17 yaşım olsaydı...

Sima Quliyeva

23-05-2016, 19:52 Oxunub: 2338
Yaz gəlmiş, ətraf canlanmağa, gözəlləşməyə başlamışdı. Ağacın xırda yarpaqlı budaqlarına xüsusi gözəllik verən çiçəklər düzülmüşdü. Baxdıqca baxılası gözəllik vardı ətrafda. Səma da bu gün bir başqa idi. Daha aydın, daha canlı mavi rəngə bürünmüşdü. Günəşmi fərqli doğmuşdu bu gün ki, öncəki günlərdən bir xeyli fərqli idi. Xəfif  meh sanki pəncərənin pərdəsində rəqs edirdi. Pəncərənin yanında bir masa və üzərində tər güllər, bir fincan yeni dəmlənmiş, qoxusu ətrafa yayılan çay vardı. Bu  gözəlliyi tamamlayan isə əlində kitab olan 55 yaşlı Sevda xanım idi.

Sevda xanım ata evində tək idi, amma əslində tək yaşamırdı. Öz evi ailəsi, həyat yoldaşı, 4 övladı - 2 qızı, 2 oğlu, nəvələri  vardı. Qızları əkiz idi. Sevda xanım əkiz övladının olmasını çox istəmişdi. Həyat yoldaşı Murad bəy çox yaxşı bir insan olmaqla Sevda xanım və ailəsinə qarşı çox diqqətli idi. Amma niyə indi Sevda xanım tək oturmuşdu? Niyə tək yaşayırdı? Özü də ata evində.
* * *

17 yaşım olsaydı...

Sevda xanım Beethovenin  “Moonlight sonata”sını dinləyə-dinləyə kitabını oxuyurdu. Fincanındakı çaydan bir neçə qurtum alaraq masanın üzərinə qoydu. Kitabı həvəslə oxuması üz cizgilərindən bəlli olurdu. Sanki kitabda yazılanları real olaraq yaşayırdı. Kitabda bir hissəni oxuyandan sonra iç çəkərək başını bir anlıq qaldırıb pəncərəyə nəzər saldı. Nəyi və ya nələri xatırladısa gözlərini pəncərədən görünən həyətdən çəkmədi. Bu evə uşaqlıqdan çox bağlı idi. Axı bu evdə böyüyüb boya-başa çatmışdı. Kiminə görə daş divarlar Sevda xanıma görə tam başqa  idi. Hər addımda xatirələri, əl izləri vardı atasının, anasının, doğmalarının. O, uşaqlıqdan ailəsinə çox düşkün idi. 

Hər kəs müəyyən səbəblərə görə, bu evdə yaşamırdı. Sevda xanım hər yay bu evə gələrək bir müddət belə olsa burda qalardı. Xatirələr, fikir və düşüncələr onu tək qoymurdu, gözləri  hər zamankı kimi ona qulaq asmırdı. Həyətdə böyük bir masa vardı. Gözləri masayamı sataşmışdı? Axı bir vaxtlar yaz gələn kimi hər kəs o masanın ətrafına yığışardı. Çay içər, zarafatlar, söhbətlər, müzakirələr edərdilər. Hovuzun yanındakı yelləncək... Ah! Çox sevərdi yelləncəkdə  yellənməyi. Həm də bu yelləncəyi atası düzəltmişdi. Xatirələr onlar doğma olsa belə digər tərəfdən onu sıxırdı. Axı uzun illər keçmişdi. Ötən bir dəqiqəni geri qaytara bilmədiyimiz halda o illəri qaytarmaq istəyirdi. Uşaqlığına dönmək, 17 yaşında kiçik qız olmaq arzusu üsyan edirdi  içində. 

Niyə dönmək istəyirdi ki? Axı hüznü, kədəri var idi o günlərin. Onun üzündən gülüşü almağı  bacaran günlərə niyə dönmək istəyər ki, insan?

“Kaş dönə bilsəm, illərə hökm oxuya bilsəm” dedi qısıq səslə. Xatırladı bu gün yenə sevincini, şad günlərini, sevdiklərini, həyət boyu o tərəfə-bu tərəfə  qaçdığı günləri, atasını, atasının zarafatlarını, şirin, doyulmaz söhbətlərini, anasının bişirdiyi dadına doyulmaz yeməklərini. Nələr düşdü yadına...

“17 yaşımda olsaydım daha cəsarətli olardım... Edəcəyim hər işdə, demək istədiyim, deyə bilmədiyim sözlərdə cəsarətli olaydım kaş. Onsuz da dəqiqələri saatlar, saatları günlər, günləri həftələr, həftələri aylar, ən pisi isə ayları geri dönməyən illər əvəz edirdi. Niyə insan böyüməyə  bu qədər tələsir? 

Kaş 18 yaşımı bu qədər  arzulamasaydım! Mükəmməl, səhvsiz olmağa bu qədər çalışmazdım. Çox ciddi deyil, şən olardım. Başqa yoldaşlarım kimi deyib-gülər, oynayar,  qaçar, düşməkdən heç qorxmaz, həyatımın BAHARINI yaşaya bilərdim.

İmtahan vaxtı necə tez yaxınlaşırsa hər yeni il də eyni sürətlə yaxınlaşırmış. 17 yaşıma dönə bilsəydim məni yönləndirən yaxınlarımı dinləyib “təki oxuyum təhsilim olsun hansısa fakultəyə qəbul olum” deməzdim - bununla kifayətlənməzdim. İstədiyim peşəyə sahib olmaq üçün  çalışardım. İllərin itməsi sözünə inanmazdım, çünki belə bir şey yoxdur. Universitet həyatından sonra iş tapmağım çətin olacaqdısa belə ən azından öz  sevdiyim sahə üzrə 4 il oxumuş olardım. Bəlkə belə daha az xəyal qırıqlığı ilə dolu bir həyatım olardı. Daha çox yerləri gəzər, pula bu qədər qənaət etməzdim. Ən azından sevdiyim bəzi əşyaları alardım. 

Dərslərinə fikir vermiş, əylənməyə isə yetərincə vaxt ayırmamış biri olaraq heyiflənmə səbəbim az əylənməyim olmazdı kaş. Bəzi şeyləri məcburiyyətdən deyil, özüm istədiyim üçün edər, yaxud da istəmədiyim üçün etməzdim”. Sevda xanım köks ötürərək davam etdi: “Bu qədər çox deyil də, az düşünərdim”s. 

Çünki ailəsinə, sevdiklərinə, vətəninə çox düşkün biri idi və hər xırdalığı belə özünə dərd  edər, düşünər, bir carə, yol  axtarardı daim. Birinin dərdli olduğunu görüb yanından heç nə etməmiş keçə bilmirdi. O insanı mütləq danışdırar, niyə ağladığını, dərdinin nə olduğunu öyrənər ona  təsəlli verməyənə, üzünü güldürməyənə, göz yaşını qurutmayana qədər əl çəkməzdi. Bəlkə elə bu da Sevda xanımı vaxtından əvvəl böyüməsinə, daim fikirli olmasına səbəb olmuşdu.

İçində vardı bir dünyası 17 yaşında idi, amma daxilən çoxdan böyümüşdü. İllər keçdikcə o, az gülməyə, daha ciddi olmağa başlamışdı. 

Dilə gəldi içindəki səs:

“17 yaşıma qayıda bilsəydim gülüşümü itirməz bərk-bərk saxlardım. Kiminsə səhvini düzəltməyə, nə də ki, baş verənlərdə öz günahımı axtarmağa çalışmazdım. Bu qədər dərdi, kədəri yığmazdım qəlbimə” dedi. Dedi və gözlərində bir müddətdir dalğalanan göz yaşları  yanaqlarından süzülərkən göründü. Keçmiş günlərin xatirələri, peşmançılıqları, ürək döyüntülərini belə artırmışdı. 

“Kaş anam daha nəvazişli olardı” dedi. Xatırladı, əslində heç unutmamışdı da: Bir gün anasının yanında yuxu tutmuşdu onu. Anası onun saçlarına sığal çəkmiş, üzündən öpmüşdü. İçi-içinə sığmamışdı həmin an. Yuxudan ayılsa belə gözlərini açmamışdı. Bu an ona şirin yuxu kimi gəlmişdi. 

“Bu qədər vaxtından əvvəl böyüməyib, qayğıları üzərimə götürməsəydim, uşaqlığımı doya-doya yaşasaydım. Axı hər an bizə sadəcə bir dəfə verilir. Hər gün saatın əqrəbləri eyni rəqəmlər üzərindən keçib fərqli olduğu kimidir həyatımızın da hər günü” deyə içindən keçirdi.

Ən çox sevdiyi işlər rəsm çəkmək, musiqi alətində ifa etmək, şeir yazmaq idi. Həvəsini qırsalar belə, o, bu qabiliyyətlərindən əl çəkməsəydi kaş. Uzun fasilələr verdi rəsmə, musiqiyə, amma yenə qayıtdı sevimli işlərinə. Gec də olsa kimsəyə izah edə bilmədiyi hisslərini məhz rəsm və musiqiylə bölüşürdü. 

Gec idimi uğur qazanmaq üçün? Əsla, heç bir zaman gec deyil. Hər zaman gələcəyə doğru addımlamaq lazımdır. 

Baş verənləri, insanları dəyişməyə, mehribanlıq yaratmağa çox çalışmışdı. Lakin bu o qədər də  asan deyildi. Nəticədə özü dəyişməyə, hüznlü, kədərli, daim fikirli olan bir insana çevrilmişdi. 

Evdə olan əşyalar xatirələrin canlanmasına və Sevda xanımın gözlərindəki yaşların çağlamasına  səbəb olurdu. Zərif əlləri ilə göz yaşlarını yanaqlarından ayırdı. “Bəlkə də heç nəyi dəyişməyə çalışmaq lazım deyildi” deyə pıçıldadı və davam etdi:

“Öz həyatınımı yaşasaydım, sevgimi daha çox göstərsəydim sevdiklərimə... Bu qədər məsuliyyətli olmaq, səhv etməkdən qorxmaq lazım deyildi. Ailəm istəmir deyə sevdiyim bəzi dostlarımdan ayrılmamalı idim”.

Əslində Sevda xanım çoxdan anlamışdı ki, həyatda tək etdiklərimizə görə deyil, etmədiklərimizə görə də peşman oluruq. Çünki o da eyni halı yaşayırdı.

Sevda xanımı acı, şirin duyğulardan, xatirələrdən, fikirlərdən qapının zəngi ayırdı. O, həyətə çıxaraq qapıya yaxınlaşdı. Qapını açdı. Gələn sevimli, ona çox düşkün olan nəvələri Çiçək və Yusif idi. Nəvələrini görən Sevda xanım çox sevindi. Yusif əlində olan gözəl gül buketini nənəsinə tərəf uzadaraq onun üçün çox darıxdıqlarını dedi.Sevda xanım nəvələri üçün gözəl çay süfrəsi hazırladı. Çaylarını içərək şirin-şirin söhbət etməyə başladılar.

“Kaşki” deməmək üçün bəzi işləri vaxtında etmək lazımdır. Sevdiyin, arzu etdiyin işlərin ardınca getmək, cəsarətli olmaq, sevmək, əylənməyi bacarmaq kimi. Əgər 17 yaşın varsa, 17 yaşını doya-doya yaşa. Yaşının, gülüşünün, sevdiklərinin, çıxan günəşin, hər anının qədrini bil.

Bu gün axşamın gəlişi ilə bitə bilər, lakin hər gecənin mütləq bir sabahı var. Səhər isə bir başqa  gün başlayır - təkrarsız, yeni. Bu günü dünəndən fərqli etmək, daha gözəl yaşamaq isə yenə də  öz əlimizdədir. Həyatınızda heç bir zaman peşmanlıq yaşamamağınız və yolunuzda günəşinizin daim var olması diləyi ilə...

Şərhlər : 8 Şərh yaz
Lale 24 may 2016 20:36  

Sima xanım çox super yazmisiz sanki özünüzün həyatınızı bu yazının içində eks etdirmisiz

Fatime 24 may 2016 20:37  

Cox gozel.Cooox beyendim

Gülnar 25 may 2016 22:07  

Ela

Aysen 26 may 2016 18:44  

Gözel hekayedir .Men bele deyerdim ureyinize -ellerinize sagliq.Her gunumuzu sukurle dolu arzuladigim kimi yasamaga çalisdiginiz üçün cox sag olun !!!!!!!  

Quliyeva cicek 26 may 2016 21:05  

Duzu oxumazdan evvel ne qeder maraqli ola biler deye dusundum).amma birinci cumleden menivadar elediki oxuyim cox beuendim .Halal olsun

Aygun Quliyeva 28 may 2016 06:06  

Ela Sima. Geleceyin var senin

Aytac 28 may 2016 22:26  

Möhtəşəm bir yazı, afərin Sima uğurlarının ardı gələr inşallah

Bacin Firuze 10 iyun 2016 12:02  

Eziz bacim cox super yazmisan.Ugurlarin bol ve davamli olsun.Eziz bacim Allah dayagin olsun her zaman.Opdum eziz bacim seni.

Yeni hekayelerini oxuyariq insallah...

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar