İstədiyin Hər Şey Pərdə Arxasındadır

İlqar Balayev

3-03-2016, 16:26 Oxunub: 1024
Bu mətnin xəyalımda yaranan təsəvvürünü yaratdım.

Gəncləri düşərgəyə (lagerə) aparanda, həmişə onlara çox sayda kurslar qoyub yormayın, bəzən praktik bir təlimlə də nəsə öyrədin. Məsələn, bir gün gənclərə axşam yeməyi verin, amma qaşıq paylamayın; şorba verib deyin ki, üzr istəyirik, uşaqlar, bu axşam qaşıq olmayacaq. Baxarsınız, biri əsəbləşəcək, biri lağ edəcək, biri bağıracaq... bir sözlə, gileylər biri beş qəpikdən havada uçuşacaq: "Necə yəni, bu axşam qaşıq yoxdur? Əşi, bunlar işlərini bilmir. Pəh! Belə də şey olar? Dəlixanadı, yemək gətiriblər, qaşıq gətirməyiblər... Dərdimizə bir baxın ha, qaşıq yoxdur, indi necə olacaq, əlimizlə yeyəcəyik?"

Biri deyinə-deyinə şorbasını kasadan içəcək; bir başqası təsadüfən yanında gətirdiyi qaşığı istifadə edəcək; biri öz qaşığını başqasına verəcək; bir başqası dostuna yandı-qındı verəcək ki, "bax hələ, sən özünlə qaşıq gətirməmisən, amma mən gətirmişəm, öl ha!..." Xülasə, hər kəs gerçək rəngini üzə çıxaracaq.

Bütün bunlardan sonra əlinizdə qaşıqlarla onlara yaxınlaşıb xoş bir təbəssümlə, deyin ki: "Uşaqlar, qaşıqlarınız daim, bax, burada idi - pərdənin arxasında. Bu, sadəcə xırda bir sınaq idi. Gözəl reaksiya verən hər kəsə təşəkkür edirik". Sonra ehmalca qaşıqları paylayın. Görəcəksiniz ki, hamısı utanacaq, xəcalətdən başlarını aşağı salıb susacaqlar. Siz bu yolla onları (bəlkə də həyatlarında ilk dəfə olaraq) məhz özləri ilə rastlaşdırmısınız; onlar başqasından deyil, özlərindən utanacaqlar. Çünki bu sınaq bir ayna rolunu oynayaraq onlara özlərini göstərib.

Həyatımızdakı bir çox əksiklər də belədir - pərdənin arxasında. İndi nə arzulayırsan? Evlənmək? Nə qədər cəhd edirsən, alınmır? Əlləşirsən, olmur? Buradadır, pərdənin arxasında. İnan! Pərdənin arxasındadır. Ev istəyirsən? Pərdənin arxasındadır. Yaxşı gəlir istəyirsən, amma çalışırsan nəsə alınmır? Burdadır, pərdənin arxasında, fəqət Allah hələlik vermir. Bilərək vermir bunları. Hər kəs bunları tapmaq üçün min bir əzaba qatlaşıb, gecəsini gündüzünə qataraq hər yeri axtarır. Tapmırsa da dəliyə dönür, üsyan edir, həyatını daha da betər edir.

Amma Allah vermir, hələ ki vermir, qəsdlə vermir.

Soruşa bilərsiniz ki, yaxşı bəs axı bu gecikmənin fəlsəfəsi nədir?...

Allah səni özünlə qarşılaşdırmaq istəyir, səni özünə göstərərək özünü düzəltməni istəyir. Başqa yolla sən heç vaxt əsl özünü görməyəcəksən. Qüsurlarını isə heç görməyəcəksən, axı özünü sevirsən... Elə biləcəksən ki, çox böyük insansan. Amma bu sınaq bir ayna kimi səni əks etdirir, özünü apaydın görürsən - müsbətini də, mənfini də.

İlahi sınaq həmişə nəyisə öyrənmək üçün deyil, nəyisə öyrətmək üçün olur. Axı O, sınaqsız da hər şeyi bilir.

İndi həmin düşərgədəki o gecəki gənclərə başqa bir axşam, məsələn desəniz ki, "bu gün axşam yeməyi yoxdur". Gülüb, rahatlıqla "problem yoxdur!" deyəcəklər. İnanın mənə, elə bax, belə, "problem yoxdur!" deyəcəklər. Nə giley olacaq, nə güzar, nə əsəb, nə gərginlik. Hətta üzlərində razılığın gözəlliyini də sezəcəksiniz; baxacaqsınız ki, o məlum AYNA sayəsində təvazökarlığı və təmkinli olmağı öyrənib, əxlaqən ucalıblar artıq.

Artıq "axşam yeməyi yoxdur, durun qalxın gedək" – desələr belə, "yaxşı, problem yoxdur, bir gecə də yeməksiz gedərik" – deyəcəklər. "Niyə artıq şikayət etmirsiniz?" – deyə soruşsalar, cavab verəcəklər ki, "niyə şikayət edək ki, yemək pərdənin arxasındadır. Xeyr, biz bir dəfə daha xəcalət çəkmək istəmirik, bilirik ki, bu sadəcə bir sınaqdır".

Bu minvalla gənclərə həm özlərini göstərmək, həm də "hikməti" öyrətmək olar - hər şeyin (hər qüsurun, çatışmazlıq və problemin) bir hikməti olduğunu.

Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. (Ali-imran, 154)

İstədiyin Hər Şey Pərdə Arxasındadır

Təsvirdəkilər:


Ən soldakı həm pərdədir, həm də qapı.
Yuxardakı qara zülmətin yavaş-yavaş itməsidir.
Hamar yer və qırış yer mövzunun əsas yeridir. Yəni istədiyimiz şeylər divar arxasındadır kimi görünür, (hamar yer) əslində isə pərdə arxasındadır. (qırış yer) 
Ortadakılar kiçik güzgülərdir. İnsanın özünə baxıb oyanması üçün. Ayna həm də digər insanlardır. Qırmızı rəng də qan ləkələridir. Yəni bu olduqca əzablı bir yoldur.
Saçaqlı kəndir isə pərdəni aralayan və qapını açan iradə gücüdür.

Əl işi İlqar Balayevə məxsusdur.
Şərhlər : 2 Şərh yaz
Saida 3 mart 2016 16:45  

Yo pis deyilsen İlqar)

Saida 3 mart 2016 16:46  

Yaxshı)

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar