Post Azərbaycan

Orxan Həsənzadə

9-07-2017, 14:13 Oxunub: 766
Teosentrizm (Tanrı mərkəzçilik) dövrü Avropada uzun müddət davam edən vəba, aclıq, elmi yeniliklərə qarşı sərt müdaxilələr və kilsənin insan həyatına bütün sferalarda hökmü ilə müşayət olundu.

Modern öncəsi insan obrazı kilsənin şəxsi mülkiyyəti idi. Kilsə insanla necə istəyirdisə elə də davranırdı. Bu dövrün insan obrazı günahkar, gözükölgəli, mərhəmət dilənən görkəmə sahib idi. Sonrakı mərhələ olan modernizm insan həyatının bütün sferalarına təsir edə bilən dinin alternativi olaraq formalaşmağa başladı. Bütün ölüləri və diriləri öz ətrafında birləşdirən kilsə ilə Nitsşenin “Zərdüşt belə buyurdu” əsərinin başlığındakı “hamı və heç kim üçün” ifadəsi arasında uyğunluğun istinad nöqtəsi eyni məqsədin üzərində dayanır. Bu idealı gerçəkləşdirmək üçün öncə keçmişin bütün qalıqlarında xilas olmaq lazım idi. Hətta, tanrıdan belə.

Dekartla başlayan tanrının hissə-hissə ölümü sonda şəhər meydanında əlində şam ilə tanrını gəzərək  nəticədə onun öldüyü qənatinə gələn Nitsşenin “Şən bilim” əsərindəki obrazıyla bitir. Ancaq teosentrizm dövrü nə qədər total idisə, ona alternativ kimi gələn antroposentrizm də o qədər total olmalıydı. Yalnız bu zaman modernizmin missiyası tamamlana bilərdi. Ancaq modernizm tanrını yaxşı “öldürə” bilməmişdi. Nitsşenin ifadəsi ilə desək - onun kölgəsi hələ də üzərimizdə dolaşır. Bu barədə sonrakı hissədə yazacam.

Modernizm əvvəlki dövrə uyğun olaraq özündə ciddi sistem anlayışı ehtiva edirdi. Bütün modern cərəyanlar sturuktura, quruluşa, formaya malik olacaqdı. Teosentrizm dövrünün yalnışlana bilməyən, ümumiyyələ yalnışlanmaq istənilməyən tanrı anlayışı bu dövrdə modern filosofların, psixoloqların, sosioloqların nəzəriyyələrinə çevrildi. Məsələn, Ziqmund Freydin əsasını qoyduğu “psixoanalist” nəzəriyyəsi bəzi yönlərində heç bir elmi əsasa dayanmasa belə ətrafımızda baş verən hər şeyi izah etməyə çalışır, bizə razılaşmamaq şansı belə tanımırdı. Bunun, eyniylə, marksizimdə də görmək mümkündür.

Modernizm həddindən artıq optimist idi. Sənayeləşmənin o qədər tərəfində idi ki, bunun hansı fəsadlara səbəb olacağından xəbərsiz qalmışdı. Atom bombaları Yaponiyanın başı üzərində gəzəndə insanlar özləri haqqında daha dərindən düşünməyə başladı. Pessimizmə qapıldı və beləliklə, Avropada Modernizm iflasa uğradı. Təxminən, elə həmin onilliklərdə postmodernizm meydana çıxmağa başlayır.

Bəzi alimlər postmodernizmi modernizmin bir cərəyanı olaraq görürlər. Modernizm yeniliyə canatma idisə, postmodernizm yeniliyin radikallaşması hesab olunurdu. Postmodernizm modernizmin məhv etməyə başladığı keçmiş dəyərlərə nöqtə qoyur. Məsələn, modernizm tanrını öldürə bilmişdisə də, hələ də istər dildə, istər məişətdə tanrının kölgəsini görmək olurdu. Məsələn, bu gün Avropada və Amerikada evlənməyə alternativ olaraq bir yerdə yaşamaq tanrının bütünlüklə bütün sferalardan silməkdə olan postmodern bir fəaliyyətdir. Çünki evliliyin özünü tanrı ilə əlaqələndirirdilər.

Təklik yaradıcılığın ilkin tələbidir. Yaradıcılıq çoxluğun yox, təkliyin məhsuludur. Hər şeyin “post”unu yaşadığımız bu dövr bizi tək qoymamaq üçün əlindən gələni edir. Yaradıcı “Bulantı”nı yaşamağa qoymur. Bütün yaradıcı proseslər bulantı hissinin nəticəsidir.

Bütün yaradıcı şəxsiyyətlər də bu mərhələni keçib öz öz iradələrinin məhsulunu reallığa çeviriblər. Məsələn, Sokrat öldükdən sonra Platonun bir müddət yoxa çıxıb yenidən qayıdaraq akademiya açması, Məhəmməd peyğəmbərin dağa çəkilməsi, İsanın qeyb olması... Postmodern dövr insanı bu hissi yaşamaqdan məhrum edir. Oyunlardan tutmuş, internetin dözülməz informasiya çoxluğuna qədər hər şey yaradıcılığın əl-qolunu bağlayır. Ona görə postmodern insan yaradıcı yox, tükəticidir. Dünyada artmaqda olan həddən artıq kökəlmə və düzgün qidalanmamanın ən böyük səbəblərindən biri də budur.

Azərbaycan kimi çöküşə gedən cəmiyyətləri yalnız yaradıcılıqla bir yerdə tuta, labüd sondan xilas edə bilərik. Bu məsələyə postmodern yaşamaq mümkün deyil.

Yaranan hər bir ideyanı yarandığı yerin şəraitindən, tarxindən və coğrafiyasından kənarda təsəvvür edə bilmərik. Məsələn, İslam ərəb reallığı idi - cəhənnəmi isti, cənnəti sərin. Səhrada yaşayan ərəb üçün bundan daha unikal nə ola bilər? Ancaq tutaq ki, Skandinaviya xalqlarının cəhənnəmi soyuqdan ibarətdir. Postmodernizmə də eyniylə bu cür yanaşmaq lazımdır. Bunun üçün əvvəlcə onun tarixini bilmək, hansı mərhələlərdən keçdiyinə şahid olmaq, içimizi doldurmaqda olan “niyə” sualına cavab vermək tələb olunur. Mənim üçün postmodernizm bu günə qədərki Avropa mədəniyyətinin sürətli formada “repley” dövrüdür. Bu bir müddətdən sonra asanlıqla ötüşüb keçəcək. Bir mənada klassizm dövrünə bənzətmək olar. Ancaq postmodernizmdən fərqli olaraq klassizmin keçmişə münasibəti o qədər ciddidir ki, hətta Aristotelin 3 vəhdət prinsipində qəlibləşməyə razı idilər.

Azərbaycan insanı hələ tam olaraq modernizmi yaşamır. Modern öncəsi ilə modern dövr arasında olan qırmızı xəttin üzərindəyik. Bu halda birdən-birə postmoderni yaşamaq mümkün deyildir. Çünki nəyin “post”unu yaşayacağımızı bilmədən onu anlaya bilmərik. Sadəcə Avropanın keçdiyi bu yolu izləyib öz yolumuzu özümüz müəyyən etmək iqtidarında ola bilərik.

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar