Kiçik qızın sağalmayan uşağlıq yarası

Sima Quliyeva

17-06-2016, 13:28 Oxunub: 1805
Ana – bu, insan övladı üçün dünyalara dəyən bir varlıqdır. Övlad üçün əvəzsiz, qüsursuz, dünya gözəli, ən gözəl dost, ən gözəl qəlbin sahibi, ən gözəl aşpaz, ən isti qucaq, ən səmimi insan və daha nələr-nələr… "Ən"lərin ən üstəsi yalnız və yalnız anadır. Əvəzsiz, ətrafında minlərlə insan olsa belə o istiliyi duya bilməzsən kimsədən, ona sarıldığın kimi sarılmazsan,ona inandığın-güvəndiyin kimi kimsəyə inanıb güvənməzsən bəlkədə.Sənin heç bir söz deməyinə ehtiyac olmaz, o anlar bir baxışından, davranışından, səsindən bircə sözündən belə bu gün nələrin baş verdiyini,gününün necə olduğunu çox yaxşı başa düşər. Analar sadəcə qəhrəmandır.

Çox da uzaq olmayan bir diyarda kiçik bir qız böyüyürdü - anasının qızı. Bu kiçik qız anasını çox sevir, onu incitməməyə çalışırdı. Onun kiçik qəlbində anasının ağıllı, gözəl, təhsil alıb, uğur qazanan sevimli qızı olmaq arzuları çağlayırdı. Anasına kömək etmək üçün Bacarıb-bacarmayacağından asılı olmayaraq bütün işləri görməyə çalışırdı.

Bu qızın adı Gülay idi. Kiçik qızın uşaqlığı da fərqli idi. O, digər uşaqlar kimi daim oynamaq həvəsində deyildi. Kiçik olmasına baxmayaraq məsuliyyətləri böyük idi – yaşından böyük. Başqa uşaqlar kimi qaranlıq, “div”, həkim və s. şeylərdən qorxmurdu. Uşaqlar oyuncaqlarının, konfetlərinin, hədiyyələrinin əllərindən alınacağından qorxurdular. Amma Gülay bunlardan da qorxmurdu. Bəlkə də buna heç vaxtı da olmurdu. Ailəsini itirməkdən, ata-anasının onu nəyəsə görə tənbeh etməsindən, atasının az pul qazanıb çətinliyə düşəcəyindən, ailəsindən uzaq düşməkdən qorxurdu. Qorxurdu... Qorxurdu ki, nələrsə baş verəcək və mən sevdiklərimi itirəcəm, bir daha görməyəcəm və tənha qalacam.

Gülayın anası bronxial astma xəstəsi idi. Kiçik olsa da anasının necə çətinlik çəkdiyini yaxşı bilirdi. Dəfələrlə onun halının pisləşdiyinin şahidi olmuşdu. Bu, bir uşaq üçün çox çətin və ağır mənzərədir. Anasının yad insanların yanında bu problemlərə görə çəkindiyini də hiss etmişdi və bu da ona başqa cür təsir edirdi. Boğulma hallarının nə vaxt tutacağı bilinmirdi. Anasının nəfəs alması çətinləşəndə, boğulması tutanda tez yanına qaçar: “Ana su gətirim? Bəlkə ilıq su verim, hə?” kimi suallar verərdi. Anasına təlaş içində kömək etməyə çalışardı. Əlinə keçən dəsmal, dəftər - hər hansı bir əşyayla anasını küləkləməyə başlayardı. Bunun onu rahatlaşdıracağını, nəfəs almasına kömək edəcəyini düşünərdi. Əgər ayrozol anasının cibində deyildisə, tez qaçıb onu tapıb gətirərdi.

Bu anasının nəfəsinin bərpa olmasına kömək  edərdi. Eyni həyacan, eyni qorxu gün ərzində hətta bir neçə dəfə təkrar olunurdu. Bəzən tutma ağır olmuşdu. Həyat yoldaşı tez həkimə çatdırmışdı. Boğulma olanda ayrazol istifadə etdiyi üçün bir müddət sora bu da kömək etmirdi və artıq damara efilin vurmaq lazım olurdu. Bu dərmanın da təsiri təxminən bir ay çəkirdi.

Həkimə getdiyi zaman Gülay çalışırdı ki, anasının yanında olsun. Vurulan iynəyə ürək ağrısı ilə baxırdı, bəzən gözlərini qaçırırdı. O, anasını qoyub harasa getmək istəmirdi. Əgər yanında kimsə qalardısa o zaman gedərdi. Hər an pis xəbər eşitmək qorxusu içində idi. Çünki  ana bəzən yeridiyi zaman çətinlik çəkərdi. İnsanın nəfəsi tutula... Bunun nə qədər ağır hal olduğunu təsəvvür etmək belə çətindir.

İtirmək qorxusu artıq fəryad edirdi kiçik qizin qəlbində və bunu heç kimə izah edə bilmirdi. Qorxurdu, amma heç dilinə gətirib danışmaq istəmirdi.
* * *

Daha bir yeni il yaxınlaşırdı. Evdə hazırlıq görülürdü. Gülayın anası yenə dadına doyulmaz yeməklər hazırlamışdı. Süfrə quruldu, gözəl təamlar düzüldü. Ailə birlikdə süfrə arxasında  əyləşdi. Bayramı ailənin bir yerdə qeyd etməsindən gözəl nə ola bilər axı... Bu mənzərəni heç bir şey əvəz edə bilməz. Gülay bu anlarda çox sevinir, xoşbəxt olurdu. Üzündə gülüşlər çiçək kimi açırdı. Amma çiçəklər də tez solur. Süfrə yığışdırıldıqdan sonra çay gətirdilər. Soyuq havada çayın yeri bir başqa olur. Şirin-şirin söhbətlər etməyə başladılar. Ata “bəlkə qonaq gedək?”, dedi.

Gülay:
- Olar. Hara gedək?

Qərara gəldilər ki, ailəvi dostlarını ziyarət etsinlər. Hər kəsin ya yorğun olacağını, ya da TV-yə baxacağını düşündüklərinə görə onlara getmək istəmədilər. Buna görə də ata-bala getməli oldular.

Bu ailənin 3 övladı vardı. Amma çox təəssüf ki, uşaqların əqli çatışmazlığı var idi. Qızları heç danışa da bilmirdi. Gülaygil onlara tez-tez baş çəkərdilər; xüsusən də bayramlarda. Köməyə  ehtiyacları olan zaman əllərindən gələni edirdilər.

Gülayın anası onlarçün bayram payı hazırladı və ata-bala qonaq getdilər. Şəhla xalagil onların gəlişinə çox sevindi. Əsasda qızı Kəmalə.

Kəmalə sevindiyindən Gülayı tez-tez qucaqlayır, üzündən öpürdü. Şəhla xalagilə qohumları da qonaq gəlmisdi. Hər kəs söhbət edir, Gülay isə söhbətə qulaq asır, bəzən verilən suallara cavab verib, yenidən susurdu. Söhbət döndü-dolaşdı Gülayın anasına gəldi. Kimsə onun necə olduğunu, boğulmalarının tutub-tutmadığını soruşdu. “Hə müalicə olunur”, dedi Gülayın atası. Gülayın çöhrəsində açan çiçəklər soldu. Elə hey danışdılar - anasından, ağır hala düşməsindən. Həyat yoldaşı dərmanlardan aslı olduğunu dedi. Qızın pis olduğu hər halından bəlli olurdu - baxışlarından, rənginin solmasından, əllərini bir birinə sıx tutmasından... Bu, onun tez-tez keçirdiyi hal idi. Hələ ən ağır, illər keçsə də unuda bilməyəcəyi zərbə gəlirdi. Özü də bayram günündə!

Qonaqlardan biri çox düşüncəsiz bir tərzdə “Yazıq!!! Bu gündən sabaha çıxmağa heç ümidi yoxdur ki, heç onun...” dedi.  Nəzərə almadı ki, haqqında danışdığı insan anadır və onun qızı da burdadır. Əslində bunları düşünə bilən insan o cümləni işlətməzdi.

Bayram? Nə bayram? Bu gün bayram idi? Gülayın dünyası qaralmışdı. Sükut çökdü ətrafa, hamı susdu, səslər kəsildi. Kimsə bu cümlənin qarşısında sözmü tapa bilmirdi? Nə oldu axı? Bəlkə də elə idi, amma bunlar hamı üçün yox Gülay üçün uzun oldu. Cümləni eşitdiyi andan sanki başqa aləmə düşmüşdü. Bu aləmin sükutunu getdikcə artan ürək döyüntüsünün səsi   pozurdu.

“Bu nə idi? Bu qadın nə deyir axı? “Bu gündən sabaha çıxmaq ümidi yoxdur” nədir? Kimdir axı o bu sözləri deyir anam haqqında?” Suallar ard-arda səslənməyə başladı içində. Qışqıraraq onu bürüyən sükutu pozmaq istədi. O cümlənin hesabını almaq almaq istədi, amma bacarmadı. Bəlkə də çökmüş ruhunun gücü çatmadı.

Bəlkə də bu sakit qız o an ən dəli insana dönmüşdü. Qarşısındakı insanı sözləri ilə parça-parça etmək istəyirdi, necə ki, o parça-parça olmuşdu bir anın içində. Dözdü durdu. Çox çətin olsa da bunu bacardı. Onun kimi hər kəsin qanının qaralmasını istəmədi. Bərk-bərk stulunun kənarından tutmuşdu. İçi yanırdı. Axı kövrək qəlbinə köz basmışdılar. Nəfəsi daralır, gözləri dolurdu. Ağlamadı, məğrur durdu. Durdu, amma içində göz yaşları sel olmuşdu, qan ağlayırdı. Onsuz da anasını itirəcəyini dərk etmişdi. Bir də bu qorxusunu gözləmədiyi anda yad insan vurğulamışdı. Çox ağır idi.

Tez bir zaman burdan getmək istəyidi. Geniş otaq ona dar gəlirdi. Evə gedib anasını görmək istəyirdi. Tez-tez atasına baxıb, baxışları ilə getmək istədiyini deyirdi. Atası bəlkə də vəziyyəti anladığından “biz yavaş-yavaş gedək” dedi və ayağa qalxdı. Bu, Gülayın ürəyindən oldu. Sağollaşaraq evə getdilər.
* * *

Bu gecə çox ağır və uzun olsa da bitdi. Bitdi, amma o cümlənin açdığı yara heç sağalmadı. İlk günlər çox ağır keçirdi. Çünki, o anasını itirməyi heç bir zaman qəbul etməyəcəkdi. İllər keçdi, kiçik Gülay böyüdü. Amma o cümləni yenə də unuda bilməmişdi. Hər xatırlayanda isə ilk gündəki kimi ağır gəlirdi. Sankı qabıq bağlamış yaranın qabığı yenidən qopurdu, qanayırdı. Tez fikrini başqa yerlərə qaçırırdı, amma nə fayda, dönər-dolaşar yenidən ağlına gələrdi.

Gedib də gəlməmək, gəlib də görməmək qorxusu vardı Gülayın. Universitetə qəbul olduğu üçün evdən ayrılmalı idi. Anası ilə bərk-bərk sarıldılar. “Özünə yaxşı bax, gözəl anam!” dedi və evdən çıxdı. Düşüncələr onu yol boyu yorurdu. Bir də görə bilməmək, bir də sarılmamaq, bir də o doğma səsi duya bilməmək, bir də öz adını anasının dilindən eşitməmək var idi. Bunlar onu hər zaman narahat edərdi. Əslində Gülay ailəsinə, sevdiklərinə qarşıda çox diqqətli idi. Amma ata və anasının yeri başqa idi.

Beləliklə Gülayın universitet həyatı başladı. Bir gün müəllim dərslərdən birində xəstəliklər haqqında mühazirə verirdi. O, tənəfüs yollarının xəstəliklərindən ilk olaraq bronxial astma haqqında danışmağa başladı:     

- Bronxial astmanın əmələ gəlməsinə əsasən allergiyalar, immunitetin aşağı olması, əlverişsiz həyat tərzi və s. səbəb olur. Tutma şəkilli olur. Bu zaman sinədə xırıltılı səslər, havanın çatmaması, göyərmə, sifətin qızarması baş verir.

Bu əlamətlər sadalandıqca Gülay qeyri-ixtiyari şəkildə başını yelləyir, sanki əlamətlərin doğruluğunu təsdiq edirdi. Dərmanları yaxşı tanıdığından bəzən mühazirəyə əlavələr də edirdi. Qəribə bir təlaş vardı üzündə, həyəcanlı idi və bunu çox bəlli edirdi. Mühazirəni yazırdı, amma artıq xətti dəyişmişdi - sözləri, hərfləri bir-birinə qatırdı. Gözləri dolmağa başlamışdı. Müəllimin son cümlələri isə çox ağır oldu:

- Bu xəstəlik xroniki xəstəlikdir. Ağır hallarda xəstələr əmək qabiliyyətini itirir. Əgər bu ağır tutmalar tez-tez baş verərsə ölümlə nəticələnə bilər”.

Bu cümlədən sonra Gülay artıq göz yaşlarını saxlaya bilmədi. Sanki həmin an xəstəliyəmi qarşı, ya hal-hazırkı zəifliyinəmi qarşı mübarizə apararaq mühazirəni göz yaşları içərisində, nəfəsi tutula-tutula, əlləri əsə-əsə, sözləri qarışdırsa belə yazdı. Amma mühazirə otağından çıxmadı. Açıq olan saçları arasında gizlənmişdi ki, kimsə onu görməsin. Həm də yaxşı bilirdi ki, sinifdən çıxsa daha pis olacaq. Kimsə niyə ağladığını soruşsa, nə deyəcəkdi? Parta yoldaşı onun ağladığını hiss etdi və niyə ağladığını soruşdu. Gülay cavabında müəllimin dediklərindən pis olduğunu dedi. Zəng vuruldu, Gülayın dostu nəsə soruşmaq üçün ona yaxınlaşdı. Gülay gözlərini qaçırmağa çalışsa da alınmadı. Dostu Gülayın ağladığını bilib niyə ağladığını soruşsa da, heç bir cavab ala bilmədi. Mühazirə zalından çıxıb heç kimin olmadığı otağa gəldilər.

- Hə, danış görüm niyə ağlamısan?
- Ağlamamışam.
- Danış.
Gülay başqa çarəsi qalmadığını anladı. Gözləri dolmuş halda, titrək səslə “Mən öz əllərimlə yazdım”- dedi.
- Nəyi yazdın?           
- Bu ağır hallar tez-tez baş verəcəyi təqdirdə ölümlə nəticələnə biləcəyini.
Dostu qısıq səslə - Kimdi xəstə olan?
- Anam - dedi və hıçqırıqlara boğuldu - Başa düşürsən? Öz əllərimlə yazdım “ölümlə nəticələnə bilər” - deyə təkrar etdi.

Qızlar bir-birlərinə bərk-bərk sarıldılar. Dostu için-için ağlayan Gülayı sakitləşdirməyə çalışırdı. Bir qədər özünə gəldi və yaşadıqlarını ilk dəfə bir başqasına danışdı. Dostu onu təsəlli edəcək sözlər dedi. amma Gülay uşaqlıqdan öz-özünü təsəlli edərək böyümüşdü və onu təsəlli etmək asan deyil. Dostu Gülayın göz yaşlarını silib sakitləşməsini xaiş etdi. Gülay yavaş-yavaş sakitləşirdi.

Zəng vuruldu növbəti dərs başladı deyə Gülay və dostu mühazirə otağına getdilər.

Kəsmisən baş üstümü, canım yananda,
İstədiyim istiliyi səndə tapdım mən.
Fəqət soyumusan, söylə niyə?
Ağlama sən, canım yanır, ömrüm gedir.
Yetərki sən gül, cahan gülsün,
Əlin saçlarıma daim sığal çəksin.
Tək istəyim Allah səni məndən ayırmasın.
Hər sözü cana məlhəm,
Sevgili anam mənim.

İnsanlar bəzən sadəcə danışarlar. Sadəcə danışmayın!Adi söhbətlərdə belə deyəcəklərinizi düşünün... düşünün, daha sonra dilinizə gətirin. Çünki sizin fikir vermədiyiniz, adi sandığınız sözlər qarşınızdakı insanı incidər demirəm, qırar, yaralayar, sonra o yaralar sağalmaz olar, parça-parça edər, yerlə yeksan olar o insan. Sonra bu parçaların toplanması heç də asan olmaz. Əgər qarşınızdakı bir uşaqdırsa bu zaman xüsusi diqqət lazimdır. Axı onlar zərif, saf və kövrəkdilər. Onların qəlblərində yara ilə böyüməsinə səbəb olmayın. Həyatınızda qəlbinizin qırılmaması eyni zamanda qırıq qəlblərin ahını daşımamanız diləyi ilə.
Şərhlər : 2 Şərh yaz
Aytac 18 iyun 2016 16:13  

Cox möhtşəm yazıdı Sima əllərinə sağlıq. Allah bütün valideynləri qorusun.

O bəzi boş-boş, fikirləşmədən danışan DÜŞÜNCƏSİZ "İNSAN" lara isə Allah rəhm versin.

Bacin Firuze 19 iyun 2016 21:42  

Bacim bu hekayeni oxuduqca men agladim.Bu hekaye hem senin hemde menim heyatima aiddir.Bu agrili acili heyati biz 3 usaq bir kecirtmisik.Bezen ozumu ele apariramki guya hecne vecime deyil amma eksine her seyi men ureyimde cekirem...Ailemiz olmasa biz heckimik.Allah butun valideynleri qorusun bizimde valideynlerimiz icinde olsun...Allah yolunu aciq etsin eziz bacim menim.

Insallah: "BIR YAZ GECESI"hekayenide oxuyariq.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar