Alyaska qurbağası (Donmuş ruhlar)

Zaur Qəhrəmanlı

6-12-2018, 21:18 Oxunub: 126
Alyaska qurbağaları qışda soyuqdan donub ölməmək üçün özünü donduraraq bütün qışı donmuş şəkildə  keçirir. Soyuq olduğu zaman daxili orqanlarında olan suyu xarici səthə (dərisinə) bərabər paylayır və bunun nəticəsində daxili orqanları donmağa başlayır.

Qurbağa donarkən bədənin üzərində şəkər təbəqəsi yaranır. Qurbağanın qan şəkəri bütün bədən səthinə yayılır. Belə olduqda bədəndəki hüceyrələr tam qalır. Bunun nəticəsində Alyaska qurbağasının bədəninin dağılmasına imkan vermir.

Bahar gəldikdə, günəşin şüaları torpağa dəydiyi zaman qurbağa bir gün, ya da 10 saat ərzində qış yuxusundan oyanır, donu açılmış qurbağa həyatına qaldığı yerdən davam edir.

Bu yazını yazmaqda məqsədim Allahın bu qeyri-adi canlısı ilə insan ruhunun (vicdan, şüur, dərrakə və s.) oxşarlığından danışmaqdır. Necə ki, qurbağanın bədəni özünü soyuqdan məhv olmaqdan qorumaq, münbit şəraitdə olduqda isə varlığın davam etdirmək üçün müəyyən müddətlik donmağı özünə rəva bilir, insan ruhu da da pislik, cəhalət, ədavət, zülüm və s. ilə əhatə olunarkən tam məhv olmaması üçün özünü yatmış, donmuş bir hala salır.

Hər kəsin insanlıq missiyasıdır donmuş ruhunu xilas edib ona can versin. Əgər etməsə o qurbağadan da alçaq bir varlığa çevriləcək. Təbiət özü Alyaska qurbağasının donunun açılmasına münbit şərait yaradır. Bəs donmuş ruhların buzunu necə əritmək lazımdır? Necə xilas olunmalıdır insan ruhu? Necə can verilməlidir donmuş ruha?

Ruhun xilası ikimərhələli olmalıdır. Birinci mərhələdə ruhun donmasına səbəb olan amilləri müəyyən etməli və bu amillərdən uzaqlaşmalı. İkinci mərhələdə isə insan öz ruhunun buzunu əridəcək əməllərə sarılmalı.

Hər iki mərhələ vacibdir. Ruhun buzlarını əritmək üçün hər iki mərhələni keçmək lazımdır. Günəş şüaları necə donmuş qurbağaya can verirsə Allahın nuru da (hikmət, elm, mərhəmət və s.) donmuş ruhlara can verir. Ancaq Allahın nurunu yalnız ruhu şəffaf olanlar qəbul edə bilər. Ruhun şəffaflığı isə insanın öz vicdanı və düşüncələri səmimi, dürüs ola bilməkdir. Ruhunun yaxşılıqlarına yaxşı pisliklərinə pis deyəcək qədər şəffaf olanlardır Allah nuru ilə aydınlananlar. Bəzən düşmən ordusu ilə üzləşməkdən çəkinməyən, minlərlə döyüşçüyə qarşı şərəflə dayanmağa cürəti olanlar belə öz ruhu ilə üzləşməkdən qorxur.

“Ən güclü pəhləvan öz nəfsi ilə mübarizədə qalib gələndir”. - (Məhəmməd Peyğəmbər)

Ən cəsarətli döyüşçü isə öz ruhu ilə üzləşə biləndir. Yalnız ən cəsur olan insanların ruhu səffaf ola bilər. Bəs sizin necə buna cəsarətiniz çatır? Əgər çatmırsa sizin o donmuş qurbağadan fərqiniz nədir?

Yalnız unutmayaq Allah nurunu almaqla da iş bitməz. Əsl məsələ o nuru daima parlaq  saxlayıb, öz əməllərin ilə  cəmiyyətin qaranlıqlarını İlahi nur ilə işiqlandıra bilməkdir.Yuxarıda qeyt etdiyim kimi ruh ölümsüzdür. Cəmiyyətin heç bir üzvünün bir daha ruhuna qovuşmayacağından ümidsüz olmamalıyıq. Aydınların vəzifəsi onlar üçün günəş olmaq, ruhlarının buzunu əritməkdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar