Etatizm nədir? - I

Şəhriyar Məcidzadə

22-12-2016, 16:32 Oxunub: 2661
Sovetlər Birliyi, dağıldıqdan sonra siyasi və hərbi cəhətdən çəkildiyi ərazilərdə öz təsirini itirməmək üçün süni etnik, dini münaqişələrə zəmin yaratdı. Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı...
 
Bu münaqişələr dağılan Sovetlərin siyasi ambisiyalarını ifadə edirdi. Yəni "siz müstəqil ola bilərsiniz, amma mənim sərhədlərim bu ərazilərdən başlayır". Minlərlə insanın qanı bahasına imperiya ambisiyaları hökmünü bu coğrafiyalarda bu gün də davam etdirir.

Sovetlərin sistem qalıqlarının ikinci ən böyük proyekti, hökm sürdüyü illər ərzində bütün postsovet məkanında yetişdirdiyi nəsil idi ki, ona güvənir və ona arxalanırdı. İndi çoxlarımız üçün bunun necə bir sistem, necə bir təmayül olduğunu təsəvvür etmək çətindir. Amma həqiqət budur ki, kommunizm müstəmləkəçiliyi ilə yetişdirilən nəsil bilərəkdən və ya bilməyərəkdən həmişə “Böyük qardaş”a xidmət etdi. Elə bu gün də edir!

İndi də bu nəsil vasitəsi ilə həmin sistem bizim varlığımızı, azadlığımızı, heysiyyətimizi istismar edir. Onların birinci vəzifəsi heç bir halda bir zamanlar ittifaqa daxil olmuş ölkələrdə yetişən yeni nəslə mövqe tutmağa imkan verməməkdir. Buna görə də həyatımızın istənilən sahəsində hakim mövqedə bir tək gənc belə görmək mümkün deyil.

Baxın! Bu elə bir nəsildir ki, Sovet hökumətinin dağılması labüd olanda belə, müstəqillik aktı hazırlandıqda 350 millət vəkilimizdən yalnız 43-ü Azərbaycanın müstəqilliyinə səs verir. Yəni Sovet İttifaqının dağıldığını bilib, amma yenə də köləlikdən tərəf olan, Azərbaycanın azadlığını istəməyən tam 307 millət vəkili var idi. Onlar bizim qanunlarımızı yazır və yazmağa davam edəcəkdi. Onların əli ilə Xocalı soyqırımı gizlədilməyə çalışılacaqdı. Onların birbaşa iştirakı ilə iyun qiyamı gerçələşəcəkdi və Elçibəy hakimiyyəti devriləcəkdi.

Bu elə bir nəsildir ki, istilaya xidmət edən bir az savadlısı bu gün vəzifədə; bir az savadsızı onun müdafiəçisi və dəstəkçisi olaraq taleyüklü məsələlərdə susqun; heç savadı olmayan isə "bizim dövrümüzdə 100 rubla istirahət edirdik" nağıllarının təbliğatçısıdır. Yəni işğal davam edir. Heç bir zaman bitməyib.

Qarşımızdakı nəslin üç təməl vəzifəsi var:
1. Müstəqilliyi gözdən salmaq.
2. Xalqla dövlət arasında uçurum yaratmaq və xalqı öz dövlətçilik ənənəsinə qarşı qoymaq.
3. İşğala zəmin yaratmaq üçün gəncliyi hədəf almaq.

Bu sistemin vəzifəsi bizim torpaqlarımıza imperiyanın qayıtması üçün zəmin hazırlamaqdır. Bizə qədər bu işğalın gerçəkləşməsi gizli və sistemli idi. Elə buna görə də iqtidar və müxalifət tandemində yoxuq. Biz bu münasibətlərdə olmayacağıq. Çünki onların istədiyi elə budur - dialektik prosesdir! Ona görə də iqtidarın “İrəli”si olduğu kimi, müxalifətin də “Nida”sı var. Hər şey olduğu kimi qalmalıdır.

Belə bir zamanda biz cəmiyyətə alternativ ideologiyanı - etatizmi, yəni dövlətçiliyi təqdim etdik. Bizim vəzifəmiz bu işğal siyasətinin içində yer almamaqdır, ölkə gəncliyinin dövlətçiliyə bağlı qalmasıdır. Bilirik ki, onlar çox yaxşı işləyiblər və insanların içində bizə qarşı böyük inamsızlıq olacaq. Bu normaldır. Çünki biz resursları olan bir yalan maşının qarşısına əliyalın, sadəcə fikirlərimizlə çıxmışıq. Onlar - bu məmləkəti yenidən istilaya qurban vermək istəyənlər müstəqillikdən, azadlıqdan, dövlətçilikdən tərəf bir ideoloji baxış olmasını istəyər?! İstəmədikləri üçün müxtəlif məmurların bəyanatları, hərəkətləri, ədalətsizliyi ilə insanları Azərbaycana qarşı qoymayıblar?

Bu gün sorğu keçirilsə ki, "Siz Azərbaycan dövlətinə inanırsınız?" neçə faiz "inanıram" deyəcək?! Acınacaqlı olan budur. Çünki insanlar həmişə hər şeyi fərdi qaydada anlayır və böyük oyunu görə bilmir. Bax biz o oyunları pozmaq üçün çalışırıq. İndi artıq yeni nəslin əlində istila siyasətinə qarşı qoya biləcək bir fikir var - etatizm!

Bu xalq öz ölkəsinin azadlığı üçün 100 ildir gizli və ya açıq şəkildə mübarizə aparıb. Heç bir zaman bu mübarizənin qarşısını belə almamışdılar. Heç bir zaman azadlıq bu qədər ucuzlaşmamışdı. İndi insanları çörək üçün bu ölkənin azadlığından imtina etməyə hazır vəziyyətə gətirirlər. Buna görə etatizm var!

Milli Fikir Mərkəzi olaraq vəzifəmiz xalqımızın azadlıq mübarizəsini yaşatmaqdır. Bu dövlət sənindir, sənin xalqının tarixi nailiyyətidir və sən bu nailiyyət üçün çalışmalısan. Yoxsa Əhməd Cavadlar, Hüseyn Cavidlər və minlərlə, yüzminlərlə qurbanlar əbəs olacaq. Olmamalıdır!

Etatizm elə bir ideyadır ki, sən sadəcə Azərbaycandan tərəf olmalısan! Mən Azərbaycandan tərəfəm! Bəs sən?!
Davamı var..

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar