Qadın

Saida Saidova

3-03-2016, 16:33 Oxunub: 819
Ölən sevginin canlı abidəsinə çevirər bir qadın kişini. Dünyanın ən uzun gecəsinin 21 dekabr olduğunu düşünərkən sizi tərk etdiyində dərk edərsiniz doğrunun yanlış olduğunu.

Nə qədər dil bilsəniz də, bu tərk edilməyin ağrısı tərcüməsiz qalacaq qəlbinizə. Ən uzun cümlədir bir qadının boyunu. Hər damarına bir hərf gizlədər. Siz o damarları tətqiq edərkən əlifbanı öyrənə bilərsiniz. Qadın pərvanə misalıdır. Alovundan qaça bilməzsiniz. Sırf qadındır deyə toxunmayın, insan olduğu yerdən qucaqlayıb bağrınıza basın. Sevdiyiniz qadın sizdən getdiyində matəm elan edin, bayraqları yarıya qədər endirin. Sevin, cənablar, çox sevin.

Qadınınızdan qazandığınız o həlim şəfqəti göz bəbəyi kimi qoruyun. İtirmək adı altında xarakterinizin dərininə nüfuz etmiş o qorxunu qadınınıza əks etdirməyin, o uçurumu ürəyinizdə bəsləməyin. Bir də baxarsınız ki, ovuclarınızın qırışlarına da həbs etsəniz, uçub gedər sizdən.

Qadın böyük qüvvədir. Qadınınızı qoruyun. Siz doğru məhəbbət aşılasanız, o yaranıza duz olmaz, əksinə öz canından, qanından qoparıb verər sizə. Başınızda hirsdən törəmə bir ağrı yerləşdirməz qadın, qayğısından çələng hörər. Siz onunla oyun oynayıb sədaqətini imtahana çəkirsinizsə, o da şərtlərə uyğunlaşıb sizin vicdanınızı imtahana çəkər.

Qadın zərif anlayışdır. Damarlarınızda vəhşiliyin dövran etməsinə izn verməyin, bəylər. Vicdan sərpişdirin bir çimdik. Qadın xəfif və hür canlıdır. Barmaqlarınız yad qadınlara ismarış yazmasın öz qadınınız duran yerdə. Aşiq qadının göz yaşı elə müqəddəsdir ki, o barmaqları qangren etməyə qadirdir. Qoyun ən gözəl duyğularınız barmaq uclarınızda çiçəklənsin sevdiyiniz qadınçün.

Eyni anda buludların fövqünə ucaldar sizi bir qadın. Dəhşətli qaydalar məcəlləsi ilə saxlamayın köksünüzdə bir qadını. Dözməz, həssasdır... Bir qadın saçlarının haləsində isidə bilirsə sizi, onu xoşbəxt edin ki, o da əlçatmaz ənginliklərdə sayrışan dünyasına alsın sizi.

- Sevin və sevin...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar