Televizora uduzan piano

Qurban Azəroğlu

17-03-2017, 11:34 Oxunub: 965
Keçən dəfə “Facebook”da gəzərkən qarşıma bir xəbər çıxdı: “Türkiyədə Naza maraqlı jest edildi”. Dedim görəsən bu Naz kimdir? Xəbərə girincə məlum oldu ki, Naz oradakı evlilik verilişinə qatılan iştirakçı, ona olunan jest isə getdiyi kafedə Üzeyir Mehdizadənin mahnısının çalınması imiş.

Bilmədim ölkəmizi Türkiyədə evlilik proqramı səviyyəsində təmsil edildiyinəmi heyifslənim, yoxsa Azərbaycan musiqisi deyincə ağıla Üzeyir Mehdizadə gəldiyinəmi. Dedim axı bizim Türkiyə ilə ilk sənətçi tanışlığımız bu olmayıb. Bir yerdə bir türkiyəlinin şərhini oxumuşdum: “Biz Türkcə rok olarmı deyə müzakirə edərkən “Yuxu” yüksək keyfiyyətli, Azərbaycan dilində rok mahnılar yaradaraq bizə bunu sübut etdi”.

İl 1988...

Bass-gitarist İbrahim Emin dostlarını da başına yığaraq “Yuxu” qrupunu yaratdı. İbrahimin atasının “Sumqayıt Bağlarında” adlı şeirini “Xəzərin Sahilində” deyə dəyişdirərək Qızıl Payız Festivalına qatıldılar və bu mahnı ilə birinci oldular. Mahnı bütün ölkədə məşhurlaşdı. Yarışmada digər rok qruplar var idi, amma “Yuxu” başqa bir səbəblə fərqlənirdi. Bu “Yuxu”nun azərbaycan dilində ifa etdiyi musiqi idi. Festival dinləyiciləri arasında olan fransız bir menecer qrupa Fransada albom çıxarmağı və konsert keçirməyi təklif edir. Və bir müddət sonra qrup Türkiyədən keçərək Fransaya getmək üçün yola çıxır. Türkiyədə olarkən nə qədər çalışsalar da Fransada müvəqqəti qalmaq üçün sənəd əldə edə bilmirlər. Türkiyədəki musiqi şirkətlərinin birinin rəhbəri “Siz də türk, biz də türk. Qalın burada işləyin” deyir. Və beləcə “Yuxu” Türkiyədə 3 albom çıxarır. Hər bir mahnısı gözəl olan 3 albom... Bu gün də türk rok dinləyiciləri arasında bir əfsanə olaraq xatırlanır. 1999-cu ildə İstanbulda baş verən zəlzələ təkcə binaları deyil, İstanbul səhnələrini fəth edən bu Sumqayıt uşaqlarının əfsanəvi “Yuxu” qrupunu da dağıtdı.

Mən bu gün bir azərbaycanlı, bir sumqayıtlı olaraq “YouTube”a “Yuxu”nun mahnılarını yükləyərkən ordan gələn reklam gəliri Türkiyə şirkətinə gedir. Sənət bizim, sənətçilər bizim, amma onlar qazanır. Əslində qanuni olaraq doğrudur. Bəs mənəvi olaraq? Nə zamana qədər bizim sənətçilərimiz ölkə xaricinə gedəcək. Yenə o dövrü “müharibə dövrü” deyib anlamaq olar. Axı indi də gedirlər. Sənətlərinə verilən qarşılığı həm maddi, həm də mənəvi olaraq almadıqları üçün.

Burda ucuz vətənpərvərlik edib “Sarı gəlin”, dolma, balabandan danışacaq deyiləm. Ya da Sovet dönəminin xəyalı ilə yaşayan adamlar kimi “Bədii Şura” yaradılmasını da arzulayacaq da deyiləm. Əgər bu gün Üzeyirə tələbat varsa, efirə çıxıb oxusun. Onun əleyhinə danışan insanlar toplum üçün onun sənətini üstələyəcək bir alternativ qoysunlar ortaya, görək. Ancaq “Sovet vaxtı belə deyildi ilə” başlayan danışıqlar... İndi siz çıxıb onu qadağan etsəniz, o gedib Qazaxıstanda yüzlərlə insana konsert verəcək. Yaxşı, ya pis bir sənətçini də belə itirmiş olacıq. Cürəti olan onu dinləyəcək toplum formalaşmaması üçün şərait yaratmasın. Üzeyirin sənətinə qarşı qoyulan nədir bəs? Muğam? Muğam canımızdır, ciyərimizdir, bizi dünyada tanıdan dəyərdir, amma bütün günü də muğam olmaz axı. Bir neçə saat dinlədikdə istər istəməz insanda depressiv aura yaradır. Biz Vaqif Gərayzadənin “Neyləyək” mahnısını belə Cem Yılmazdan sonra tanıdıq.

Heç bir sənəti qadağan etməklə bir yerə varmaq olmaz. Ələxsus internet olan dövrdə. Sadəcə istər efirdə, istərsə də toplumda janrlararası balansı qorumaq lazımdır, vəssəlam. Mən internetdən tanıdığım çox peşəkar sənətçini efirdə görmədiyim üçün heyfslənirəm. Bir zamanlar SSRİ-də bir növ cazın vətəni olan ölkəyə cazı, “Yuxu”nu, “Ozan”ı, “Eksperiment OK”i və s. yetişdirən ölkəyə roku geri gətirmək lazımdır.

Bəzən “Azərbaycanda nə zaman janrlararası balans pozuldu” deyə düşünürəm... Deyəsən cehiz olaraq piano deyil, televizor verdikdən bəri.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar