Jak Lakan və “qadın mövcud deyil” fikri

Elvira Süleymanova

7-09-2016, 18:06 Oxunub: 1215
La femme n'existe pas

Jak Emilye Lakan XX əsrdə ən azı Freyd qədər tanınmış və onun qədər səsgətirmiş bir psixoanalitikdir. Lakan təkcə psixoanaliz yox, həm də dilbilimi (lingvistika), antropologiya və fəlsəfə ilə də yaxından maraqlanmış bir şəxsdir. Buna görə də Lakanı tam olaraq anlaya bilmək olduqca çətindir. Bunu özümün Lakanı ilk dəfə kəşf etdiyim vaxta əsaslanaraq deyə bilərəm.

Freydin dediklərini bəzən qəbul edən, bəzən də onları dəyişib tam fərqli izah edən bu adam fikrilərində fəlsəfəni, dilbilimə, dilbilimini psixologiya uyğunlaşdırıb. Təbii olaraq da meydana çıxan problemləri qarşılıqlı həll etməyə çalışıb. Ona görə də ilk başdan Lakan haqqında oxumaq istəyənlərə ehtiyatlı olmağı məsləhət görərəm. Bu oxuyacağınız axırıncı psixoanalizçi ola bilər.

İndi isə gələk Jak Lakanın qadın haqqında fikirlərinə. Lakan çox cəsur bir şəkildə belə bir fikir ortaya atır ki, “qadın deyilən bir şey əslində mövcud deyil”. Fransızcası yuxarıda yazıldığı kimidir. Daha qısa, “qadın yoxdur”. Təbii ki, ilk anda insana olduqca qəribə gəlir. Necə yəni qadın yoxdur?

Məsələn, yazını oxuyan xanımlar (elə mənim kimi) fikirləşə bilər ki, bəs onda biz nəyik? Elə ona görə də çalışacam ki, Lakanı düzgün başa düşəcəyiniz bir şəkildə izah edim. Lakan deyir ki, “qadın yoxdur”. Tamam. Ancaq o heç də bir başa inkar etmir. Ardınca deyir ki, “qadın yoxdur, cəmiyyət tərəfindən yaradılmış qadın kimliyi var”. Təbiət dişi canlılara heç də qadınlıq özəlliklərini bəxş etməyib. Bu, tamamilə insan cəmiyyətinin inkişafı ilə uyğun olaraq yaranıb. Qadınlıq kimliyini isə məhz ataerkil (patriarxal) cəmiyyət - yəni kişilərin üstün olduğu sosial forma verib. Kişi anlayışı cəmiyyət kökənli olduğundan (erkəklərin özlərini adlandırmaları, Almanların “Deutschland” deməsi kimi) onu “erkək” sözü ilə əvəz eləmək olardı. Bu baxımdan türklər bir az irəlidədirilər deyə bilərik.

Lakan qeyd edir ki, bəşər tarixində mühüm bir kəşf olan dilin yaranması da məhz elə patriarxal cəmiyyətlərin nəticəsidir. Daha anlaşıqlı izah etməyə çalışsaq, dili kişi tayfası yaradıb demək olar. Lakan bu fikirlərini lingvistika ilə izah edir. Məsələn, ingilis dilində “insanlıq” kəlməsi tərcümədə “man-kind” kimidir. Yaxud da “insan” “hu-man” sözünə uyğun gəlir. Uyğun olaraq da “qadın” “wo-man” kəlməsinə. Lakanın dediyi kimi başqa bir misal: “Déclaration universelle des droits de l'homme” (bizim bildiyimiz “İnsan Hüquqları bəyannaməsi”) əslində isə “Kişi (erkək) haqları bəyannaməsi deməkdir.

Burda bir şeyə diqqət yetirək ki, beyniniz qarışmasın. Lingvistika tərcümələrdə mənaya yox, daha çox hərfi tərcüməyə əsaslanır. Çünki dil yaranarkən ilk əvvəldə hərfi olaraq sözlər formalaşdırılıb. Bu sözlərin sayı da məhdud idi. Lakanın dediyi kimi, dil bir şeylərin olmamasından dolayı yaranıb. Əgər ətrafımızda hər şey olsaydı dilə ehtiyac olmazdı. “Çatışmayan nəyisə istəmək” ilk olaraq dilin yaranmasına təkan verib. Daha sonra isə mənalar gəlib. Bu baxımdan da “insanlar kişilərdir”, çünki “insan” dediyimizi ilk dəfə kişilər (erkək cinsi) tanımlıyıb (adlandırıb). İlk dəfə kişilər deyib ki, “dayan görüm ee, axı biz insanıq”.

Bu fikir həm də qədimdəki matriarxal sosial sistemlərin izahını verməyə kömək edir. Arıdan, qarışqadan və başqa ikicinsli heyvandan nümünə olaraq çəkə bilərik bir dişi fərdin hakimiyyətini. Məsələn, kraliça arı, ana qarışqa və s. Bu, ibtidai matriarxal sistemə oxşamırmı? Daha çox təbiətə bağlı və heyvanata meyilli... Ona görə də matriarxaldan patriarxala keçid məhz bu “özünüdərketmə” ilə bağlıdır. İndi burda tarixi də söhbətə qatsaq, xışın meydana gəlməsi, hamilə qadınların dölləri qorumaq üçün əməkdən xaric edilməsi və beləcə hakimiyyətin gücə əsaslanan kişilərin əlinə keçməsi kimi əlavələr edə bilərik. Onsuz da çox filosof qeyd edir ki, “özünüdərk əmək prosesində reallaşır”. Daha açıq desək, kişilər (erkək) təkbaşına xış sürərkən ilk üsyanlarını və bunun nəticəsində özlərini dərk elədilər.

Nəticə olaraq deyə bilərik ki, qadın deyilən bir şey mövcud deyil. Bu sadəcə patriarxal cəmiyyətin dişi fərdlərə verdiyi (yüklədiyi daha doğru olardı) bir statusdur, kodlaşmadır. “Qadınlıq”ın da patriarxal cəmiyyət (kişilər) tərəfindən yaradıldığını nəzərə alsaq, qadınların kənarlaşdırılaraq ikincilikdə olan bir status sahibi olduğunu ortaya çıxara bilərik. Bu bütün dinlərin, mifologiyaların əsasında qadının ikincilikli rolunu izah edən amildir.

İstənilən sosial elmdə ilk öncə “problemin qoyuluşu və onun başa düşülməsi” mərhələsi gəlir. İnanıram ki, bu yazı da  problemin tam olaraq anlaşılması baxımından uğurlu olacaq. Həll varantını isə hərə öz bildiyi kimi seçir. Kimi razılaşmır, öz dediyini deyir, kimi üsyan edir, kimi də sadəcə boyun əyir.

Son olaraq da əziz xanımlar, yaddan çıxarmayaq ki, tarix heç vaxt bizə nəyisə diqtə edə bilməz. Diqtə edən tərəf olmağa çalışın.
Şərhlər : 1 Şərh yaz
Enki 3 oktyabr 2016 21:20  

Anladığım qədərilə burda "Qadın" kimliyi deyəndə qadına yüklədiyimiz missiyalar,Qadın xüsussiyyyətləri dediyimiz şeyləri,qadın istək və arzularını nəzərdə tutulur və bunu Patriarxaqlığın yaratdığı süni şey olduğunu iddia olunur.Yəni "Qadın"ın dişiliklə əlaqəsi yoxdur o sadəcə Patriarxaqlığın bir nəticəsidir kimi....

 

Mən problemlərə yanaşmanın obyektiv olmasının həm problemin həllində həm də doğru mühakimə yürütmək üçün faydalı olacağına inanıram.Bunun üçün təbiət elmlərinə əsaslanmanın lehinəyəm çünki bu elmlər təbiəti öyrənir və bizdə təbiətin parçasıyıq və təbiət içərisində,onun fundemental qanunlarının təcəssümüyük.

 

Qadın və Kişi dediyimiz kimlik dünya üzərində bütün canlılar istər sosial ya da qeyri-sosial canlılar olsun hamısına ümumiləşdirmək olmur.Bioloji təsnifatda canlıları sürünənlərə,quşlara məməlilərə və s.Onları da öz növbəsində cinslərə,növlərə,ailələrə,şöbələrə və s. Bölərək bu canlıları təsnif edirlər müəyyən fərqliliklərinə və bənzərliklərinə görə.Və deyə bilərəm ki,bəzi canlılarda dişilər daha iridir,matriarxaqlıq var,dişilər ovlayır erkəklər balaları bəsləyir.Amma məməlilər xüsusilə biz Primatlarda həmçinin Homo cinsində həqiqətən Patriarxaq quruluşlar üstünlük təşkil edir.Və "Qadınlıq" dediyimiz bütün xüsusiyyətlər bu canlılarda özünü göstərir.Bunu araşdırsaz özünüz kifayət qədər məlumat əldə edərsiz.Tutaq ki,insanlarda (homosapiens sapiens) biz kişilər bunu bilərək və ya bilməyərək süni olaraq yaratdıq.Yaxşı bəs bizim də daxil olduğumuz Primat ailəsinin digər cins və növlərində niyə dişilər bizim növün dişilərinin sosial həyatda yaşadığı"qismət"i yaşayır ? Niyə Şempanzələrdə Heç başçı dişilər olmur ? Niyə "sosial və iqtisadi " vəziyyətləri eynidir bizim növün dişiləriylə ?

Demək istədiyim odur ki,ortada bir iddia varsa bunun müasir elmlə dəstəklənirmi ona baxmaq lazımdır ilk növbədə.Bütün problemlərə elmi nöqtəyi nəzərdə yanaşmaq lazımdır ki,problemin kökünü tapıb sonra onu həll etməyə çalışasan.Problemi anlamadan onu həll etmək də mümkün olmur.

 

 

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar