Dövrümüzün 37-si

Orxan Həsəni

22-05-2016, 13:43 Oxunub: 999
Tarix boyu bir-birindən böyük faciələr yaşadığımızı hər birimiz bilirik. Bunlar arasında ən dəhşətlisi XX əsrin 30-cu illərinin sonunda baş verən hadisələr idi. Bu hadisələrin miqyası ona görə böyük idi ki, prosesin sonu düşünən bir nəslin məhv olmasına gətirib çıxardı.

Əlbəttə, sorğulamayan bir kütləni idarə etmək asan idi. Bunun üçün tarix boyu istifadə olunmuş ən dəhşətli metodlardan biri seçildi və "rejimə sədaqətli olmamaq" damğasıyla olmazın işgəncələrə məruz qalıb ən sonda ya infaz olundular, ya da sürgünə göndərildilər.

Hələ Mikayıl Müşfiqin başına gətirilən hadisələrin dəhşəti saymaqla bitməz. Həbsdə olduğu zaman hər gün bir dırnağı çıxarılan ziyalımızın çəkdiyi işgəncələr sanki ona bunu edənlərə zövq verirdi. Bu dəhşətli faciələri törədənlər isə çox təəssüf ki, öz qanından-canından olan adamlar idi. Bu gün Hüseyn Cavid, Mikayıl Müşfiq , Əhmət Cavad və s. ziyalılarımızın əsərləri orta məktəb dərsliklərində var. Ali məktəblərdə bu ziyalılarımız haqqında ağız dolusu nitqlər, mühazirələr deyilir. O dövrün çətinliklərini və həmin şəraitdə həqiqəti deməyin mümkünsüz olduğunu ah-vayla çatdırmağa çalışırlar.

Prinsip olaraq bizim millət ən azı 50 il düşüncə sarıdan geridədir. Bu gerilik həm az qala fiziki anlamda, həm də düşüncə anlamındadır. Fiziki anlamdan ona görə ki, adamların əksəriyyətinin neçə il bundan əvvəl iflasa uğrayan "şəxsiyyətə pərəstişdən" çıxa bilmədiyinin, düşüncə sarıdan isə ac qalsa, səfil günündə yaşasa belə "Yaşasın Stalin" deyən zehniyyətdən uzaq olmadığını görə bilirik.

Bəs bu günü kimin əlinə verməliyik? Həqiqət dünəndə deyil, dünən uzaqdır, onu dəyişmək olmaz. Onu ancaq şərh etmək lazımdır. Onu isə yalnız bu gün etmək olar. Deməli həqiqət bu gündədir. Bu günlə gələcəyi də yaza bilərsən. Təəssüf ki, millət olaraq bu gündən üz döndərmişik, onun hədsiz imkanlarından və gücündən istifadə etməkdə acizlik göstəririk. Sabaha inanmırıq. Bəs 37-ci illər ilə günümüzün fərqi nədir? Yenə də yalan damğalarla həbs olunan, işgəncələrə məruz qalan bir nəsil yoxdurmu? Sorğulamayan kütləni idarə etmək indinin özündə belə asan deyilmi? 30-cu illərdəki vasitələrdən istifadə olunmurmu? İnsanlar həqiqət naminə danışmağı, yalan naminə susmaqdan üstün tutmurlarmı? Bəs o zaman millət olaraq son 70 ildə bəşəri inkişaf qarşısında hansı uğurlarımızdan danışa bilərik? Tarixi şərh etmək yox, onu dəyişmək lazımdır.

Bu gün adını narkotik istifadə edərək həbs olunan adamlar siyahısında görüdüyümüz neçə adam haqqında sabah hansı alovlu nitqlərin deyiləcəyinə, orta və ali məktəblərdə bu insanlar haqqında danışılacağına - necə ki, bu gün 30-cu illər hadisələrində həlak olan insanlar haqqında danışılır - heç bir şübhə etməyə dəyməz. Dünya təcrübəsi bunu bizə gün kimi aydın şəkildə görünür edir. Əlbəttə, həqiqət bir gün parıldayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar