Ruhun dəyişkənliyi

Zaur Qəhrəmanlı

15-05-2018, 00:07 Oxunub: 907
Allah insanı niyə dəyişkən yaratdı? Heç düşünmüsünüzmü ki, bizi əhatə edən hər şey müəyyən bir nizamda olduğu halda ancaq biz insanlar ruhən dəyişkənik? Niyə?

Çünki insan düşünə bilən tək varlıqdır. Bizi dəyişkənliyə vadar edən səbəb düşüncələrimizdir. Hər gün deyil, hər an dəyişilirik. Elə bizi biz edən dəyişilmək bacarığımızdır. Dəyişə bilmə qüdrəti Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdəndir. Əgər insan dəyişilmə qüdrətindən məhrum olsaydı bir dəfə qədəm qoyduğu yanlış yoldan qayıda bilməzdi. Dəyişilmə qüdrəti həm də yeni şans və yeni fürsətlərə açılan qapıdır. Düşüncə və iradə isə həyatımızda baş verəcək dəyişikləri doğru, xeyirli səmtə çevirməyimiz üçün Allahın bizə verdiyi ən gözəl vasitədir.

İnsan ruhu dəyişimə möhtacdır. Necə ki, ilan dərisini dəyişməsə, köhnə dəri onu öldürər, insan da düşüncələrini yeniləyib dəyişməzsə, öz köhnə fikirlərinin daralması onun ruhunu sıxışdırıb öldürər. Dəyişim vacibdir. Ancaq hər dəyişiklik xeyirli demək deyil. Kimini ruhunu zirvələrə, səmalara yüksəltdi, kiminisə ən dərin batağlığın dibinə sürüklədi, kiminə şəxsiyyət qazandırdı, kiminin şəxsiyyətin əlindən aldı bu dəyişikliklər.

İnsanın dəyişkənliyi fəlsəfə və dinlərin də geniş müzakirə obyektidir. XIX əsrin ən görkəmli filosoflarından olan F.Nitsşe deyirdi ki, insan heyvan ilə fövqəlinsan arasında yer alıb. Daha geniş desək heyvan ilə fövqəlinsan arasında dayanan insan gərək irəliləyərək mükəmməl bir dəyişimə imza atıb fövqəlinsana çevrilsin. F.Nitşeye görə bu, dəyişimin ən son həddidir.

İslam dini də dəyişikliyə böyük önəm verir. Daim insanı xeyrə doğru dəyişib inkşaf etməsinə təşviq edir. Məgər peyğəmbərlərin göndərilməsinin insanları xeyrə doğru yönəlməkdən başqa bir hədəfi var? Allahın peyğəmbərə ilk əmrinin “Oxu” olması da bunun bariz sübutudur.

“Oxu ey Məhəmməd, bütün doğru və yalnışları oxu. İnsanları yaxşılıqlara tərəf dəyişməyə dəvət et! Qoy insanlar dəyişsinlər. Dünən bəyəndikləri pislikləri bəyənməsinlər, ondan çəkinib uzaq olsunlar. Oxu ki, onlar da dünən bəyənməyib, sevmədikləri haqqı artıq sevsinlər. Sevərək dəyişib gözəlləşsinlər”.

Allahın Rəsulu Məhəmməd peyğəmbər insanı iradəsi olmayan, yalnız nəfsinə tabe olan heyvan ilə yenə də iradəsi olmadan yalnız ülvü hisslərə malik mələk (burada mələk bir sifətdir) arasında qərar tutduğunu söyləyir.

İnsan öz iradəsi ilə dəyişərək nəfsinə tabe olub heyvandan da alçaq; yaxud tam əksinə ülvi hisslərini əsas tutub mələklərdən də üstün ola biləcək qədər dəyişkən varlıqdır. F.Nitşedən fərqli olaraq Məhəmməd peyğəmbər insanın dəyişikliyinə son hədd tanımır. Bir müsəlman nura bələnmiş olsa da, öz bələyini dəyişib daha nurlu libas ilə zinətlənməlidir. Nur içindən daha parlaq nur doğulmalıdır. Rəbbimizə yüksələn yol sonsuz olduğu üçün yenidən doğuluş da sonsuz olmalıdır. Müsəlman ömrünün son anına qədər dəyişərək daha kamil insan olmalıdır. Səbəbsiz deyil ki, peyğəmbərimiz iki gün eyni qalan, dəyişməyən insanın ziyan etmiş olduğunu söyləyir.

Dəyişə bilmək qüdrəti Allahın bu dünyada qərar verdiyi ən mükəmməl sistemlərdəndir. Dəyişimə qarşı gəlməyin. Bu, onsuz da mümkün deyil. Əksinə, xeyrə doğru dəyişikliyə hazır olub, ona doğru can atın.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar