Bir dostun dilindən

Xəyalə Vahabzadə

4-01-2017, 16:50 Oxunub: 621
2016-cı il... Bu il başladığı gündən etibarən, həyatımda bir çox itkilər yaşadım. Hətta onu da deyim ki, elə bir gün olmurdu ki, xoş bir başlanğıcla başlasın. Ən böyük itkim isə mart ayında baş verdi. Təbii ki, xırdalıqlarına varıb, özümü acındırmaq fikrində deyiləm, sadəcə olaraq, həmişə belə davam edəcəkmiş kimi düşünürdüm o gündən bəri. Ta ki...

MFM-lə tanışlıq əslində heç gözləmədiyim bir anda baş verdi. Sinif yoldaşım Elvin Mahmudov hələ 2015-ci ilin sentyabrında mənə bu təşkilat barəsində məlumat vermişdi və boş zamanım olanda, daha ətraflı, daha detallı məlumat üçün görüşməmizi təklif etmişdi. Amma təəssüflər olsun ki, vaxtım olmurdu və hətta, düzünü deyim, zamanım olanda belə, "bu təşkilat yetərincə tanınmır. Ətrafımda olan heç bir kəsdən, Elvin xaric, onun mövcudluğu barədə eşitməmişəm. Belə olduğu halda, ora getməyim mənə nə verə bilər ki?" deyərək, bəhanələrə sığınıb, görüşdən imtina edirdim.

Təsadüfən 2016-cı ilin may ayında MFM-in ofisinə getməli oldum. Daha doğrusu, sinif yoldaşımla, tamam ayrı mövzu barədə danışmaq üçün... Necə oldusa, qapıdan içəri daxil olmağım, təşkilat üzvləri ilə idarə heyətinin müzakirəsinə təsadüf etdi. Sağ olsunlar, ilk andan etibarən, qayğıyla yanaşdılar və mənə əyləşməyimi təklif etdilər. MFM-nin sədri Şəhriyar Məcidzadəni də elə həmin gün tanımış oldum. Qəribədir elə deyilmi? Gedən kimi ilk tanışlıq... Elə o andaca özümə sual verdim ki, axı bir qurum rəhbəri üzvlərlə niyə bu qədər rahat ortam yaratsın ki? Axı bizim gördüyümüz əksər rəhbərlər adətən, qaş-qabaqlı, məsafəli və titulpərəst olurlar.

MFM və Şəhriyar bəy. Bilirsən, MFM də digər təşkilatlar kimi adi bir, sıradan təşkilat ola bilərdi. Ya da mən ilk gördüyüm andan etibarən müsbət reaksiya verib, qərarımı elə o andaca verə bilərdim, necə ki, digər təşkilatların sunduqları gözqamaşdıran, şərait və adlı-sanlı təkliflərini bir andaca qiymətləndirməyin mümkün olması kimi.

Mən heç də, ilk dəfədən deməzdim ki, seçimimi MFM-dən yana etmişdim. Xeyr. Çünki, ilk olduğum müzakirədən, qarşılıqlı söhbətdən məcburiyyət hissi yox, seçim duyğusu hiss etdim və bu məni düşünməyə vadar etdi. MFM-i seçməyimin ilk səbəbi seçim haqqının verilməsi olsa da, əsas səbəb Şəhriyar Məcidzadə oldu. Bəli, məhz o. Hansı ki, ilk başda onu qəbul etmək mənə görə çətin idi, inanc problemi yaşayırdım. Amma əgər bir insan səndə neqativ doğurursa, ya sən onu görməzdən gəlməlisən, ya da gördükcə aydınlaşdırmağa, öyrənməyə çalışmalısan. Mənsə ikincini seçdim. Bu seçimim aylar sonra, sentyabr ayında qətiləşdi. Bir daha anladım ki, mənim və mənim kimi digər şəxslərin fikirlərinə həm xitab, həm də bu fikirləri bizim adımızdan özlüyündə daşıya bilən insan odur.

Nəyə görə vurğulayıb danışıram? Çünki bayaq da dediyim kimi, hər hansısa bir quruma, təşkilata üzv olmaq, parlayan fikirləri, şirnikləndirən ideyaları qəbul etmək an məsələsidir. Amma hansısa bir amala, məqsədə xidmət etmək və yalnız özünün deyil, bütün gəncliyin adından danışma gücünə sahib olmaq üçün güvənə biləcəyin ailən və rəhbərin olmalıdır. Mənsə bunları Şəhriyar Məcidzadədə gördüm.

MFM-in o zaman üçün kiçik, amma indi soruşsanız, böyük bir ailənin sığışa biləcəyi ofisinə getməklə həyatımın təkcə ev və işdən ibarət olmadığının, əhatəmdə baş verən hadisələrə biganə qalmamağım lazım olduğunun, itkilərdən nəticə çıxarıb, qazandıqlarımın dəyərini anlamağımın, daxilimdə əriyib getməkdə olan vətən, millət, dövlət sevgisinin bərpa olmasının, gəncliyə güvənib, bu yolda bərabər addımlamağın, bir olmağın fərqinə vardım.

MFM mənə Cavidi, Kamranı, Sadiqi, Qəməri, Amalyanı, Mələyi və digər adını çəkmədiyim həm dostlar, həm də mübarizə yoldaşlarımı qazandırdı. MFM mənə, əsl gücün, əsl sevginin, möhkəm iradənin, sayımızın hələki az olmasına baxmayaraq, böyük birliyin mövcudluğunu aşıladı. Bilirsən, elə sözlər var ki, onları birləşdirib, MFM-i ifadə edə biləcək cümlələri qurmaqda çətinlik çəkirəm. Çünki keçirdiyim hislər sonsuzdur, bitib tükənmir.

Son olaraq demək istəyirəm ki, mən, MFM-i tanımağıma heç peşman olmadım. Bütün bunları MFM-in üzvü kimi deyil, DOSTU kimi deyirəm. Bir dost olaraq, özümü çox güclü hiss edirəm. Bu gücün digər gənclərin də hiss etməsini və onların da seçim imkanının mövcudluğunu anlamalarını istəyirəm! Bir olmağımızı diləyirəm. Dost, biz hamımız bir olanda Azərbaycan oluruq!

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar