3 kitab

Zaur Qəhrəmanlı

10-04-2017, 20:07 Oxunub: 1287
Yaradan Rəbbinin adı ilə oxu! (Ələq 1)

Müsəlmanlar tərəfindən etinasız yanaşılan bu ayə, İslam peyğəmbərinə nazil olan ilk ayədir. Etinasızlıq ən böyük günahlardandır. Məhz bu etinasızlıq səbəb olub ki, müsəlman coğrafiyası gündən-günə geriləməkdə davam edir.

İslam mütəfəkkiri Əli Şəriəti bu etinasızlıq barəsində belə deyib: “Oxuyun, çünki mürəkkəbin axmadığı yerdə qan axar”. Həqiqətən də islam coğrafiyasında axıdılan qanlar, müsəlmanların axıtmadıqları mürəkkəblərin cəzasıdır. Axı insanın günahlarının çoxu etdikləri deyil, etmədikləridir. Bəs insan nəyi oxumalıdır?

Peyğəmbəri özünə örnək götürən bir müsəlman üçün ən məntiqli olan peyğəmbərin bu əmri necə yerinə yetirməsinə baxması və ondan ibrət almasıdır. “Oxu” əmrini alan peyğəmbər 3 kitab oxumuşdur. Bu 3 kitab quran, insan və kainatdır. Bəli, peyğəmbər tək quran oxumadı, insan və kainat kitablarını da öz dövrünə uyğun şəkildə oxudu. Çünki insan və kainat da quran kimi Allahın ayələri ilə dolu bir kitabdır.

Hansı tərəfə yönəlsəniz, Allah oradadır (Bəqərə 115)

Qurana bir kitab kimi baxan Rəbbimiz insan və kainata da bir kitab kimi baxır. Axı həm insan, həm də kainat Allahın ayələridir. Bir müsəlmanın önündə duran başlıca vəzifə hər üç kitabın ayələrini oxumaq və ona uyğun davranmaqdır. Bəs ayə nədir? Ərəb dilindən tərcümədə ayə işarə, iz, bildiriş, dəlil mənasını ifadə edir. Quran ayə sözünü möcüzə qarşılığında da istifadə edir. Ayə dəlil olan bir işarədir. Yəni bizi Allaha aparan təfəkkür yolu tək quran ayələri ilə deyil, həm insan, həm də kainat ayələri hərəkətə gətirilməlidir. Günümüzün öncül ölkələrinin inkişafı arxasında duran məhz bu kitablardan daha çox ibrət almalarıdır. İnsan başdan-başa bir ayələr toplusudur. İstər mənəvi (ruh) cəhətdən olsun, istər maddi.

İnsanın maddi vücudunu öyrənən anatomiya elmi vaistəsi ilə insanın necə möcüzəvi bir varlıq olduğunu və onun yaradılışındakı mükəmməl nizamı görürük. Rəsmin mükəmməlliyi isə rəssamın kamilliyinə sübutdur. İnsan anatomiyası düzgün öyənildiyi təqdirdə Allah ayələrini oxumuş oluruq, əks təqdirdə isə Allah ayələrinə etinasızlıq etmiş oluruq. Eyni sözləri kainat barəsində də demək olar. Kainatın xassələrini oxumaq, öyrənmək və ona uyğun hərəkət etmək də Allahın kitabını oxumaq deməkdir. Rifaha çatmağın tək yolu da elə budur. Çünki kainatı oxumasaq, onunla necə rəftar etməyi və ondan düzgün istifadə etməyi bacarmarıq. Və bu Allah ayələrini görməzdən gəlməkdi. Haqqında danışdığım iki kitab olan insan və kainatı düzgün oxumağı bacaran insan bu iki kitabla münasibətində quran kitabından istifadə etməlidir. İnsan və kainatı öyrənməyən üçün quran oxumaq nə fayda verər axı? Anlaşılan budur ki, tək quran ayələri deyil, hər üç kitabın ayələrini qəbul etməliyik.

Allahın ayələrini inkar etmək Allahı inkar etməkdir. Bu təqdirdə biz tək quranın inkarı ilə deyil, insan və kainat kitablarını da oxumasaq, dindən çıxmış olarıq. Qərb ölkələri insan və kainat kitabını bizdən daha yaxşı oxuduqları üçün iqtisadi və sosial cəhətdən daha rifah içində yaşayırlar. Amma bu o demək deyil ki, biz onları təqlid etməliyik. Əksinə bir müsəlman olaraq hər üç kitabı oxuyaraq onlara örnək olmalıyıq.
Şərhlər : 1 Şərh yaz
Sadiq 10 aprel 2017 21:08  

Tamami ile razıyam. Insan da kainat da kitabdı. Ever Allahabad yaratdığını qebul edirikse, demeli aye yeni delil olduqlarını inkar ede bilmerik

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar