Qadınlar niyə tələb etməlidir?

Saida Saidova

19-09-2016, 12:20 Oxunub: 1416
Yeni bir dövrün astanasındayıq. İlk addımlarını atmağa başlayan bu dövr “Tələb edirəm” adlanır. Hansı ki əsrlərdir mənən və ruhən əzilən, hüquq və haqları tapdalanan, sadəcə “seksual obyekt” kimi görünən, məişətdən çıxa bilməyən, tək vəzifəsi uşaq saxlamaq olan, göz açmağa imkan verilməyən qadın əsri bitdi! Bu dövrdə qadınlar cəmiyyətin irəli getməsi üçün tələb edəcək. Gender bərabərliyinin tarazlanması üçün ilk əvvəl qadınlar da kişilərlə eyni pillədə durmalıdır.

“Tələb edirəm” feminizmin izlərini daşımır özündə. “Tələb edirəm” sadəcə son 100 ilin ən böyük qadın hərəkatının giriş hissəsidir. Dünya məkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinin inkişaf etməsində, ən böyük inqilabların kölgəsində hər daim bir qadın dayanıb. Cəmiyyətin müasir qadın obrazı dedikdə ilk ağıla dəbdəbəli geyimli, işgüzar stiliylə göz oxşayan qadınlar gəlir. Halbuki əksər qadınlarımız gününü sadəcə gəzməklə, "selfie" çəkməklə, evlənmək və övlad sahibi olmaqla keçirirlər. Ancaq heç kim lider olmaq istəmir, heç kim cəmiyyəti dəyişmək istəmir, heç kim elmə yeni tövhə vermək istəmir, heç kim adını tarixə yazacaq ixtiranın sahibi olmaq istəmir.

Qadının liderliyi müxtəlif dövlətlərdə və ictimai idarəetmə mərkəzlərində qərarların tərtibində onun iştirakıdır. Azərbaycan dövlətinin qadın hüquqlarının nizamlanmasında xüsusi cəhdlə işləməsinə baxmayaraq hələ də bəzi rayon və kəndlərdə qadın hüquqlarının tapdalanmasının şahidi oluruq və bunu da "milli mentalitet" kimi qələmə verirlər. Kimisi “stereotiplərinizi qırın” deyərkən dəyərlərimizi də yıxıb atın demir. Azərbaycan qadınlarının güclü potensialı olduğunu əsrlər boyu bütün dünyaya çatdıran minlərlə qadın siyasətçilərimiz, alimlərimiz, mədəniyyət və incəsənət xadimələrimiz olub. Biz Azərbaycan qadınını Nigar Şıxlinskaya, Aynur Sofiyeva, Zərifə Əliyeva, Şəfiqə Axundova, Həmidə Cavanşir, Zemfira Məftixatdinova kimi və bu ölkədəki bir çox ilklərin başında görmək istəyirik. Azərbaycan qadını liderlikdə ön sıralarda ola biləcəyini o vaxtlardan sübut edib. Ancaq o, bunun üçün əvvəlcə öz hüquqlarını bilməli və fəaliyyətində də istifadə etməyi bacarmalıdır. 

Qadın liderliyinin formaları: siyasi, iqtisadi, ictimaidir.

1) Siyasi forma – qadınların dövlət hakimiyyətinin ali və yerli Qanunverici və İcraedici orqanlarında, o cümlədən, qadın dövlət rəhbərləri, siyasi partiyaların, BMT və s. kimi beynəlxalq təşkilatların rəhbərliyində olmasıdır.
2) İqtisadi forma – qadınların iqtisadi məsələlərlə məşğul olan milli dövlət orqanlarında aparıcı mövqe tutması, o cümlədən, idarə, müəssisə və təşkilatlarda rəhbər, yüksək idarəetmə nişanına malik beynəlxalq və regional maliyyə müəssisələrində işçi olmasıdır.
3) İctimai forması – qadınların vətəndaş cəmiyyəti sferalarında, özünüidarə orqanlarında, QHT-nın ictimai hərəkatlarında, kütləvi informasiya vasitələrində təmsil olunmasıdır.

Bizim məqsədimiz qadınların əliylə ictimai rəyi yaratmaqdır...

“Cəmiyyətin müsbət istiqamətdə inkişaf etməsi üçün qadın tələb etməlidir” - bax, budur bizim şüarımız. Gələcək nəsil üçün milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin inkişafı adına bu şüar dilimizdən düşməməlidir. Hər birimizi cəmiyyətə qazandıran bir ana obrazının olduğunu unutmamalıyıq. İlk olaraq da təhsildə qızlarımızın qarşısında sədd çəkməməliyik. Tərəqqi etmək üçün təhsil şərtdir. Erkən yaşda evlilik və övlad sahibi olan orta təhsili belə olmayan kiçik qız o övlada nə verə bilər axı? Nə o övlada hədəf aşılaya bilər, nə də ki, stimullarla dolu bir yol göstərə bilər. Əgər kişilər qadınlarımıza şərait yaratsalar, onlar da öz potensiallarını ortaya qoyaraq əlverişli işlər görə bilərlər. “Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da cəmiyyətsiz çürüyür” – deyirdi Cəfər Cabbarlı.

Ona görə də tərəqqi biz qadınların əlindədir! İstəsək, ailəmiz üçün də, cəmiyyət üçün də faydalı ola bilərik. Bunun üçün bir qədər səy göstərmək tələb olunur! 
Şərhlər : 1 Şərh yaz
Təhminə 21 sentyabr 2016 23:28  

(Y)

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar