Em

İsmayıl Rizvanoğlu

28-03-2017, 12:03 Oxunub: 863
Balaca və sevimli otağının dörd küncünə də yeşik taxtalarından kitab rəfləri düzəltmiş, ən axırıncı taxtanın üstünə isə müxtəlif rənglərdə karandaşlar düzmüşdü. Hər gecə yatmadan öncə sıra ilə dörd küncün dördünə də baş çəkər, tozunu silər, sonra isə sığallayaraq hər dəfə bir küncdən özünə kitab seçib yerinə uzanaraq gecə lampasının közərmiş işığında yuxuya gedənədək oxuyardı. Adını heç vaxt sevməzdi, ona görə də qısaldaraq özünə “Em” adı qoymuşdu.

Emin otuza yaxın yaşı vardı. Qara, seyrək saçları, üzünün sağ almacığının üstündə isə iri, qəhvəyi, çöhrəsinə kobudluq bəxş edən xalı var idi.  Gecə gec yatmasına baxmayaraq, səhər saat yeddidə oyanıb pəncərənin qarşısında on beş dəqiqəyə yaxın dayanıb göy üzünü seyr etmək adəti idi. Göbəyindən yuxarıya qədər çəkilmiş gecə paltarı kənardan görənlərə cizgi film qəhrəmanı Karlsonu xatırladardı. Amma Emi heç kim görmürdü gecələr. O, təkliyini, otağını və kitablarını çox sevirdi. Son zamanlar gözlərində yaranan ağrılar onun gecələr çox kitab oxumasına əngəl yaradırdı. İndi əvvəlki günlərlə nisbətdə yuxuya dalmadan öncə kitabını kənara qoyub, gecə lampasını söndürərək gözlərini qaranlıq tavana zilləyib uşaqlığındakı kimi yuxuya getməsi üçün qoyun-quzu sayardı. Havalar soyuduğundan otağı da soyumuşdu. Qəhvəyi, yun adyalına bürünərək, molbertin qarşısında saatlarca fikrə gedib, gözlərini yumaraq cızmaqaralar edərdi. İstədiyi alınmayanda oturub uşaq kimi ağlayardı. Hər ay aldığı təqaüdlə az miqdarda olan kirayə pulunu qarşılayar, yeməyinə pul ayırar, bir də özü üçün kitab və kağızlar, ən başlıcası isə rəngli karandaşlar alardı. Küçəyə çıxarkən bozumtul kapüşonunu burnuna qədər çəkib, başıaşağı, tez-tez yeriyərdi. Təsadüfən hansısa zibilxananın yanından keçərdisə, həmən dəqiqə gözü rəngli karandaşlar axtarardı. Tapmayanda məyusluğundan az qalardı dəli olsun. İçində ağlayıb qaçmağa başlayardı. Emin ailəsi yox idi. Atası həyatını dülgər dəzgahında taxta kəsərkən itirmişdi. Anası isə xəstəlikdən ölmüşdü. Emin atası da, anası da ailənin tək övladı olduğundan onun nə əmisi, nə dayısı, nə bibisi, nə də xalası var idi. Valideynlərini itirdiyi ili xatırlayanda oturub səhərə qədər içki içərdi. Siqaret dumanına nifrət etdiyindən bu yaşına qədər damağına bir dəfə də olsun siqaret almamışdı. Ev sahibəsi Nadya da heç vaxt kirayə pulunu tez verməsi üçün onu narahat etmirdi. Bilirdi ki, heç yerdə işləmir, yalnız təqaüdlə dolanır. Həyətlərindəki bankomat Nadya xalanın zəngli saatı idi. Məhəllədən keçərkən qarşısında toplu adamları görəndə beşinci mərtəbəyə nəfəsi kəsilə-kəsilə qalxıb Emin qapısını döyərək “Oqlum bankomatda insanlar var. Duş ve pulunu qötür.” deyib gedərdi. Em üçünsə bu kirayə vaxtının yetişdiyi demək idi. Amma hər dəfə də Nadya xala doğru xəbər gətirmirdi. Em düşüb bankomata yaxınlaşarkən ya bəxtindən pulu köçməmiş, ya da bankomatda pul bitmiş olardı. Gülümsəyib yuxarı qalxar, qapı qonşuluqda yaşayan Nadya xalanın qapısını döyərək boynu bükük qarşısında dayanıb bank kartını əlində silkələyərək məyusluğunu bildirərdi. Nadya isə öz növbəsində “Oqlum naraxat olma. Keçəndə qetirersen.” deyərdi.

Saat 20:00. Hava tamam qaralmışdı. Qış təzə girmişdi deyə hava tez qaralmış, göy üzünü qara buludlar örtmüş, çöldə isə vəhşi külək az qalırdı işıq dirəklərini yerindən qopartsın. Nadya xala on dəqiqədən çox idi ki, Emin qapısını döyürdü. Bezdirmək olmasın deyə hər qapıya vurduğu taqqıltıları fasilələrlə edirdi. Amma Emdən səs-səmir yox idi. Bu dilsiz-ağızsız varlığın başına nəsə gəlib deyə narahat oldu. Evə qayıdıb ehtiyat açarı götürdü. Açarı kilid yerinə salıb iki dəfə sağa fırlatdı. Qapı açıldı, ancaq Em içəridə yox idi. Otaq tamam qaranlıq və hədsiz soyuq idi. İçəridən isə qəribə qoxu gəlirdi. Nadya xalanın həyəcanı birə beş artdı. Hürkərək içəri daxil olub, elektrik birləşdiricisinə əlini atdı. İşıqlar yanmadı. Geriyə evə qayıdıb şam götürmək istədi ki, ayağı Emin molbertinə ilişib, ağzıüstə yerə sərələndi. Ağır çəkili olduğundan tarazlığını qoruya bilmədi. Küləyin təsiriylə yarımçıq aralı qalmış qapı möhkəmdən çırpıldı.

Həmin gecənin üstündən bir gün keçdi. Sonra isə daha iki gün. Üçüncü gün açılmışdı. Günəş soyuq şəfəqlərini Emin pərdəsiz pəncəsərindən içəri doldururdu. Pəncərəsinin qarşısındakı məhəccərdə göyərçin əyləşib içəri boylanırdı. Göyərçindən aşağıda isə qaynaşan şəhərin təsviri var idi. Adamlar sağa-sola gedirdi, kimisi tək, kimisi cüt. İnsanlar acizliklərini anlamadan və ya anlamaq istəmədən bayram edirdilər. Heç kimin bir-birindən xəbəri yox idi, həmçinin Emdən də , Nadya xaladan da. Hər kəs hüznlü üzlərlə yeridikcə, göydən asta-asta yerə yeni yağmağa başlayan qar dənəciklərinin soyuqluğunu hiss edərək tələsirdi. Asfalt örtüyü nəmləşdirən dənəciklər maşınların şinlərinə yapışaraq, ünvanını tez-tez dəyişib, həmin dəqiqə də yoxa çıxırdı. Həyatın mücərrədliyi, talelərin bozluğu və xaosu insanların eynilik içində boğularaq bu əzaba özlərini dözməyə məcbur etməsi, onları hələ də olduqları vəziyyətdən usandırmırdı. Xoşbəxt görünməyə çalışan bənizlər azaldıqca artır, artdıqca azalırdı. Özlərini nihilist göstərməyə çalışanlar kim, narsist olduqları halda təvazökarlıq edənlər kim, qeyri-insani keyfiyyətləri ölənəcən bətnlərində daşıyanlar kim, dəblə geyinərək özünü cəmiyyət içərisində fərqli göstərməyə çalışanlar kim.... Yüzlərlə, minlərlə idi belələri. Şəhərin hüznü. Şəhərin çirki və ağır havası bu qışın da gəlməsi ilə dəyişməyəcəkdi. Üçüncü günün, üçüncü səhərin on ikinci saatında o gecə möhkəmdən çırpılan qapı açıldı. İki çəlimsiz, pəncələrində parça ayaqqabı olan ayaqlar otağa daxil oldu. Dayandı. Bir neçə saniyə sonra əyilib yerdə uzanan, baldırlarının hərəsi bir şalbanı xatırladan bu varlığı qaldırdı. Onun nəfəsi gəlmirdi. Ölmüşdü. Bəli, Nadya xala ölmüşdü. Yerdə üç gün öncə yaranmış qan gölməçəsi də quruyub döşəmədə əcaib fiqur cızmışdı. O, qorxdu. Çarəsiz və durğun halda idi. Çaşqınlıq onu həyəcanlandırırdı. Otaqda telefon yox idi ki, kimisə çağırsın. Qapı yenidən açıldı. Bu dəfə isə hündürboy, sarışın biri içəri keçdi. O da əyildi. Qadını qucaqlarına aldılar. Heç kim danışmırdı. Otağın əcaib qoxusu isə burun deşiklərinə mismar sancırdı sanki. Nadya xala torpağa tapşırıldı, amma islam adətləri ilə. Həyatın sərt paradoksu. O, sağlığında bəlkə də bu cür ölməyi və basdırılmağı arzulamazdı. Lakin labüd vəziyyət bunu etdi. Qar dənəcikləri isə daha iri yağırdı. Havanın soyuğu daha da sərtləşmişdi. Həmişəyaşıl ağacların budaqları ağlıqdan ağırlaşırdı. Nadya xala bu ayın kirayə pulunu xəcləmədən, son dəfə pişiklərinə yemək vermədən, onları sığallamadan getdi...

Növbəti günlərdə Em soyuq divarların arasında sarı karandaşla a4 vərəqdə Nadya xalanın rəsmini çəkməyə çalışırdı. Onu səslədilər. Dəmir qapıya yaxınlaşdı. Yeməyini götürdü və yerinə qayıdıb yenidən davam etdi. Harada və niyə olduğunu anlamaq bəlkə də onun beyin yarım kürələri üçün çox böyük idi. Önəm verməmək deməzdim, sadəcə bu adamın təbiəti belə qurulmuşdu, deyərdim. Sarışın, hündürboy onunla görüşə gəlmişdi bu gün. Xəbər bir saat sonra gəldi. Ona rəngli karandaşlardan ibarət qutu verdi. Saçlarına sığal çəkdi. Sağollaşdılar. Sağollaşarkən iki dodaq arasından, çatlamış dodaqlar deyərdim, bu kəlimə çıxdı: “Tı ne vinovn. Ya etovo znayu. Ti ne vinovn”. Gülümsədi və doldu. Getdi.

Em indi də, bundan sonra da bilməyəcəkdi ki, bu sarışın ona nə deyib getdi. Guya bilsəydi nə dəyişəcəkdi ki?...

Nəfəslikdən üstünə qaranlığın qırıntıları səpələndi. O, büzüşüb yumağa döndü. Yuxulamaq üçün artıq qoyun-quzu saymağı da yadından çıxartmışdı. Tavana zillədi gözlərini, yatmaq üçün bir bəhanə lazım deyildi. O, yatdı. Həmən yatdı. Çox yatdı.

Molbertin qarşısından qalxıb barmaqlarını bir-birinə keçirdərək şaqqıldatdı. Bu gün tabloda şalbana bənzər budları işləmişdi. Sabah isə işini bitirsəydi, polislərə xəbər verəcəkdi. Ağzındakı ağızlığı aşağı çəkib qapını örtəndə dərin hönkürtü ilə ağlamağa başladı... Və sabah Nadya xalanın öldüyü günün ikinci günü olacaqdı.

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar