İntellektual pafos

Orxan Həsəni

7-06-2017, 13:21 Oxunub: 511
Bu gözəlim ölkəmizdə yağışdan sonra göbələk kimi hər gün bir birlik ortaya çıxıb öz həqiqətini canfəşanlıqla, pafos və yalançı müdrikliklə müdafiə etsə də, öz ağzı tüpücəkli, başı bitli düşüncələri ilə tozanaq yaratmaqdan və adına fəaliyyət dedikləri şeylərlə hər dəfə kütlənin içində olan qorxunu bir az da böyütməkdən başqa bir işə yaramadıqlarını demək mümkündür. 

Ölkəmin nə etmək istdiklərini bilməyən bu romantik gənclərinin adına mübarizə deyib yürütdükləri şeylər tarixin balıq yaddaşında və toz basmış, toxunulmağı gözləyən rəflərində dəfələrlə təkrar olunaraq məğlubiyyətin öldürücü mürgüsündə yuxulayıb. Satqınının, sədaqətlisinin məlum olmadığı, liberalının soyunmaq, sosialistinin “ölkəni satmaq”, azadlıq istəyənin içində anarxizm bişirdiyi ölkəmin publarda oturmaqdan qeyri iş bilməyən o mübarək gəncliyinin ilk gözü kölgəliyi xilas etmək istədikləri xalqın qarşısındadır. İlk öncə xalqa məğlub olan, onun mənafeyini, düşüncəsini, arzusunu və həyata baxışını bilmədən onun uğrunda kəllə-mayallaq mübarizə aparan bu birliklərin hədəfləri də öz məğlub olmuş keçmişləri kimi qaragürhuculuqdan, “basməmmədlik” dən o tərəfə getmir. Bundan isə yalnız düzgün mübarizə metodu ilə xilas olmaq mümkündür.

Düzgün mübarizə metodu bizi daltoniklikdən, hər şeyi pis və yaxşı olaraq bölməkdən, çürük prosesin dialektikasına girməkdən və onun bir parçası olmaqdan qorumalı, yeni ideaların, yeni metodların yaramağına şərait yaratmalıdır. Siyasət günümüz üçün nə qədər önəmli olsa da bu prosesi tam olaraq dərk etmək üçün Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsərinə müraciət etmək yetərlidir. Qreqor Petrovun “Bəyaz Zanbaqlar ölkəsində” dediyi kimi.

İstədiyiniz kimi qununlar, seçim qanunvericilikləri yaradıb ən liberal qanunları qəbul edib, sosializmin və ya kommunizmin sehrli gücünə inana bilərsiniz. Amma bizim övladımız olan yüzminlərlə uşaq həyata önəmsiz və acız fərdlər olaraq başlayacaqsa hansı parlament olursa olsun səfil, kasıb və iyrənc həyata, yaşayışa məhkum olacağıq. Məmurlar xalqa etinasızlıq göstərəcək, banklar “siyasi yalançı” , millət vəkilləri isə xalqın belindən pul qazanan alverçilər olaraq qarşımıza çıxacaqlar. Məktəblər yeni nəsillərin qəlibi və beynini qurudan yerlər olaraq almağa davam edəcək, mətbuat isə bədənini satmaqla yaşayan fahişəyə bənzəyəcək* (Q. Petrov-Bəyaz zanbalar ölkəsində-səhifə 63)

Nümunədən göründüyü kimi, məsələyə ümumilikdə siyasi yox, tamamilə ictimai aspektdən yanaşmaq lazım gəlir. Özü-özünü dərk edən, vətəndaş məsuliyyətlərini hiss edən, yalnız tacir təfəkkürü ilə düşünüb talançı, parazit həyatı yaşamayan, həm də dünyaya yaratmaq, nəsə vermək gözü ilə baxan insanlarımız olmadıqca dəyişən hər şey “keçəl Həsən, Həsən keçəl” müqayisəsindən o tərəfə getməyəcək. Bu həqiqətə aparan yol isə böyük qəlbli insanların birləşməsindən keçir. Yalnız birləşmək və kütlənin sağlam şəkildən marifləndirilməsi, xalqa çevrilməsi yolu ilə mədəni təməlləri gücləndirmək lazımdır. Mariflənmiş, öz vətəndaş məluiyyətini hiss edən, yaradan xalq sonsuz da öz həqiqətini özü təyin etməkdə aciz qalmayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar