Sufilik

Zaur Qəhrəmanlı

10-06-2017, 12:37 Oxunub: 1099
Sufilik - çoxluqdan vəhdətə, hadisədən qanuna tərəf metafizik uçuş üçün çox incə qanadları olan, məntiq təsirindən uzaq ezoterik dini cərəyandır. Tanrıya çatacaq qədər uzanacaq bir yolu var. O həddə qədər ki, onlar heyvanların səsində, ağac yarpaqlarının xışıltısında, küləyin səsində və s. Tanrının birlik səsini eşitsinlər. Bu məqama çatdıqda “Tanrı” və “mən” deyil, yalnız bir varıq olurlar- biz. Sevgilim nədirsə, mən oyam, o da mənəm. Bir sufinin “həqiqət mənəm” demə səbəbi məhz budur. Sufilər həqiqətin bir güzgü olduğunu, onların isə o güzgüyə baxan olduqlarına inanırlar.

İslamda sufilik fərqli köklərə malikdir. Bunlar Hindistan yoxsullarının inzivası (dünya ilə bütün əlaqəni kəsib, Tanrıya çatmaq üçün insanın öz daxilinə qapanması), Misir və suriyalıların islama qədərki tanrını tanımaq üslubu, neo-platonistlərin fəlsəfəsi və xristianlıqda olan inziva.

Hərəkat olaraq sufiliyin təməli 529-cu ildə İrana qaçan neo-platonist olan Roma filosofları tərəfindən qoyulub. Başlanğıcda "tasavvufçular" adlanan bu cərəyan "sufilik" adını müsəlmanlar tərəfindən alıblar. Buna səbəb onların əksəriyyətinin geydikləri yun geyim olub. Ərəblər yuna suf dedikləri üçün bunu geyinənlərə də sufi deməyə başladılar. İslamın sufilikdə qoyduğu tək təsir bu deyil. Müsəlman sufilər tasavvufu yalnız Quran çərçivəsində qəbul edirlər. Müsəlman sufiləri digər inanclarda olan sufilərdən fərqli olaraq ailə qurur, sosial həyatda fəal olurlar. Onlara görə sosial həyat yaşayaraq bir an olsa belə Tanrını unutmamaq ən üstün ibadətdir. Çünki əsl aşiq öz məşuqunu bir an belə unutmaz. Sufilər bir başa Tanrıya sevgi bəslədikləri üçün ibadətlərində məqsəd cənnəti qazanmaq deyil, Tanrıya qovuşmaqdır...

Onların deyiminə görə, “hədiyyəni verən hədiyyədən üstündür...”

Onlar bütün maddi istəklərindən azad olub, Allaha gedən yolda insana maneə ola biləcək hər şeyi özlərinə haram bilirlər. Hətta öz mənəvi arzularından vaz keçirlər. Tanrıya çatmağın tək yolu insanın öz iç dünyası vasitəsilə olduğuna inanırlar. Onlara görə insanın içindən Tanrıya tərəf hərəkət etmək üçün qapılar açılır. Tanrı bu qapıları növbə ilə açır. İlk qapı peşmançılıq qapısıdır, ikinci qapı qane olmaq və hər başına gələni Tanrıdan gəldiyini qəbul etmək qapısı, daha sonra eşq qapısı və sonuncu qapı-birlik qapısıdır. Sonuncu qapıdan daxil olan hər şeyin bir olduğunu və bu birliyin Tanrı olduğunu dərk edər.

Həyatları intizamlı olan sufilərin əsas ibadətləri dua, təfəkkür, ustadına tam bağlılıqdır. Düzdür, bu ibadətdə ilkin mərhələ də bir vasitədir ki, Tanrıya çatasan. Tanrıya çatdıqdan sonra isə ibadət də onlara haram olur. Çünki Tanrıya çatdıqdan sonra Ona ibadət etmək, Onu özündən kənar bilməkdir.

Tanrıya qovuşan isə Tanrının bir parçası olduğu üçün özü-özünə ibadət edə bilməz...

Sufilər haqqında araşdırma apardıqca anladım ki, bizim onlardan öyrənəsi çox şeyimiz var. Bunlardan ən başlıcaları isə sevginin hər şeydən üstün olduğunu anlamaq, insan mənəviyyatını hər şeydən uca tutmalı olduğunu dərk etmək və qarşılıqsız sevməyi bacarmaqdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar