Mikrofondan qorxan kitab mağazaları

Orxan Həsəni

10-06-2016, 10:40 Oxunub: 1544
Didro deyir ki, hər kim ki, kitab oxumursa o şəxs düzgün fikirləşə bilməz. Bu gün cəmiyyətimizdə baş verən bir çox boşluqları düzgün istiqamətdə oxunmuş kitablarla asanlıqla aradan qaldırmaq olar. Bunun üçün isə ilk öncə kitabı sevdirmək, onun insana verə biləcəyi əsrarəngiz gözəlliyi aşılaya bilmək lazımdır. Bu zaman cəmiyyətin öndə gedən ziyalıları, o cümlədən kitab satıcıları işin içində olmalıdırlar.

Ziyalı ona görə narahat olmalıdır ki, o birbaşa cəmiyyət qarşısında məsuliyyət daşıyır. Kitab satıcıları isə işin mənəvi tərəfini kənara qoysaq, maddi anlamda bu işdə xeyir götürən tərəflərdən biri ola bilər. Ancaq iş praktikada tamam anlaşılmaz yönlərdə irəliləyir. Bu gün daha savadlı, dünyagörüşlü, intellektual səviyyəyə malik olan bir cəmiyyətdə yaşamağı qarşısına məqsəd qoyan, bu məqsəd uğrunda çoxşaxəli mübarizə aparan, qısa müddət ərzində isə böyük uğurlara sahib olaraq geniş izləyici kütləsinə yiyələnən "Kitabıstan"ın fəaliyyət istiqamətlərindən biri də insanlarda kitab oxumaq vərdişlərinin aşılanmasına nail olmaqdır. Bunun üçün ən başlıca girişimlərdən biri də kitab mağazalarından müsahibələrin alınması, kitab mağazalarının insanlara tanıdılmasıdır. Ancaq məsələ göründüyündən daha qəlizdir.

Ona görə ki, bizə hələ də qaranlıq olan səbəblərə görə bizim bir çox kitab satıcılarımızda kamera fobiyası və ya da cəmiyyətin hal-hazırki durumuna qarşı nəhəng bir etinadsızlıq var. Bu fobiya və ya etinadsızlıq anlaşılmazdır. Gün ərzində müraciət etdiyimiz bir çox kitab mağazası təklifimizə rədd cavabı ilə münasibət bildirib. Müraciət etdiyimiz İçərişəhər Kitab Evinin satıcısına layihəmiz və məqsədlərimiz haqqında geniş məlumat verməyimizə baxmayaraq sadəcə "mən müsahibə verməyəcəm" deyərək bizi həm təəccübləndirib həm də təəssüfləndirib. Əslində isə sadəcə verəcəyimiz bir neçə suala qısa cavablar tələb olunurdu.

Ardınca müraciət etdiyimiz Rəsul Rza küçəsindəki Milli Elmlər Akademiyasının kitabxanasında da eyni münasibət ilə qarşılaşdıq. Uzun gözləmədən və zənglərdən sonra müsahibə verə bilməyəcəklərini dedilər. Ali və Nino kitab mağazasında da eynilə proses təkrar olundu. Bu böyük etinasızlıq qarşısında olduqca mütəəssir olmağımıza baxmayaraq həmin qurumların iç üzlərinin bizə məlum olmağı xeyirli oldu.

Yenidən sözümü böyük mütəfəkkir Didronun fikrinə gətirmək istəyirəm. Doğrudan da kitab oxumayan bir insan düzgün fikirləşə bilmir. Bu insanların düzgün fikirləşmədiklərini əminliklə deyə bilərəm, oxuduqları kitabların da bir para puçdan ibarət olmağı tam təmannasız olaraq cəmiyyətə xidmət göstərməyə çalışan "Kitabıstan" komandasın etdikləri hörmətsizlikdən bəlli oldu.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar