Ölüm sondurmu?

Həmid Məmmədov

13-04-2016, 14:17 Oxunub: 675
Ölüm sondurmu? Məncə yox, sonun başlanğıcıdır... Hər kəs azcada olsa bu dünyada olub-bitəndən xəbərdadır. Bir çox şeylərin şahidi oluruq, ən əsası müharibələrin, terrorun, cinayətlərin...

Konfutsi deyir ki: "İnsanları nə üçün öldürürsünüz? Bir az gözləyin, onsuz da öləcəklər". Şahidi olduğumuz bir çox hadisələr yaşadığımız dünyaya aiddir, bəs ölümdən sonrası nədir? Ölüm əbədi bir yuxu deyil. Ölüm - ölümsüzlüyün başlanğıcıdır, heç kim bunu anlamadığına görə, bu başlanğıcdır. Gəlin bu başlanğıc olan dünyamız üçün yaşıyaq...

Sual yaranar ki, biz bu dünyamız üçün ne edə bilərik? Cavab olaraq həmişə içimdən bir səs deyir, "gələcəyimiz üçün əlindən nə gəlirsə onu etməlisən!" Bəzən şübhəyə düşürəm ki, heç nə edə bilməyəcəm, heç bir şeyi dəyişmək qüdrətinə sahib ola bilməyəcəm. Tükənmək təkcə fiziki yorulmaqla olmur. O insan tükənir ki, öz gücünə inanmır. Çünki xaricimizdəki dəyişim birinci daxilimizdən başlayır. Ümidlərim qalmayanda həmişə iki şəxsiyyəti gözümün qabağına gətirirəm: Çingizxan, və Mahatma Qandini.

Qandi deyirdi ki, "Birinci səni veclərinə almayacaqlar, sonra lağa qoyacaqlar, sonra qısqanacaqlar və ən sonunda sizə məğlub olacaqlar". Nə olsun ki, çətin olacaq? Böyük uğurların yolu əzablardan və itkilərdən keçir. Nə olsun ki, siz çox çalışırsınız və sizdə hələ ki, heç nə alınmır? Cəsarətli olmaq həmişə düzgün seçimdir. Nə olsun ki, insanlar sizin ideyalarınızın arxasınca getmir və siz həyatdan əzab çəkirsiniz. Qandi də Çingizxan da insan idi, onlar sənin yaşadığının iki qatını yaşamışdılar. Onların bacardığını sən niyə bacarmayasan...

Psixoanaliz elminin banisi Ziqmund Freyd ilk dəfə Avropada öz nəzəriyyəsi ilə elm adamlarının önündə çıxış edəndə onu məsxərəyə qoymuşdular. Buna baxmayaraq, o, öz araşdırmalarına davam etdi və sonda səhnədən qovulmasına səbəb olan psixoloji nəzəriyyəsinə görə "Höte" mükafatına layiq görüldü.

Böyük Britaniyanın baş naziri olmuş (1940-1945, 1951-1955) Uinston Çörçill XX əsrin ən böyük siyasi xadimlərindən biridir. 65 yaşında seçkiləri uduzmasına baxmayaraq, baş nazir vəzifəsinə təyin olunub. Kral keçmiş baş nazirin fəaliyyətinə etimadsızlıq səbəbindən son qoyandan sonra Uinston Çörçilli baş nazir təyin etdi.

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn dörd yaşına qədər danışmayıb, yeddi yaşına qədər adi sözləri belə oxuya bilməyib. Hər kəs onu qabiliyyətsiz və əqli cəhətdən qüsurlu hesab edərkən, Eynşteyn müasir fizika elminin əsasını qoydu. Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən, bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü hesab olunur.

Dünya ədəbiyyatında əvəzedilməz rola sahib yazıçı Lev Tolstoy təhsil aldığı hüquqşünaslıq fakültəsindən xaric edilib. Universitetdə dərs deyən müəllimlər onu bacarıqsız və istetadsız hesab edirdilər. O isə dünyanın ən dahi yazıçılarından biri oldu. Dünyanın elə bir yeri yoxdur ki, orda "Hərb və sülh"ü kimin yazdığını bilməsinlər. Tolstoy "Hərb və sülh" və "Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realizmin yüksək zirvəsində qərar tutur.

Məşhur holland rəssam - postimpressionist Vinsent van Qoq həyatı boyu yalnız bir əsərini satmağa müvəffəq olub. Onu da yaxın dostunun bacısı alıb. Özü də 50 dollara. Dahi holland rəssam 800-dən çox şedevr əsər yaradıb və hazırda bu əsərlərin qiyməti 1 milyard dollardan başlayır. Təəccüblüdür, elə deyilmi?

Məgər bular azdır? Hər bir insanın etməli olduğu və istədiyi şeylər var ki, onu mütləq yerinə yetirməlidir. Amma bizdə insanlar öz potensiallarını ortaya qoymaq istəmirlər. Azərbaycan Respublikasının 60 faizi gəncdir, bu gənclik bir olmadıqdan, iş görmədikdən sonra sıfıra bərabərdir. Gəlin bu gəncliyi sıfır etməyək. Birliyimizi göstərək və görmək istədiklərimizi, etmək istədiklərimizi edək. Bununçün fədkarlıq və öz mənfəətlərimizdən keçib ümumi mənfəəti ortaya qoymalıyıq. Etmək istədiklərimizi gələcəyimiz, övladlarımız, millətimiz, dövlətimiz üçün edək və yaradaq.

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar