Etatizm nədir? - II

Şəhriyar Məcidzadə

3-10-2017, 19:15 Oxunub: 1191
1 - Nəsillər arası savaş

Sovet imperiyasının Azərbaycanda bir neçə əsası mövcuddur. Ancaq ən böyük dayağı məhz yetişdirdiyi nəsildir. Bu nəsil bilərəkdən və ya bilməyərəkdən ilk öncə onu yetişdirənlərə bəd ayaqda isə başqa birinə - güc və imkanı olan istənilən dövlətə, istənilən ideyaya pul qarşılığında xidmət etməyə hazırdır. Bütün bəlalar da buradan gəlir.

Etatizmin əsas tezisi budur: "Nəsillər arası savaş"

Azərbaycana qarşı savaş açılıb və məqsəd dövlətimizin mövcudiyyətini, müstəqilliyini və olacaq istənilən idealı, istənilən ideyanı gözdən salmaqdır. Əgər biz bu gün öz ölkəmizdə özümüzü yad qonaq kimi hiss ediriksə, xaricə qaçmaq üçün fürsət axtarırıqsa, pul üzərində dayanan istənilən şəbəkəyə asanlıqla qoşulub sırf maddi gəlir üçün həmin ideyaları qəbul ediriksə demək ki, buna qismən nail olublar.

Diqqət etmisinizsə, bizim ölkəmizdə istənilən başqa mərkəzli ideyanı qəbul etmək məqbuldur. Məsələn, sırf məktəb, universitet açırlar deyə bir zamanlar nurçuları qəbul edib müdafiə edirdilər. Və ya vəhabilik - Azərbaycanda hansı köklü tarixə sahibdir ki, bizim insanımız bunu asanlıqla qəbul edir hətta ailəsini tərk edib Suriyaya gedirdi?
Niyə İran təmayüllü kimsə haqdan, ədalətdən danışanda biz buna inanırıq, amma özümüz danışanda inanmırıq?
Niyə "avrasiyaçılar" universitetlərimizdə müəllimlik edib ölkə gəncliyini bu təmayülə kökləyəndə mübah olur, amma etatistlər güclü Azərbaycan dövlətçiliyindən danışanda xülya? Biz Rusiyadan daha aqressivik?! Bax, işğalçılıq zehniyyətini daşıyan post-sovet nəsli budur.

Gənclik darmadağın edilib, hamısı bir-birinə qarşıdır. Ölkənin 60 faizi birləşmək yerinə bir-birinin ayağından çəkirsə, bir-birinə qarşı cinahda dayanıbsa deməli Sovet nəsli hələ bizim sıralarımızdan öz ixtiyarına aldığı gəncləri öz mənfəətləri üçün çalışdırmağa və istismar aparatını yaşatmağa davam edəcək.

Anlamalıyıq ki, onların sığındığı bütün dəyərlər saxtadır! Amma bu saxtalığı biz izah edəcəyik. Post-sovet nəslinin sütunları:
1. Milli mentalitet;
2. Uydurma folklor və atalar sözləri.

Azərbaycanın bir dəyər sistemi var idi. Bu dəyər sistemi Sovet İttifaqı zamanında dağıdılmağa çalışıldı, amma alınmadı. O, zaman bizim yaşayış tərzimizi alıb əvəzində bizə “milli” sözüylə bəzənmiş mentalitet soxuşdurdular.

Sovet sisteminin mahiyyəti bu idi: yalana inandırmaq istəyirsənsə, onun həqiqət payı olmalıdır. Bizim yaşayış tərzimiz var idi. Biz heç bir “milli mentalitet” sözü olmadan elə yaşayırdıq. Amma görün nə oldu!

Bu millətin dilində şəxs əvəzliyi yoxdur! Yəni qadınımız nədirsə, kişimizdə eyni dəyərə sahibdir. Bəs hardan gəldi qızların geyimi ilə məmləkətin gələcəyinin müzakirə olunmağı? Necə oldu ki, milli mübarizə belə primitivləşdi?!

"Milli mentalitetin" "mühafizləri" kimi yaşayanlardan soruşmaq lazımdır: bu xalqın dəyərləri içində rüşvət almaq, haqsızlıq edib başqasının haqqını yemək, saxta qərarlar vermək və öz gəncliyini mütiləşdirmək var idi? Onların əlində "milli mentalitet" mütiliyə qarşı olan, alternativ düşüncə tərzi olan hər şeyi inkar edib, "pisdir" deyib onu yenidən bizə yedirtməkdir.

Uydurma folklor və atalar sözləri ilə yetişdirdikləri nəsil bizə - Azərbaycan xalqının gələcəyinə belə davranır. Onlara uydurulmuş mentalitetlə yeritmişdilər ki, “ehtiyac qul edər qəhrəmanı da”; “danışmaq gümüşüdürsə, susmaq qızıldır”; “palaza bürün el ilə sürün”. Bax, indi bu "həqiqət"lərlə yetişənlər yenə milli mentalitetlə gələcəyimizi məhdud düşüncənin, şikəst eqoizmin, mənfəətçiliyin əsarətinə salmaq üçün fəaliyyətinə davam edir. Bu gün artıq xalq olaraq həqiqətimizi itirmişik, heç nəyə inana bilmirik. Yaratdığı hər şeyə şübhə edən bir toplum daha asanlıqla müstəmləkəçiliyə təslim olmurmu? Olur! Elə ona görə də bu gün öz dövlətimizi əzici görürük. Çünki ötən nəsil dövləti vasitəyə çevirib.

Bacarıqlı gənclər ölkəni niyə tərk edir? İntellektlər niyə işsizdilər? Niyə yaradıcı insanlar kasıbdılar?

Çünki bunun üstün də proses qurub, dövlətlə xalqın arasında böyük uçurum yaradıblar. Bizə tanınan tək çıxış ölkəni tərk etməkdir. Ona görə də ölkəmizin ən aydın beyinləri bu gün ölkəni tərk etdiyi halda geridə yalnız bu prosesə xidmət edənlər qalır. Biz codlaşırıq. Tarix bilməyən, dəyər tanımayan, məqsədi olmayan insanlar yetişdirilir. Diqqət edin, təhsilimizə ram edilmiş tələbələr, əzbərçilikdən başqa heç bir təhlil qabiliyyəti olmayan nəsil yetişdirilir. Əzbərləyib danışıb “əla” qiymət aldığı dərsin mahiyyətinə varmayanlar uğurlu mövqelərə çəkilir. Mühakimə yoxdur!

Bu işğaldır - işğala zəmin, işğala imkan yaratmaqdır. Ölkəmizin içində digər bir kəsim daha var. Onlardan da razı deyilik. Diqqət edib nəzərdən keçirsək, guya Qərb dəyərləri yaşayanlar silsiləsini görəcəyik. Amma bir təşkilat, bir sosial potensial yoxdur ki, qrantsız həmin bu Qərb dəyərlərini yaşadacaq qədər qətiyyətli və praqmatik olsun. Bu kəsim isə hədəfsizdir. Bütün uğursuzluqlarının hamısının günahını xalqda görən və elə həmin xalqın dəyərlərini təhqir edən düşüncə daşıyıcılarıdır. Əslində elə bu gənclərin də "möhtəşəm" "background"unu elə həmin kommunist nəsli yazır və Qərbə inteqrasiya prosesinidə özünün inhisarında saxlayır.

Milli Fikir Mərkəzi bu acı həqiqətlərin təhlilindən, zərurətdən yaranmış təşkilatdır. Çünki biz bu oyunlara uyub müxalfətlə iqtidarımızın bugünkü münasibətlərində yer alacağımız təqdirdə onlar: istilaçılar qalib gələcək.

Sovetlər Birliyinin prototipi olan yeni imperiya necə bərpa oluna bilər?

Elə bu gün ediliyi kimi. Bütün post-sovet ölkələrinə baxın, hamısın da beynəlxalq münasibətləri, beynəlxalq imicləri "it günündədir". Hamısı iqtisadiyyatını xammalın üzərində qurub. Baltikyanı dövlətlər xaric heç bir ölkədə nəzərə çarpacaq iqtisadi tərəqqi yoxdur. Olmamalıdır..! Olsa, model yaranır.

Gürcüstan bunu müəyyən dərəcədə etməyə çalışanda cəzalandırıldı - Abxaziya və Osetiyanı itirdi. Mesaj budur ki, "heç bir halda öz ayaqların üstündə durmamalısan".

İndi gələk öz reallığımıza. Bu gün dövlət öz vətəndaşının gözündə nüfuz itirir. Bu gün dövlət SSRİ dövründə olduğu kimi sinif yolunu tutub. Bütün vəzifəlilər hamısı kommunizm dövrünün yetirmələridir və hamısı bir-biri ilə qohumdur. Hamısının fəlsəfəsi eynidir və qətiyyən xalqın dövlətçilik prosesində yer almasını istəmirlər.

Elə bu prosesin üstündə də müxalifətimiz çalışır. Bir balaca bu ənənələrdən kənara çıxmaq istəyən hər kəsə "hökumətə işləmək" damğası vurulur. Yəni müxalifətin bugünkü vəzifəsi əslində jandarmlıq roludur. Alternativ düşüncə olmamalıdır. Hər şey 25 ildir necə davam edirsə, elə o qayda da getməlidir. Dövlət isə imperiya ölkəmizə tam mənada qayıdana kimi yalnız feodal zehniyyətlə idarə edilməlidir. "Jek" müdirinin oğlu "jek" müdiri olmalıdır, icra başçısının qızı nazir oğlu ilə evlənməlidir. Yəni nikah diplomatiyası.

Bu sizə xanlıqlar dövrünü və ardınca Rusiya İmperiyasının işğalını xatırlatmır?

Milli Fikir Mərkəzi yarandığı gündən bu gerçəklərin üstündə təsis olunub. Ona görə aydınlanmaq, anlatmaq, düşünmək və düşündürmək yolunu tutmuşuq. Amma yalnız buraxılmışıq...

Baxın görün vəziyyət nə haldadır:

Solçular bizi burjuaziya dövlətçi olduğumuzla ittiham edir. Amma bu ölkəni idarə edənlər elə öz ideologiyalarının təmsilçiləridir. Nə vaxt müstəqil Azərbaycanın gəncliyi öz ölkəsini idarə etdi?

Millətçilərimiz tarixi şəxsiyyətlərimizin uyuduğu məzarların başında təskinlik tapır.

Liberallarımız qrant olmadan bir tək Qərb dəyəri, insan hüquq və azadlıqları barədə hər hansı bir iş görməz.

Bu gerçəklərin qarşısında anladıq ki, əslində biz çıxılmazlıq içindəyik. Əslində biz müdafiəsiz və kimsəsizik. Elə ona görə də bizi yeni bir ideologiya birləşdirəcək. Bütün fikirlərimizlə qoruyacaq bir ideologiyaya ehtiyac olduğunu ortaya qoyduq.
2013-cü ildə, prezident seçkilərindən sonra ölkədə yaranan depressiv vəziyyət bunu tələb edirdi. Biz də etatizm ideyasını başladıq... Azərbaycanın müstəqilliyindən, azadlığımzıdan bir addım belə çəkilməyəcək bir ideya qoyduq ortaya. Bütün gəncliyimizi bu oyunlara alət olmamağa, dövlətçiliyə sarılmağa çağırdıq.

Amma gerçəklər daha acı idi. Biz dövlətçilikdən danışanda insanların öz dövlətinə olan bütün qəzəblərini bizim üstümüzə tökdüyünü gördük. Bilirdik, anlayırdıq ki, planı quranlar öz işlərini yaxşı görüblər. Anlayırdıq ki, çətin olacaq. Çalışmaq lazım idi, çalışdıq və çalışırıq.

Amma nəsillər arası savaşda yalnızıq. Çünki gəncliyimizin böyük bir kəsmi hələ də bu tezisin əhəmiyyətini anlamır. Anlamır ki, keçmiş gələcəyə hökm etsə gələcək deyə bir şey qalmayacaq. Bizim keçmişimiz azad deyildi, müstəmləkə idi. Müstəmləkəçilik dövründə olan hər kəs isə onun ağır izlərini daşımağa davam edir. Nəsillər arası savaş budur ki, sənə qarşı bir cəbhə var, Azərbaycan gənci. Ona görə işsizsən, ona görə təhsil ala bilmirsən, ona görə ən uğurlu simaların ölkəni tərk edir, ona görə tarixində millət olaraq ən böyük nailiyyətimiz olan müstəqil dövlətçiliyimiz bizə ədalətsiz gəlir. Küsdürülməlisən, vaz keçməlisən və ya onlarla barışıb boynunu bükməlisən ki, 10 saat işləmək müqabilində acından ölməyəsən. Sən hələ də birləşmək istəmirsən! Amma onlar eyni fikir, eyni zehniyyəti hər yerdə müxtəlif simaları ilə sənə göstərirlər. Sən həmişə haqsız və gücsüzsən.

Bu gücsüzlüyünü atmaq üçün bizə bir ideologiya lazım idi. Bu da etatizmdir! Çünki etatizm dövlətçilikdir. Dövlətçiliyinə sarılmalısan ki, bu dövlət hansısa yad qafalının yox, sənin olsun!

Ardı var...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar