Adəm və “Adəmöncəsi” insan irqləri

İlqar Balayev

10-03-2016, 18:43 Oxunub: 1248
Allah Bəqərə surəsinin 30-cu ayəsində buyurur: “Ya Rəsulum, sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” dedikdə mələklər: “Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. Allah onlara: “Mən bildiyim şeyi siz bilmirsiniz” buyurdu.

Burada sual olunur ki, mələklər Adəmin yaradılışından əvvəl haradan bildilər ki, insan qantökən və fəsad törədəndir?

Adəmdən öncə insan kimi varlıqlar mövcud idi ki, xəlifətullah olmasalar da, insana məxsus digər xüsusiyyətlərə malik idilər. Mələklər də onların yaşayış tərzinə görə bildilər ki, qan tökəndir. Bəzi nəzər sahibləri Adəmdən əvvəl insanlar olduğuna bu ayəni dəlil gətirirlər. Bu fərqlə ki, xəlifətullah deyildilər. Buna görə də daha çox qan tökürdülər. Mələklər də buna görə etiraz etdilər. Amma Allah xəlifətullah məqamına işarə edərək səhv etdiklərini deyir. Bu da onların əvvəlki insanlardan əsas fərqidir. Ayədə ilk insan olaraq Adəmdən söhbət açılmır. Yalnız yer üzərindəki varlığın yaradılışından söhbət açılır ki, mələklər onun xəlifətullah məqamından bixəbər idilər.

“Xəlifə” özündən əvvəlki məxluqata xələf olması anlamına gəlir. (Məsələn, bizim dədə-babalarımız yaşayıb öldükdən sonra bizim nəslin onların yerinə keçməsi ilə biz onların xələfi sayılırıq).

Həmçinin rəvayətlərdə işarə edilir ki, Adəmdən əvvəl insanlar olmuşdur. İmam Baqir Cabir ibn Yezidə deyir: “Sən elə güman edirsən ki, Allah yalnız bu aləmi yaratdı və güman edirsən ki, sizdən başqa bəşər yaratmadı? Allah minlərlə aləm və minlərlə adəm yaratdı. Sən bu aləmlərin və adəmlərin sonuncususan”.

Qədim insan məskənlərində aparılan tədqiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il əvvəl başlamışdır. Hansı ki, Adəmin yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil, Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı.

Qeyri İslami mənbələrdə isə deyilir ki, Adəm Atlantistdə ortaya çıxan yeni bir irqin prototipi idi. Ondan əvvəl “adəmlər” də mövcud idi. Bu halda Adəm, müəyyən bir insan proto-genotipə verilən bir ünvan idi. Təbii olaraq, digər aborigen (yerli) insan növlərinə görə daha inkişaf etmiş quruluşda idi.

Araşdırmaçı Donelliyə görə Adəmin yaradıldığı Cənnət baxçası, Axirətdə - Behiştdə deyil, yer üzərində bir bölgədir. Bu bölgə, tufan öncəsi bir yer olan Atlantis adlanırdı.

Adəmin yaradıldığı həmin yer Behişt ola bilməzdi. Çünki Allah, Quranda cinləri və insanları Ona ibadət etsin deyə yaratdığını bildirir. Behişt isə ibadət yeri deyil. İbadət yalnız dünya aləmi üçündür.

Bütün bunlara əsasən də, Adəmin övladlarının kiminlə evlənməsi sualına da cavab tapmış oluruq. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur. Bəzi mənbələr qeyd edir ki, Qabil öz qardaşı Habili öldürdükdən sonra qaçaraq başqa bir obaya yerləşmiş və orada evlənmişdir.

İslam alimlərindən bəziləri əmindirlər ki, Adəm yer üzünə ayaq basan ilk insan olmayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar