"Kitabıstan mağazası açaq" kampaniyasına niyə qoşuldum

Zaur Qəhrəmanlı

21-06-2019, 00:39 Oxunub: 342
1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı qan laxtasından yaratdı.
3. Oxu! Sənin Rəbbin ən üstün səxavətə malikdir.

Allah sonuncu peyğəmbərinə nazil etdiyi vəhyin (Quran) ilk 3 surəsində iki dəfə “oxu” əmrini təkrarlaması bu əmrin müsəlman həyatında nə qədər önəmli olduğunun bariz nümunəsidir. Təbii ki, burada oxu kəlməsi təkcə Quran kitabının oxunması barəsində deyil. Çünki cəmi 5 ayə nazil olduğu bir vaxtda Quranın kitab halında olmasından söhbət belə gedə bilməz. Deməli, Allah bizə oxunması mümkün və bizi əhatə edən, həyatımıza birbaşa təsirin olan hər bir şeyi oxumağı əmr edir. Bu oxumanın önündə əngəl olan hər bir şeyi aradan qaldırmaq özünü müsəlman sayan hər bir kəsin borcudur. Oxumağa əngəl olmaq dolayısı ilə Allahın ayətlərini ört-basdır etmək, onun əmrinin icrasına əngəl olmaqdır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkəmizdə vəziyyətə baxaq. Oxuma üçün bir nömrəli vasitə olan kitaba əl atsan qiyməti əlini, keyfiyyəti isə ürəyini yandıracaq. Bəs buna səbəb nədir?

Məlum məsələdir, Azərbaycanda öz reklamına külli miqdarda pul xərcləyib kitab bazarını əlinə almağı bacaran bir neçə mağazalar şəbəkəsi var ki, kitab monopoliyası yaradıblar. Bu dükanlarda yazarın və ya tərcüməçinin kitabını satmaq üçün kitabın satış qiymətinin 40 faizi tələb edilir. Nəzərə alsaq ki, kitabı ərsəyə gətirən insana düşən 60 faiz payın daxilində həmin kitabın redaktə, dizayn, korrektə, çap və s. xərcləri var. Onda kitabı ərsəyə gətirən insana zəhmətdən, vaxt itkisindən və maddi ziyandan başqa nə qalır? Qazanan tərəf isə yazar və tərcüməçinin əməyini istimsmar edən monopolistlərdir. Quranın Həşr surəsinin 7-ci ayəsində mal və mülkün bir zənginin cibindən başqa bir zənginin cibinə getməsi qadağan edilir. İndi  ey özünə müsəlman deyən bacı və qardaşım, bu ayəni niyə görməzdən gəlirsən? Kitab monopoliyasına son qoymağın üçün sənə yaradılan fürsətdən (Kitabıstana mağaza aç) lazımınca yararlan. İndi isə gələk haqqı zay edilmiş, ayaqlar altında tapdalanmış yazar və tərcüməçilərə. Quran tək düşmənin zülm olduğunu deyir. Bugünki vəziyyətdə də zülmə məruz qalan yazar və tərcüməçini kim müdafiə etməlidir? Kənardan durub zülmü seyr edənlə o zülmü edənin arasındakı fərq nədir? Cəmi bir fərq var. Biri qorxaq zalımdır, digəri isə yox.

Kitab satışı üçün ən uyğun məkan olan kitab mağazaları öz zalımlıqlarından əl çəkmir. Bəs bu zülmlə razılaşmaq istəməyən yazar öz kitabını harada satmalıdır? Bazarda kartof rəfində, çayxanada domino masasında, yoxsa leqal qumarxana olan Topaz məkanlarında? Təbii ki, şərtlər qane etməsə də yazarın yeganə çıxış yolu kitab mağazası ilə razılaşmaqdır. Kimsə düşünməsin ki, bu ticarətdir, hər bir kitab mağazasının öz iqtisadi maraqları var. Və bu ticarət qarşılıqlı razılıq əsasında olduğu üçün burada zülm yoxdur. Quran Nisa surəsinin 29-cu ayəsində bildirir: “Biri-birinizin mallarını haqsızlıq ilə yeməyin, hətta qarşılıqlı razılıq əsasında olsa belə”. Gördüyümüz kimi, qarşılıqlı razılıq olsa belə bu ticarətdə zülm vardır. Odur ki, buna son qoymaq lazımdır.

Məsələyə bir də vətəndaş mövqeyindən baxaq. Əgər sənin ölkəndə bir kitabın satışından onu satan o kitabı ərsəyə gətirəndən çox qazanırsa, başın sağ olsun. Sən bir alverçi ölkəsinin vətəndaşısan. Belə olduğu müddətdə hər kəs alçerçiliyə meyl edəcək. Alverçi zehniyyətlə düşünən insan hər məsələdə yalnız öz mənfəətini güdəcək. Buna görə də bir gün ləyaqət, vicdan, əqidə və s. ilə mənfəət arasında seçim qarşısında qaldıqda mənfəəti seçəcək. Mən bir vətəndaş kimi alverçi zehniyyətin aydın və fikir adamına qalib gəlməməsi və gələcək nəsillərin alverçi zehniyyətə meyilli olmaması üçün bu kampaniyaya qoşuluram.

Bəs sən?                  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar