamanda ürək azca sakitləşərdi.

Cəmi bir neçə an. Hər zaman yanından cığır olub axdığı dodaqları xatırladı. Bəs onlar? O məsum dodaqları necə təmizləyəcək?

Göz yaşları sel olsa yenə də dodaqlara çata bilməyəcəkdi. Başqa bir yol olmalıydı.

Mütləq bir yol olmalıydı. Çarələr axtarmaqla məşğulkən ən sevmədiyi qoxunu hiss etdi.

Dişlər gözəl, bir zamanlar məsum olan o dodaqları parça-parça etmişdi.

Hər yer qan damlaları və qan qoxusu idi.

Dişlərin qısqanclığının cəzası çox ağır olmuşdu.

Göz yaşları dodaqları qoruya bilmədiyi üçün özünü peşmanlığın sonsuzluğuna atdı. Bir saniyə keçdi... Cəmi bir an sonra göz yaşları əvvəllər getmədiyi yollardan keçdi. Gah əllərə, gah ruhunun məsumluğu qoxan saçlara, gah da yad dodaqların təmasında titrəmiş ayaqlara toxundu. Bir an da keçdi. Hər şeyi dərin sükut boğdu özündə. Bir hayqırtı duydu.

Bu fəryad ürəkdən əks-səda vermişdi. 

Ürək son dəfə hayqıraraq çırpındı və susdu.

Onun susması ilə birlikdə hər şey də dondu.

Bu gözəl simada qan damlaları, kirpiklərdə duzlu yaş yaşları qurudu.

Baş verənləri yalnız indi dərk edirdi. Göz yaşları gücünü get-gedə itirirdi. Sonuncu cəhdini etmək üçün didindi. Sevgilisi kirpikləri tək qoymamaq üçün ən son qüvvəsilə onlara sığal çəkib gözlərdən gicgahlara süzüldü...

"Yazıq qız, göz yaşları hələ istidir..."

15.07.2017
01:16
"Canımsın Sen" Sezen Aksu
Şərhlər : 1 Şərh yaz
zerooo 25 iyul 2017 01:28  

Bir sozle superrr!!!!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar