Ziyalılar və cəmiyyət

Fazil Hənifəyev

24-07-2017, 14:33 Oxunub: 177
Nə zaman bir məqalə yazmağa başlasam, istəsəm də ictimai mövzulardan uzaqlaşa bilmirəm. Amma bunun təqsirini təkcə özümdə yox, hamımızda görürəm.

Cəmiyyətimizdə o qədər problem var ki, yazmaqla tükənmir. Bu problemlərdən biri də "ziyalılar və cəmiyyətdir". Məsələ burasındadır ki, ölkədə avam olmağın təhlükəli olduğu qədər ziyalı olmaq da təhlükəlidir. Həqiqətən ziyalı saydığım yazıçıların, şairlərin, publisistlərin yazdıqlarını oxuyub bu qənaətə gəlirəm. Həqiqi ziyalıların yazılarından yüz il öncə də, elə indi də cəmiyyətlə necə problemlər yaşadıqları aşkar hiss olunur.

Maraqlısı budur ki, xalqımız aradan 100-200 il kimi uzun zaman keçməsinə baxmayaraq, hələ də eyni problemlərin əlində can verir. Biz inkişaf etmiş ölkələrin 200 il əvvəl həll etdiyi problemlərin indi fərqinə varırıq, nəinki onları həll edirik. Mən Mirzə Cəlil, Ə.Haqverdiyev, M.Ə.Sabir və başqa ziyalıların əsərlərini oxuduqda onların necə əziyyətlər çəkdiyini duymuşam. Hiss eləmişəm ki, bu adamlar əməlli-başlı öz potensiallarının fərqinə varıblar və bu potensiallarını dəyərləndirə bilmədikləri üçün, vacib məsələlərə sərf edə bilmədikləri üçün əzab çəkiblər.

Cəmiyyətin nəinki o dövrdə, demək olar ki, indi də ziyalılara münasibəti dəhşətlidir. XXI əsr olmasına baxmayaraq hələ də yazıçını, şairi "bikar" və "işsiz" sayanlar var. Hələ sizə ədəbiyyatı "lazımsız elm" sayanlardan söhbət açmıram. Daha doğrusu açmaq istəmirəm, çünki ömrümüzün qalan hissəsini bu insanlarla eyni ölkədə yaşadığımızı bilmədən yaşamaq istəyirəm.

Həqiqətən də qələm sahibi olan adam mütləq xalqın içində olmalıdır. Sizə təminat verirəm, əgər azca olsa da qələminizdə mürəkkəb varsa, nəsə yazıb ortaya qoya bilirsinizsə, ancaq yazmağa mövzu tapmırsınızsa, bir dəfə evdən bayıra çıxıb, metroya, avtobusa minmək, köşklərdən nəsə almaq kifayədir. Evə gələndə görəcəksiniz ki, bir neçə mövzu da yolda sizə qoşulub, sizi evə qədər təqib edib.

Xalqı müşahidə etmək üçün sosial şəbəkələr də möhtəşəmdir.

Nə isə... Mövzudan yayınmayaq. Bilirsiniz, əslində bizim xalqımızın nümayəndələri çox eqoistdirlər. Heç zaman onlara doğru yol göstərənləri veclərinə almırlar. Bu bəs deyilmiş kimi özlərini zıyalılardan daha üstün hesab edirlər. Amma nə zaman söhbət, məsələn, Mirzə Cəlildən düşsə, hamı ağız dolusu danışmağa başlıyır ki, "AAA... Mirzə Cəlil böyük şəxsiyyət olub. Xalq üçün çox iş görüb. Avamları tənqid eləyib" - filan. Sonra da durub şikayət eləyirlər ki, "artıq ölkəmizdə ziyalı yoxdur". Ölkəmizdə hal-hazırda kifayət qədər ziyalı var. Sadəcə onlar xalqın arzuladığı kimi yox, lazım olduğu kimi yazdıqlarına, danışdıqlarına görə heç vaxt üzdə olmurlar.

Əmin olun ki, hal-hazırda ölkəmizdə yetəri qədər Cavidlər, Cəlillər, Cəfərlər, Sabirlər, Müşfiqlər var. Ancaq Novruzəlilər 2-3 əsr bundan əvvəlki kimi çoxluq təşkil edir. Mən qətiyyən özümü oxucunun gözündə qaldırmaq istəmirəm, lakin bəzən elə adamlar görürəm ki, deməyə söz tapmıram.

Siz bilsəniz ki, mənim gündəlik işlətdiyimiz məişət sözlərini bilməyən, fikrini ifadə etməkdə olmazın əzablar çəkən, nə üçün və nə uğrunda yaşadığını sorğulamayan neçə tanışım var. İnanın, dəhşətə gələrsiniz.

Mən əslində cəhalət girdabında boğulmağımızı normal qarşılayıram. Səhv etmirəmsə Hüqonun belə bir sözü var idi: "Bir xalqı yox etmək istəyirsənsə, onun təhsilini əlindən al". Hal-hazırda bizim xalq olaraq təhsilimizin səviyyəsi eradan əvvəl yaşamış qəbilələrin təhsil səviyyəsinə bərabərdir.

Məncə, təhsilimizin ən böyük problemi elmin mahiyyətini dərk etməmək və ali olmayan məqsədlər uğrunda təhsil almaqdır. Biz hələ elmin mahiyyətini dərk etməmişik. Bu yazımda biz-bizəyik. Gəlin etiraf edək... Kimin valideyni ona uşaq olarkən elmin həqiqi mahiyyətindən danışıb? Oxumağın və bilməyin verdiyi həzzdən kimin valideyni söz açıb? Mən uşaq olanda böyüklərdən soruşardım ki, nəyə görə oxumalıyam? Biri deyərdi ki,yaxşı vəzifə üçün, bir başqası deyərdi ki, pul üçün, hətta iki savadlı söhbət edəndə onlara qoşulmaq üçün belə deyənlər olub. Heç kəs mənə rahat, xoşbəxt, gözəl yaşamaq üçün oxumalısan deməmişdi. Əminəm ki, bu tip cavablarla təkcə mən yox, istisnaları çıxmaqla hər biriniz qarşılaşmısınız. Zənnimcə bizim təhsil barədə ən böyük problemimiz budur. Biz hələ də öyrənmək, oxumaq, yazmaq, ziyalı olmaq kimi anlayışları dərk etmirik. Gözümüzü yummuşuq, cəhalətimiz bizi hara aparırsa, ora da gedirik.

Biz universitetlərə "varlı olmaq" üçün bir pillə kimi baxırıq. Ən dəhşətlisi odur ki, universitet müəllimlərimiz də universitetlərə bizim kimi baxırlar. Mütəxəssis olmaq, öyrənmək, müəyyən həqiqətləri dərk etmək kimi şeylər heç kəsin vecinə deyil. Elə bilirik ki, var-dövlətin gətirdiyi statusun bizə xeyri var.

Sizə bir etiraf edim ki, biz xalq olaraq oxumağın daşını çoxdan atmışıq. Bizə pul lazımdır, pul. Amma bilmirik niyə görə lazımdır. Bircə onu bilirik ki, bizə pul lazımdır. Oxumağın lazım olduğunu da bilirik. Əlbəttə, "varlı" olmaq üçün "oxumaq" lazımdır.

Hər-halda yazdıqlarımdan sonra özümüzə daha geniş çərçivədən baxa bildik. İndi belə bir cəmiyyətdə Mirzə Cəlil, Sabir və s. olduğunuzu düşünün. Həqiqətən bu tip ziyalıların intihar etməmələri məni heyrətləndirir. Görün bu adamlar necə də güclü olublar. Oxumağın önəminin qalmadığı bir ölkədə şedevr əsərlər yaradıblar.

Əlbəttə ki, təhsilə, elmə olan nifrətimiz hansısa şəkildə özünü göstərməlidir və göstərir. Küçədə, çayxanda, evdə etdiyimiz bayağı söhbətlər, ard-arda gələn uğursuzluqlar, hər gün artan boşanmalar, cinayətlər, yerə zibil atan insanlar elmin bizdən aldığı intiqamdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar