Aydınlanma prosesinin gecikməsi

Zaur Qəhrəmanlı

29-08-2017, 13:09 Oxunub: 582
Uzun müddət idi ki, Azərbaycan aydınlarının niyə uğursuz olduğu və ölkəmizdə aydınlanma prosesinin niyə bu qədər gecikdiyi barəsində düşünürdüm. Bu yazımda gəldiyim nəticələri sizinlə bölüşməyə çalışacağam.

Bir aydının rolu cəmiyyət üzərinə çökən qaranlıqları işıqlandıraraq onun yolunu aydınlatmaqdır. Əfsuslar olsun ki, Azərbaycanımızda özünü aydın adlandıranların əksəriyəti nəinki qaranlığa işıq saçmırlar, əksinə cəmiyyətimizdə güc ilə alışmaqda olan çıraqları belə üfləyərək söndürməklə məşğuldurlar. Əksər aydınların səhvi özünü xüsusi sinif olaraq görmələridir. Onlar özlərini sıravi insanlardan üstün sayıb onlara qaynayıb-qarışmırlar. Əslində isə aydın şəkər kimi olmalıdır. Toplum isə saf suya bənzəyir. Suya qatılan aydınlar şəkər kimi bu suda həll olunub, öz şirinliyini suyun hər damlasında hiss etdirməlidir. Yox, əgər bunu bacara bilməsələr, real həyatdan uzaqlaşacaq, sonra isə yad birinə çevriləcəklər.

Yad birinin sözləri nə qədər həqiqətlə dolu olsa da yalan kimi qəbul edilər. Elə bu səbəbdəndir ki, cəmiyyət öz aydınlarını qəbul etmir. Axı belə aydını kim qəbul edər?

Beləliklə, onlar cəmiyyətlə özləri arasında uzandıqca-uzanan körpü yaradacaqlar. Sonda cəmiyyət iki hissəyə bölünəcək. Bu hissələrdən biri aydınlar (hansi ki, real həyatdan kənar qalıb), digəri isə mühafizəkarlar, hansı ki, özlərində olan yaxşı və pis hər nə varsa bu aydınlardan qorumağa çalışacaqlar.

Mən bu cür aydınlara “tərcümə aydınları” deyirəm. Səbəb isə onların öz toplumunu araşdırmadan, başqa zaman və məkanda yazılmış olan kitabların tərcüməsindən bəhrələnmələridir. Onların birtərəfli yanaşmaları topluma xeyir əvəzinə ziyan gətirir.

“Tərcümə aydınlarının” ən böyük səhvlərindən biri onların dini tənqidlərdir. Yox, mən dinin yanlışlarını tənqid etmək olmaz demirəm. Əksinə dini tənqid olmalıdır, bəlkə də vacibdir. Amma bu tənqid necə olmalıdır?

Məsələnin ən həssas yeri elə burasındadır. “Tərcümə aydınları” əksərən dini tənqid edərkən Qərbdə yazılan kitablardakı fikirlərdən Azərbaycan toplumunda olan İslam dininə qarşı istifadə etmələridir. Ancaq onlar anlamırlar ki, Qərb aydınları tənqid etdiyi xristianlıq toplumumuzdakı İslam ilə tam ziddir. Ən sadə misal olaraq onu deyim ki, Qərb aydınları Allah dedikdə İsa peyğəmbəri nəzərdə tuturdular. İslam dinində İsa peyğəmbər insan, Allah isə bütün insani sifətlərdən üstün vəsf edilir. Allahın özünü belə bu qədər fərqli vəsf edən iki dinin digər məsələlərdə necə fərqli baxış sərgilədiyini özünüz fikirləşin.

Azərbaycan insanlarının böyük əksəriyyəti əsrlər boyu İslam dini inancına sahib olub. Tariximizin ən şərəfli dövrü olan Səfəvilər İmperiasının da dini İslam dini olub. Şah İsmayıl 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri İslam dini ilə vahid dövlətdə birləşdirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş bayrağımızda olan yaşıl rəng İslam sivilizasiyasına, İslam dininə mənsubluğumuzu ifadə edir. Bu misalları artırmaq da olar. Belə cəmiyyətdə bir aydın özünün dini inancı olmamağı bir tərəfə, toplumun inancını təhqir etməsi cəmiyyətdə sıravi vətəndaşlar ilə aydınlar arasında sonu görünməyən uçurum yaradır. Son nəticə olaraq aydınlanma prosesi tezləşmək əvəzinə daha da ləngiyir.

Eyni problemlər digər sahələrdə də yaşanılır. Biz öz toplumumuzu tanımadıqca bu problemlər aradan qalxmayacaq. Necə deyərlər, dünyanı dəyişmək istəyirsənsə birinci özündən başla.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar