Koloniyal əxlaq

Fərid Süleymanov

25-02-2017, 12:16 Oxunub: 413
İnsanlar yaradılış etibari ilə azaddırlar. Normal bir insan düşüncəsi azadlığa doğru can atır. Bu daim belə olub. Nəinki homo sapiens olan, hal-hazırki insanlar, hətta bütün canlılar azadlığa can atıb və atır. Bu təbiətin qanunudur.

Lakin biz insanlar digər canlılardan fərqiliyik, bizim ən önəmli fərqimiz ağlımızdır. Biz azadlığı dərk etməsək, bizim nə fərdi nə də ictimai olaraq azad olmamız mümkün deyil. İnsan azad olsa belə, azadlığının qiymətini ancaq itirəndə bilir. Lakin siyasət inkişaf etdikcə, köləlik yalnızca fiziki və zorla qəbul etdirilən bir vasitə olmaqdan çıxdı. Yeni bir şey ortaya çıxıb; “kölə zehniyyəti” yaxud “koloniyal əxlaq”. Artıq imperiyalar və dövlətlər köləliyi də bir düşüncə halına saldılar və bunu ələ geçirdikləri, öncədən zorla qəbul etdirdikləri xalqlara, sonralar daha mülayim bir şəkildə, mədəni və maddi olaraq təsir etməklə o xalqlarda “köləlik şuuru” yaratdılar. Köləliyin 1807-ci ildə ilk dəfə ABŞ-da və daha sonra isə bütün güc dövlətlərində qadağan olunduğuna baxmayaraq, kölə zehniyyəti yaşamağa davam edir.

Kölə zehniyyəti nədir?

Kölə zehniyyəti, kölə olarkən, təbəə olarkən, koloniya olarkən, maddi cəhətdən daha yaxşı şəkildə yaşayan xalqların “ağasına” aşiq olmasıdır. Burda söhbət təkcə bir ağadan getmir, bu cəmiyyətlər elə bir hala gəlir ki, hətta ağasız yaşaya bilmirlər, mütləq bir ağaya ehtiyac duyurlar. Onlar özləri özlərini idarə edə bilməyən bir balaca uşaq kimidirlər və mütləq “əllərindən” kiminsə tutmağına özlərini möhtac hiss edirlər. Qəribə olan başqa bir nüans da odur ki, koloniyal əxlaqda olan toplumlar qəti şəkildə özlərini bu hala salan, azad olduqda belə, özləri özlərini idarə etməkdən aciz halda buraxan səbəbləri axtarmırlar, onları ortadan qaldırmağı düşünmürlər, əksinə, daha da onları bu hala salan köhnə ağalarından yapışırlar, onlara pərəstiş edirlər. Koloniya olan bir yerdə xalq daim 2 şey haqda düşünür: yemək və can sağlığı. Əgər koloniya olan bir yerdə xalq bundan başqa şeylər də düşünürsə, demək ki, o toplum koloniya olmaqdan çıxıb.

Bu gün bütün post-sovet məkanında olduğu kimi, ölkəmizdə də koloniyal əxlaq hakimdir. Ölkəmizdə bunun olmasının səbəbləri çoxdur, lakin bugünkü koloniyal əxlaqın formalaşması böyük tarixi bir dövrü əhatə edir. Burada ən önəmli səbələrdən birisi Azərbaycan əhalisinin tarixdə, bütün dövrlərdə təbəə olmasıdır. Burda əsas olan şey imperiyaları kimin qurduğu deyil, imperiya içindəki toplumun hansı şəkildə formalaşmasıdır. Qacar dövrü daxil, İranda bir çox dövlət qurmuş Azərbaycan türkləri və Azərbaycan xalqı, İranda əsas yerlərə hakim olmasına baxmayaraq, yenədə təbəə olaraq qaldı. 1828-dəki Çar Rusiyasının işğalından sonra da bu dəyişmədi, şimaldakı Azərbaycan əhalisi Rusiya İmperiyasının, cənubdakı Azərbaycan imperiyası isə Qacarların təbəəsi oldu. Azərbaycan əhalisi 1828-də “təbəəlik” dəyişdirdikdə isə, Avropada Fransız İnqilabındaki vətəndaş ideyası bütün xalqlara təsir etmişdir. Milli şuur formalaşmağa başlamışdı. Azərbaycan o dövrün bütün müsbət təsirlərindən kənarda qaldı.

Nəhayət Çar Rusiyasına qarşı baş verən Bolşevik inqilabından sonra, Azərbaycan I Dünya Müharibəsinin də yaratdığı xaotik dövrdəki siyasi proseslər nəticəsində ilk dəfə olaraq müstəqillik elan etdi. Azərbaycanda ilk dəfə olaraq vətəndaşlıq, milli şuura yönəlik böyük axınlar başladı, lakin cümhuriyyətin çox qısa zamanda Sovet işğalına uğraması ucbatından, bu düşüncə axımları heç bir uğura nail olmamaqla birlikdə Sovetlər tərəfindən çox qəddarca yox edildi. Belə olduqda, nəhayət ilk dəfə Sovetlər birliyi içərisində uzunmüddətli vətəndaşlıq anlayışı başladı. Lakin bu vətəndaşlıq anlayışı, milli şuura bağlanmadığı üçün bu vətəndaşlıq anlayışı xalq olaraq bizə çox mənfi təsir etdi. Sanki bütün xalqın zehnində vətəndaş anlayışını fərqli bir formaya saldı. Bir növ modern koloniyal əxlaqın əsas təməllərini atdı. Bu təməllər bu gün də bizi inkişaf etməyə qoymur və bu təməllər bu gün də ölkədə bir çox yaşlı nəslin nümayəndələri ilə nəsildən nəslə ötürülür və yaşadılır.

Azərbaycan 1991-ci ildə, təkrar siyasi səbəblərdən azadlığını qazandı. Burda ən böyük səbəb Soyuq Müharibə idi ki, bunun sonunda Şərq bloku çökdü və Azərbaycan da bu çöküşdən müstəqil bir dövlət olaraq ayrıldı. Fəqət bu müstəqillik koloniyal əxlaqı yox etmədi, Azərbaycan yuxarıda da qeyd etdiyim kimi, ”əllərindən” tutulmağa möhtac bir uşaq oldu. Əhalinin maddi durumu, məhz onları işğal edən Rusiyanın təsiri ilə ağırlaşdırıldıqca, köhnə Sovet düşüncəli “yaşlı hörümçəklər” durumu daha da qəlizləşdirdikcə, sırf maddi səbəblərdən ötrü “Sovet məhəbbəti” əhali içərisində günü-gündən artdı. Üstəlik Qarabağ savaşında aldığı məğlubiyyət nəticəsində Azərbaycan xalqı böyük bir depressiyaya düşdü. Bu gün ölkədə 3 cür koloniyal əxlaqa mənsub insan var. Birincilər məhz Sovetin geri gəlməsini istəyən, xüsusən Sovet dövründə yaxşı yaşamış valideynlərinin təsiri ilə “bala, rusun vaxtında hər şey yaxşı idi” deyə çox vaxt rusiyaçı olanlar və bu düşüncəyə bağlanıb, ”Yeni Sovet” xəyalları quranlar, ikincilər nə Azərbaycanın azadlığı, nə də Rusiya ilə maraqlanırlar. Onların bir yaşayış devizi var: “Bala, başını sal aşağı, pulunu qazan” prinsipini qəbul edib və yalnızca öz hallarında yaşayanlar, üçüncülər isə demokratik və liberal olarak gəzinib “bu ölkədən qaçmaq lazımdır” deyə düşünən və hər addımda bu haqda bir şey etmək istəyənlərdir.

Koloniyal əxlaqda olan bu qruplar toplum arasında böyük “depressiyaya” səbəb olurlar.

Onlar ya çox şeyin fərqində olmayan Sovet zehniyyətli idarəçilərin bədbəxt etdiyi ölkədə, bunun əsl səbəbinin Sovet olduğunu unudan sadəlöhv insanlardır, ya da tam bilinçli vətən xainləridir. Onlar ya sakitlik arzulayan və bunun üçün çalışmaq istəməyən kütlələrdir ya da vətəni və xalqı vecinə almayanlar. Koloniyal düşüncəli bu qrupların hamısı böyük təəsüf və kədər doğurur, ancaq onlar arasında ən təhlükəliləri isə yeni nəsil arasından çıxan, əsasən sırf fərdiyyətçi olan, qərbin təməl prisip və yaxşı yaşayışına bihuş olan, çox vaxt liberalizmi və hər şeyi səthi olaraq anlayan, ancaq özünü düşünən, bir qədər egoist olan, daim ölkədən qaçmaq xəyalı quran “marafonçulardır”. Yeni nəsil arasından çıxan bu fərdiyyətçilərin qətiyyən öz ölkələrini düzəltmək kimi bir fikri yoxdur. Onlar sadəcə çıxıb getmək və sırf özləri üçün yaxşı həyat yaşamaq istəyir, onlar Avropa və ABŞ-dakı dövlət sistemlərinə, hüququn gücünə, söz azadlığına, insan haqlarına həsəd aparır. Lakin bunun bizdə də olması gərəktiyini düşünmürlər. Fərdiyyətçilik önəmsiz deyil, ancaq bu gün bizim öncəliyimiz bu olmalı deyil. Bunu anlamaq təəssüf ki, onlar üçün çox çətindir.

Koloniyal əxlaq bir toplumda illər ərzində kök salır. Elə onu sökmək də bir o qədər çətindir. Koloniyal əxlaq, illərcə öz təsirini sürdürür. O bir neçə nəsil davam edə bilir. Lakin şübhəsiz ki, illər sonra təsiri itir. Koloniyal əxlaqı sökmək üçün ən qısa yol, təbəə yaxud kölə psixologiyasındakı bir toplumun məcburi şəkildə təşkilatlanaraq böyük bir silahlı qarşıdurma ilə ya yeni dövlət qurması ya da əlindəki var olan dövləti yeniləməsidir. Dünyada 2 cür dövlətlər var: Bunlardan ilki siyasi proseslər nəticəsində yaranmış dövlətlərdir, hansı ki, Azərbaycan da buna daxildir və belə dövlətlərdə koloniyal əxlaq daha güclü olur. İkincisi isə xalqın iradəsi ilə savaşaraq qurulan dövlətlərdir. Hansı ki, buna ən gözəl örnək kimi Türkiyə dövlətini və Türk Qurtuluş Savaşını misal göstərmək olar. Xalqın iradəsi ilə qurulan dövlətlərdə isə qul psixologiyası yox dərəcəsində olur. Buna səbəb ordakı xalqın savaşaraq öz azadlığını qazanması və azadlığın qədrini bilməsidir.

Koloniyal əxlaqı yox etmənin başqa bir yolu isə düşüncəvi yoldur. Hansı ki, xalq sistemli şəkildə illərcə bilgiləndirilir və xalqa böyük bilgi kütləsi yeridilir. Bu yol çox məşəqqətli bir yoldur və Azərbaycanda yalnızca çörək dərdində olan ac bir əhalinin bunu etməsi mümkünsüzdür.

Koloniyal əxlaqı bitirmənin başqa və daha uzun yolu isə nəslin tam dəyişməsini gözləməkdir, hansı ki, bu da uzun illər tələb edir. Azərbaycanın isə uzun müddət gözləməyə vaxtı yoxdur.

Antik Yunan filosofu və tragediyaçısı Evripid deyirdi ki, kölə düşüncəsini söyləyəməyəndir. Düşünün, düşüncələrinizi söyləyin, düşüncələrinizin arxasınca gedin, böyük amallar üçün savaşmaqdan qorxmayın. Daha gözəl bir gələcək, daha güclü bir gələcək üçün milli düşüncə ilə bir olun. Bir olun ki, hər kəs xilas olsun. Gələcək bizimdir, kölələrin yox!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar