Allahdan başqa ilah yoxdur

Zaur Qəhrəmanlı

21-12-2016, 20:12 Oxunub: 954
Tövhid olaraq bilinən bu kəlmə İslamın ən təməl şüarlarındandır. Məhz bu səbəbdən Məhəmməd peyğəmbərin insanlara ilk çağırışı bu olmuş və sonadək ən aktual olan mövzu olaraq qalmışdır. Bu şüarın mənası nə deməkdir? Hərfi mənası “Allahdan başqa ibadətə laiq, məbud yoxdur” olan bu şüarı əksər insanlar Allahın bütlərə deyil də özünə ibadət etməyə çağırışı kimi anlayıblar. Əgər həqiqətən belədirsə “Allahın evi” adlanan Kəbə, Məkkə fəthindən sonra daxilində və xaricində olan bütün bütlərdən təmizləndikdən sonra bu şüara nə ehtiyac var idi? Halbuki, Quranda tam olaraq 140 dəfə təkrar edilən bu şüar daha geniş mənanı əhatə edir.

“La” inkar hissəciyi ilə başlayan bu şüar, Allahdan başqa bütün ilahları inkar edir. Yəni islam təsdiq ilə deyil, bütün digər ilahların inkarı ilə başlayır. Bəs Quranda nəzərdə tutulan və inkarı vacib olan bu ilahlar nələrdir?

Əmin ola bilərsiniz ki, bu ilahlar özünü insan kimliyindən üstün tutan şəxslərdən başqa bir şey deyil. Buna sübut kimi də Qəsəs və Nuh suralərinin ayələrini baxaq.

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm" (Qəsas 38).

Göründüyü kimi Firon özünün ilah olduğunu deyir. Bəs Misir xalqlarının ibadət etdiyi yarı insan, yarı heyvan bütləri qızıl buzov və ya digər bütlər nə idi? Onlar Fironun ilahlığının və hakimiyyətinin simvolları idi. Bəli, insanlar bütə, inəyə, dağa-daşa, heykələ ibadət edə bilər, amma bu bütlər də bir vasitədir. Bütlər hər zaman özünü insan kimliyindən üstün tutan şəxslər üçün bir vasitə olub. Günümüzdə də belə simvollar ilə ilahlıq etməyə çalışırlar və bəzən də buna nail olurlar. Əksər ölkələrin bayraqlarında simvollar var. Bəzi bayraqlarda olduğu kimi ay-para, üldüz, günəş, qartal, xaç və s. Bu o simvollardır ki, həmin torpaqlar üzərində mütləq hakimiyyət, üstünlüyünü və tək hakimiyyətini təmsil edir. Həmin simvollar bütə çevrilir və bu bütlər vasitəsi ilə vicdanın səsi boğulmuş insanlar üzərində ilahlıq edirlər. Ya da özünü İslam dövləti adlandıran terror təşkilatı ələ keçirərək viran qoyduğu hər kənd və şəhər üzərində “Allahdan başqa ilah yoxdur” yazılan qara bayraq sancır. Bu heç də onların allah sevgisindən irəli gəlmir. Əslində bu bayraq onların zəpt etdiyi ərazilərdə mütləq hakimiyyətini bildirir.

Allahdan başqa ilah yoxdur

Qeyd edilən fikirlərin daha yaxşı izahı üçün Nuh surəsinin 23-cü ayəsinə baxaq.

“Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

Əksər ərəbşünasların araşdırmalarına görə “Vədd” bütü, iri-yarı gövdəli bir kişi, “Suva” bir qadın şəklində idi. Bunlar bir ailənin qəbilə totemləri idi. Bu bütlər bu qəbilənin qurucularının heykəlləri idi. Sonrakı nəsillər qəbiləyə ilahlıq etmək üçün ata və analarının heykəllərini əllərində alətə çevirdilər, onları müqəddəsləşdirdikdən sonra bütləşdirdilər. Cahil insanlar bilmədən o bütlərə sitayiş edə bilər, amma onlar üzərində ilahlıq edən o bütləri düzəldib, onları müqəddəs kimi təqdim edənlərdir. Bunun misalı müasir dövrümüzdə də çoxdur, məsələn; bir zamanlar bütün sovet sosialist şəhər və rayonlarını bəzəməkdə olan Lenin, Engels, Stalin, Marks heykəlləri nəyə xidmət edirdi? Məgər insanları idarə edən heykəllərəmi ibadət edirdi? Xeyr, sadecə onlar büt kim istifadə edilirdi. Kommunist partiyası öz vətəndaşları üzərində ilahlıq edirdi.

Allahdan başqa ilah yoxdur

Bu gün bütün İslam coğrafiyası da uydurulmuş ilahların əsarətindədir. Əksəriyyətini hiyləgərlərdən təşkil olunan, özünə din alimi, molla, keşiş, papaz, ayətullah və ya şeyx adlarıyla özünü ziynətləndirən insanlar cammatın allaha olan sevgisindən istifadə edərək, onlar üzərində ilahlıq edir. Dini bir tək özlərinin anladıqlarını iddia edən bu insanlar özlərinin seçilmiş olduğunu və siravi insanlardan üstün olduqlarını irəli sürürlər. Halbuki, onlar da bizim kimi sadə insandan, hətta Məhəmməd peyğəmbər belə özünün bizim kimi bir insan olduğunu deyirdi.

De, “Mən də sizin kimi bir insanam” (Kəhf 110).

Belə olduğu halda kim özünü digərlərindən üstün sayarsa, ona tabe olmalı olduğunu iddia edərsə, demək ki ilahlıq iddiası etmişdir.

Burdan da belə bir sual yaranır ki, bəs onda niyə Məhəmməd peyğəmbər ona tabe olmağa çağırırdı? O damı ilahlıq iddiası edirdi? İlk baxışdan belə görünə bilər, amma diqqət yetirsək görərik ki, Məhəmməd peyğəmbər onun özünə deyil Allahın vəhy etdiyinə (Qurana), könüllü surətdə tabe olmağa dəvət edirdi. Deməli, insan şəxsə deyil, ilahi qanunlara tabe olmalıdır. İlahi qanunların əsasını isə ədalət, insaf, vicdan, mərhəmət və həddi aşanlara cəzadan ibarətdir. Xülasə, cəmiyyətdə ilahi ədaləti qanundan başqa heç nə təmin edə bilməz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar