Azadlığını itirmiş liderlər

Elvira Süleymanova

15-09-2016, 15:26 Oxunub: 811
Tarixə baxsaq hər zaman kimlərinsə azadlıq haqqında düşündüklərini görə bilərik. Azadlıq haqqında çox şey demək və ona çoxlu tərif vermək olar. Lakin mənə görə azadlıq görə olduqca sadədir. Azadlıq - sənin iradənin üzərində başqa bir iradənin olmamasıdır.

Çox vaxt kişilər azadlıq haqqında düşünüb mübarizə aparsa da, qadınlar da azadlıq anlayışından kənar deyillər. Əksinə, deyərdim ki, onların da həyatının əsasını azadlıq təşkil edir. Daha doğrusu azadlığa çatmağa cəhd desək yaxşı olar. Bu yazıda isə hər zaman kişi filosoflar tərəfindən yazılmış, tərifl verilmiş azadlıq anlayışını bu dəfə qadın bir folosofun yaradıcılığından izləyəcəyik. Qadın filsofumuz isə məhşur Simona de Bovuardır.

Simona hər kəsin öncədən azadlıq içində doğulduğunu qəbul edir. Deyir ki, fərdlər hər nə qədər azad doğulsalar da, öz azadlıqlarını özləri tapmalıdırlar. Bir sözlə azadlıqlarını başa düşüb qəbullanmalıdırlar. Fərdlərin daxilində hər zaman azadlığa can atan və azadlığa çatmağa çalışan hislər var.

Simona “Qeyri müəyyənlik etikası” kitabında azadlıq məsələsini bu mövqedən izah etməyə çalışır. Burda fərdlərin öz azadlıqlarını axtaran daxili hisləri ilə bu hisləri basdıran xarici mühit şəraitlərinin qeyri müəyyənliyini izah edir. Ona görə insanların varlığı bu iki amilin daimi mübarizəsindən ibarətdir. Mübarizədə kimin qalib gələcəyi isə sual altındadır. Adi bir maddi problem və yaxud başqaları kimi olmaq istəyi insanın azadlığını məhdudlaşdıra bilər. Həmin insan öz arzularını, ya da ki, problemlərini həll etmək üçün məcbur olaraq başqasının iradəsini qəbul edə bilər. Elə burdaca da yuxarıda danışdığımız və verdiyimiz tərif ortaya çıxır. Azadlıq sənin iradənin üstündə bir iradənin olmamasıdır. Burda təbii ki, başqa örnəklər də var. Dediyimizin əksi olan hadisələr və talelər... Simona bunları da yox saymır. Sadəcə bunu qeyri-müəyyənlik adlandırır. Çünki öncədən heç nəyi bilmək və anlamaq olmur. Buna görə də öncə qeyri müəyyənliyin var olduğunu qəbul etməliyik.

Simona qeyd edir ki, insanlar müxtəlif səbəblər gətirərək öz azadlıqlarından qaçırlar. Belə desək, onu qəbul etmək cəsarətini qurban verirlər. Ya da azadlıqlarını itirdiklərini boyunlarına almırlar, hələ də azad olduqlarını düşünürlər və bunda israr edirlər. O, belə insanları “qeyri-səmimi insan” adlandırır. Bundan başqa, qeyri-səmimi insanları da bir neçə tipə ayırır:

Birinci qeyri-səmimi insan tipi kimi o, qarşısına çıxan işləri, hadisələri, yerinə yetirilə bilməyən, məsələləri öz tənbəllikləri və həyatdan bezgin olmaları ilə əsaslandıran “alt-insan”-ı göstərir. Bu çox təhlükəli bir mövqedir. Çünki azadlığını şüursuz rədd edən (o heç bilmir ki, azadlıq nədir, düşünür ki, azaddır) “alt-insan” amansız, əxlaqsız və şiddətə əsaslanan fəaliyyət üçün “ciddi insan”-ın oyuncağı halına gələcək. Böyük pis adamlar (diktatorar, tiranlar və s.) və kütlə bu iki anlayışı izah edir zənnimcə. Məsələn, siz alman əsgərlərinin müharibədən sonra hər şeyi Hitlerin əmri ilə etdiklərini dediklərini bilirsiz. Bu sadəcə bir örnəkdir.

İkinci tip isə “ciddi insan”-dır. Simonaya görə “ciddi insan” cəmiyyətdə ən çox yayılmış qaçış örnəyidir. Çünki azadlığını obyektiv bir xarici standarta yönləndirmək istəyir və onu qeyri-şərtsiz, mütləq dəyərlərin əmrinə verir. Ciddi insan üçün azadlığını verəcəyi amil isə elə də mühüm deyil. Bu, hər şey ola bilər - onu maraqlandıran hər şey. Məsələn, bir general  üçün hərbi sistem, aktrisa üçün şöhrət, siyasətçi üçün güc buna örnək kimi göstərilə bilər. “Ciddi insan” üçün önəmli olan şey öz mənliyinin bunların içində əriməsidir. Əslində yenə də eyni şeydir. O, öz iradəsinin üstünə öz inandığı dəyərlərini qoyur. Bunlara isə tipik “lider” anlayışı altındakı insanları aid edə bilərik. Həm də ona görə “ciddi insan” deyimi seçilib ki, liderlərin fikirləri, üstün saydıqları idolları boş bir şey yox, ciddi əsaslı şeylərdir.

Simonaya görə azadlıqdan qaynaqlanmayan və azadlığı hədəfləməyən bütün fəaliyyətlər mənasızıdr. Bu mənada “ciddi insan” qeyri-səmimiliyin ən böyük örnəyidir. Çünki o azadlığını yaşamaq əvəzinə onu hər hansı xarici idola verir. Ciddi insanın bu mövqeyi cəmiyyət içində çox vaxt despotluğa və təzyiqə yol açır. Çünki öz dəyərlərini başqalarına yeritmək, yaxud da başqaları ilə rəqabətdə qalib gəlmək istəyir. Təbii ki, cəmiyyəti dəyişmək, yenilik gətirmək, köhnəni dağıtmaq kimi mütərəqqi idollar da var. Nəticə isə heç vaxt dəyişmir. “Ciddi insan” azad deyil. Lakin o da bir baxıma “alt-insan” kimi hələ də azadlığından danışır. Çox vaxt isə belə insanlar azadlıqlarını öz ideyalarına qurban verdiklərini başa düşürlər.

Başqa bir qeyri-səmimi tip isə xəyal qırıqlığı yaşamış “ciddi insan”-ın özünü hədəf alması ilə ortaya çıxan “nihilist” mövqedir. Belə izah edə bilərik ki, general hərbi sistemin saxta bir dəyər olduğunu, siayətçi gücün heç də hər şey olmadığını, aktrisa ani bir səhvlə karyerasının bitdiyini anladığında və qəbul etdiyində, “nihilizmə” yuvarlanır. Beləcə dünyanın mənasız bir şey olduğunu iddia etməyə başlayır. Azadlıq anlayışı bir dəfə daha öz mənasını itirmişdir.

Bovuarın varlıq fəlsəfəsinə görə kölə və ağa, despot və itaət əlaqələri içində olan insanlar bir biri ilə eyni səviyyədə olmasalar belə bir birinin varlığından bəslənməkdədirlər. Bu barədə bizim edə biləcəyimiz bir şey yoxdur. Başqa insanların əvəzinə nəsə edə bilmərik. Çünki hər kəs özünə görə cavabdehdir. Buna görə də başqalarına zərə verəcək şeylərdən uzaqlaşmalıyıq. Səssiz qalmaq və başqasına kömək etməmək də bir şeçimdir. Sizin azadlığınız isə özünüzə aiddir, fərdi olanınızdır. Onu özünüz yaşamalısız. Bir sözlə azadlıq qaçınılmaz olandır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar