Milli düşüncə və xilas yolu

Fərid Süleymanov

5-02-2017, 18:13 Oxunub: 521
Hal-hazırda güclü olan bütün dövlətlər, xoşbəxt yaşayan bütün xalqlar necə olub ki, bunu əldə ediblər? Heç bu haqda düşünmüsünüz? Əlbəttə ki, çoxunuz düşünməmisiniz. Əslində cavabı çox sadədir: Milli düşüncə və elm.

Kilsənin təzyiqi ilə sıxışıb qalmış Avropa, Fransız inqilabından sonra böyük bir ölçüdə milli düşüncəyə yönəldi. Cümhuriyyət dəyərləri, milli dəyərlər, milli dövlət düşüncəsi monarxik və dini dövlət modelini əzdi. Bununla da Avropada böyük bir yüksəliş başladı. Almaniya, İtaliya, Polşa, Macarıstan və sair bir çox dövlət quruldu. Hansı ki, o dövlətlər indi bizdən çox-çox irəlidədir.
Yaxşı, ümumiyyətlə milli düşüncə nədir? Çox uzun-uzun elmi və ideoloji terminlərə girmədən fikrimi çatdırmaq istəyirəm. Çünki xalqın anlaması üçün onun anlayacağı şəkildə danışmaq çox böyük bir şərtdir. Milli düşüncə sadə dillə izah etsək, bir dövlətin içində yaşayan bütün vətəndaşların heç bir fərq olmadan, yalnızca vətən, dövlət və xalqlarının mənfəətinə uyğun çalışmasıdır. Doğrudur, ölkədən ölkəyə milli düşüncə anlayışı fərqliliklər göstərib. Məsələn, ABŞ-da bu vətəndaş milliyətçiliyi şəklində olubsa, Almaniyada etnik millətçilik şəklində olub. Ancaq gəlin açıq danışaq. Bu gün Azərbaycanda əhalinin çoxusu türk olsa da, xeyli başqa etnik kimliyə aid olan insan da var. Bu gün vətənimizin güclənməsi üçün milli düşüncədən söz ediriksə, bu milli düşüncə ermənilər xaric Azərbaycandakı hər bir milləti əhatə etməlidir. Çünki onlar da bu vətəni bizimlə bölüşür, onların da bu vətəndə bizim qədər haqqı var.

Onları milli düşüncədən kənar görmək, çox böyük haqsızlıq olardı. Bu vətəndaşların arasında hər cürə insan ola bilər, fərqli ideologiyalara aid olan insanlar belə öz ideologiyası ilə öz xalqına və vətəninə xeyir verməyə çalışmalıdır. Hansı etnik mənsubiyyətə aid olur olsun, vətəni üçün,xalqı üçün çalışmalıdır. Onun mənfəətini heç kimə verməməlidir. Solçusu Rusiyaya, dindarı İrana, türkçüsü Türkiyəyə, liberalı Qərbə meyllənməməlidir. Hansı ideologiyanı daşıyırsa daşısın, o, bu ideologiyadan məhz Azərbaycanın inkişafı üçün istifadə etməlidir. Bu gün bizə lazım olan da məhz budur. Bu gün bizim üçün milli düşüncə də budur. Bu gün Azərbaycanda türkə, talışa, ləzgiyə, avara, udinə və geri qalan bütün insanlara lazım olan da budur. Azərbaycanı güclü, gözəl bir yerə çevirmək üçün xalqımıza bundan vacib heç bir şey ola bilməz.

Məhz xalqımız bunu dərk edəndə, milli düşüncəyə bağlananda, biz yüksələcəyik. Milli dövlət qurulanda isə orada tək önəmli şey xalq olacaq. Çünki dövlət özü insanlar üçün var. Ulus dövlətləri dönəmində isə dövlət maraqları yoxdur, yalnızca milli maraqlar var. Əgər bugünkü Azərbaycanda birlik yarada bilsək, onda bütün dünyada öz soydaşlarımız adına milli bir siyasət yürüdə bilərik.

Bunları etmək yalnızca xalqın əlindədir. Xalqın gücünü heç nə ilə qırmaq olmur. Tarix göstərib ki, xalqların azad iradəsinə və birliyinə qarşı heç bir güc tab gətirə bilməz. Bizim xalqımız da çox güclüdür, ancaq fərqində deyil. Gücümüzün fərqinə varmalıyıq. Əslində nələrə qadir ola biləcəyimizə bir baxmalıyıq. Əgər bir an olsa belə, düşmənlərimizin yaratdığı kütləvi depressiyadan çıxa bilsək, onda hər şey bir göz qırpımında həll olacaq. Bunu edə biləcək tək güc isə milli düşüncədə gizlidir.
Heç düşünmüsünüz mü?

Bu vətənin övladları nəyə görə daha gözəl yaşamamalıdır? Nəyə görə bu ölkə inkişaf etməməlidir? Nəyə görə bizim xalqımızın əzabları bitib tükənmək bilmir? Bu suallara isə tək bir cavab vermək olar - xalq birliyinin olmaması. Bu gün bizim etməyimiz lazım olan tək bir şey var, o da ki, övladlarımızın gələcəyi, daha gözəl bir həyat, vətənin xilası üçün milli düşüncə ilə tək bir yumruq olmaq. Biz bu gün buna məcburuq. Bizim başqa yolumuz yoxdur…
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar