Ölkədə əmin-amanlığı qoruyun

Vəli Şükürov

20-02-2016, 15:27 Oxunub: 635
Dinlər, məzhəblər və təriqətlər arasında həmişə fikir ayrılıqları və çəkişmələr olub. Bəzən bu fikir ayrılıqları kütləvi qırğınlara səbəb olub, qan su yerinə axıb və heç kəs də, heç vaxt, heç bir fayda əldə etməyib. Əksinə, qarğış yiyəsi olub və məsələni bir qədər də qəlizləşdirib.

Bu gün bir çox ölkələrdə müharibələr və qarşıdurmalar baş alıb gedir, qan su yerinə axır, zalım insanlar qocaya, qadına və uşağa baxmadan, haqsız yerə dinc əhalini qırır. Halbuki, hamımızı yaradan Allah, başda Qurani Kərim olmaqla bütün səmavi kitablarda haqsız yerə qan tökməyi haram buyurub.

Bu xüsusda Quranda belə buyurulur: Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin - Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız (əl-Ənam, 151).

Qurandan xəbəri olan insanların hamısına - yəhudisinə də, nəsranisinə də, atəşpərəstinə də, bütpərəstinə də, hətta dinsizinə belə, məlumdur ki, İslam dini sülh əmin-amanlıq dinidir və bəşəriyyətə qarşı zorakılıq etməyin əleyhinədir. Allahın mübarək kitabı, həqiqətən də, insanları ancaq əmin-amanlığa çağırır.

Bu xüsusda Uca Allah buyurur: Allah, Onun rizasını arayan şəxsləri bu Quranla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir - (əl-Maidə, 16).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) apardığı istənilən döyüşə nəzər salsanız görərsiniz ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) düşmənə həmişə, ilk əvvəl sülh təklif edib. Düşmən bununla razılaşmadıqda onlarla vuruşur. Lakin düşmənlə vuruşanda belə ədalət prinsipini pozmayıb, qarşı tərəfdə olan zəiflərə - qadınlara, uşaqlara və s. dəyməyib.

Hər bir müsəlman, Allahın verdiyi nemətlərə, ələlxüsus da, əmin-amanlıq nemətinə şükür etməlidir;

Bu xüsusda Peyğəmbər (səllallahu aleyhi və səlləm) deyib: Kim əmin-amanlıq içində, canı sağlam, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxıbsa, ona sanki dünya bəxş edilib.

Azərbaycanın dahi şairi Nizami Gəncəvi belə deyib:

Bir sağlıq, bir bolluq, bir də əmniyyət,
Üç nemət gərəkdir insana fəqət.
Yeməyin, geyməyin oldumu yetər,
Artıq dürrdür, ləldir, hədərdir hədər.

Nizami tərk eylə sən bu dünyanı,
Onun tikanları dalayar səni.
Beş günlük dünyadır sən düşün bunu,
Nə oldu Bəhramın ömrünün sonu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar