Roman haqqında 0,5 hekayə

Nicat Həşimzadə

17-04-2020, 10:24 Oxunub: 2787
1. YAZI MASASI, KOMPÜTER, "WORD SƏHİFƏSİ"

2020-ci ilin yaşadığımız aylarında ən çox müzakirə olunan kitablardan biri, bəlkə də birincisi Aqşin Yeniseyin “Tarix və tale” romanı oldu. Məncə, roman təkcə son 4 ayın yox, ümumilikdə ilin ən çox müzakirə edilən ən mənfi halda 3-4 kitabından biri olacaq. Əslində məmləkətimizdə bir kitab ətrafında müzakirələrin olması çox təəccüblü, təəccüblü olduğu qədər də faydalıdır. Müzakirələri səbirlə müşahidə etdim və zamanla bu qərara gəldim ki, kitabı oxuyan adamlar üç qrupa bölünür.

1) Tərifləyənlər
2) Tənqid edənlər
3) Qınayanlar

Romanı tərifləyənlərdən biri də mən oldum. Bu haqda az sonra... Mətnlərdə qoyduğumuz bu üç nöqtələrə el dilində “sözünü balnan kəsim balanın toyunda” deyirlər. Televiziya əməkdaşları isə biz yazıçıların üç nöqtəsinə reklam fasiləsi deyir.

Hərdən mənə elə gəlir ki, mənə heç nə gəlmir. Və oturub düşünürəm ki, görəsən niyə uzanıb düşünmürəm. Həmin məqamda da ağlıma gəlir ki, sənət elə həmin üç nöqtənin ətrafında dolanır. Sənətin mərkəzi, istinad nöqtəsi elə həmin üç nöqtədir. Bəs üç nöqtənin mahiyyəti nədir? Üç nöqtə insana nələrinsə gəldiyi, nələrinsə gəlmədiyi məqamdır. Bu üç nöqtədə sənət adamının narahatlığı gizlənir. Sənətin narahatlığı isə sənət adamı əyləşəndə də, uzananda da, ayaq üstə dayananda da əl çəkmir.  Narahatlıq, xaos sənətin ikinci, bəlkə də birinci adıdır. Üç nöqtə həm də tarix və tale dilemması arasındakı bir yerdir. Və ol səbəbdən də yəqin edirəm ki, xalqımız tarix və tale arasındakı həmin üç nöqtənin qeyri-müəyyənlik halıdır.

2. ŞUBERTİN SERENADASI SƏSLƏNİR

Gələk romanı tənqid edənlərə. Təəssüflər olsun ki, dünyanın ən vacib əsərlərinin, xüsusən də, son illərin ən möhtəşəm kitablarının çox az qismi Azərbaycan dilinə tərcümə olunub. Tərcümələrin də çoxunun səviyyəsi yaxşı deyil. Ancaq belə ağır şərtlər altında çalışan, gözünün nurunu verən tərcüməçilərə minnətdaram. Hər halda bacardıqlarını edirlər. Yetərincə ciddi kitablar var ki, onları doğma dilimizdə oxumaq şansımız yoxdur. Bu vəziyyəti nəzərə alaraq Aqşin Yeniseyin romanını anlamayan oxucuları və yazıçı dostları anlaya bilirəm. Çünki dünya ədəbiyyatında son 60 ildə yazılan romanlardan əksər yazarımızın, oxucumuzun xəbəri yoxdur. Kiməsə deyəndə ki, qardaş son 60 ildir ki, dünyada belə romanlar yazılır, inanmırlar. Zaman çox sürətlidir. İnsan zamanın sürəti ilə ayaqlaşa bilmir. Müasir insanın dramatik süjetə, yüksək həyəcana ehtiyacı yoxdur. Müasir insan çağdaş dünyanın gərginliyini zatən hiss edir. Əlavə problemlərlə üzləşmək istəmir. Onun yenilikçi, alternativ düşüncələrdən ibarət romanlara ehtiyacı var.  Mən 60 il bilirəm, bəlkə daha öncədən belə romanlar yazılıb.

3. SƏS GƏLİR: "İŞIĞI SÖNDÜR, YATAQ"

O ki qaldı Aqşin Yeniseyi və romanı qınayanlara onlara heç bir sözüm yoxdur. Mən qınayan, dinləmək qabiliyyətində olmayan, özünü hamıdan ağıllı sayan adamlara zaman sərf etməyin faydasız olduğunu düşünürəm.

Böyük yazıçı olmağın yolu həm də etiraz etmək cəsarətindən keçir. Aqşin Yenisey də daim öz unikal düşüncəsi olan, azad fikrini deməkdən çəkinməyən aydınlarımızdan biridir. Ziyalı sözünü sevmədiyim üçün aydın yazdım.

Mən romanı niyə bəyəndim? İndi bu suala cavab yazım. Oxuduğum əsərlərdə axtardığım ən birinci amil müəllifin səmimiyyətidir. Əgər əsərdə avtobioqrafik məqamlar varsa və müəllif saxtakarlıq edib bütün hadisələrin mərkəzində özünü görürsə, ulduz olmaq iddiasına düşürsə belə müəllifləri oxumaq faydasızdır. “Tarix və tale” romanındasa nəzərdə tutduğum səmimiyyəti gördüm. Bu roman Azərbaycanın dünənini, bu gününü və müəllifin yazdığı problemlər həll olunmasa, qaçınılmaz faciəvi gələcəyini göstərir. Qəhrəmanımızın atası sənəti səbəb yox, nəticə sayır. Romanı oxuduqca anlayırsan ki, biz hələ xalq ola bilməmişik, kütləyik. Könül istərdi ki, məmləkətimizin insanlarının rasional təhlil qabiliyyəti olaydı. Sənətin səbəb yox, nəticə sayılması bizim topluma xasdır. Nə qədər yazıçımız sənəti nəticə sayıb sənət vasitəsi ilə dövlətlə bazarlıq edib və nə qədər insanımız səfil yazarların fikirlərini önəmsəməyib, həmin bahalı yazıçıları alqışlayıb. Bu tip şair, yazarlar siyasi rejimlər nə qədər dəyişirsə dəyişsin dövlətlə bazarlıq etməyə davam edirlər. Bir gün kommunist, bir gün millətçi ola bilirlər. Xalq onları sevir, alqışlayır, amma onlar xalqı müdafiə etmirlər, xalqın dərdləri, problemləri haqda danışmaq istəmirlər. Maraqlısı odur ki, xalqımız yenə də incimir, bu adamları qəhrəman saymaqda davam edir. Romanın əsas mesajlarından biri də odur ki, heç kəs gəlib bizi xilas etməyəcək. Özümüzə böyük qardaş, nüfuzlu qəhrəman axtarmaqla uğur qazana bilmərik.

Romanda zehniyyətimizdə olan sağlam ailə modeli darmadağın olunur və ailələrdə gerçək vəziyyətin necə olduğu təsvir edilir. İnsanlar biri-birilərindən bezsələr də birlikdə yaşamağa məcbur olurlar. Zamanla bütün səmimiyət itir, bütün gözəl hisslər yerini həyatın saxtakar reallığına qurban verir. İnsanlar ona görə evlərinin ətrafındakı hasarları böyüdürlər ki, ailələrindəki bu saxtakarlığı, bu qeyri-səmimiliyi başqaları görməsin. Qəhrəmanımızın anası üçün dünyanın ən müqəddəs kitabı əmək kitabçasıdır. Bu cümlə çox uğurlu tapıntıdır. Ölkəmizdə nə qədər belə adam var? Məqsədsiz, məramsız sadəcə maaş üçün yaşayan nə qədər insan var.

Əsl tısbağa çanağının altında olduğu kimi, əsl insan da əxlaq zirehinin içindəkidir.

İnsan özünü sərhədləyir, əxlaq zirehinə bürüyür, bir gün o zireh dağılanda insan sərhədləri aşır. Çünki heç bir mədəniyyət, heç bir cəza insanın təməl hisslərinə, ilkin prinsiplərə qalib gələ bilmir. İnsan təbiətən vəhşidir. Onun vəhşiliyi əsasən ac qalanda görünür. Əxlaq zirehini dağıdan ən güclü səbəb aclıqdır.

Ənənəvi düşüncədən əziyyət çəkən insanlar onların uğrunda mübarizə aparan İsa, Musa qardaşlarını anlamırlar. Bu məqamda Jan Jak Russonu xatırlayaq. “Kütlə təşəkkür etmək qabiliyyətinə sahib deyil, o ancaq söyə, qarğış edə bilər, kütlə üçün ən mənasız adam onun haqlarını müdafiə edən adamdır”.

Romanın süjetini danışmayacağam, maraqlananlar kitabı oxusalar, yaxşı olar.

İnsan qorxudan da cinayət törədə bilər. Həmçinin özünü isbat ehtiyacı da insanı qatil edə bilər. Con Lennonun qatili kimi: “Dünənə qədər mən heç kim idim, bu günsə Con Lennonun qatiliyəm”.

Dustaqlarla bağlı hadisələr mənə çox pis təsir etdi. Əsəbiləşdim. Dustaq Lalın ölümü məni çox ağrıtdı. Çünki onun ziyarətinə heç kəs gəlmirdi.

Oxuculara ərk edib məsləhət bilirəm ki, İsayla Musanın dialoqunu xüsusi diqqətlə oxusunlar.

4. EDAM SƏHNƏSİ

Bir axşam çağı, şər qarışanda mərkəzi meydanda edam səhnəsi. Kralın hökmünü oxuyan yüksək səslə:

- Sən onlarla adamın qatilisən, sən ölümə məhkumsan. Gilyotin başını üzəcək.  

Aaaa, bu necə ola bilər? Edama məhkum adam Çikatilodur axı.

Çikatilo qışqırır:

- Ata, oğul və Müqəddəs ruh naminə hamınızı lənətləyirəm.  

Həbsxanada insanları güllələyən, onların acizliyinə gülən, məzələnməkdən həzz alan Çikatilo deyəsən dünya həqiqətini edam kürsüsündə anlamışdı. “İsanın, Musanın, Məhəmmədin qədrini bilməyən dünyaya onsuz da yaxşılıq yaramır” zehniyyəti ilə yaşayan Çikatilo edam anında da kimdənsə xeyirxahlıq gözləmir, əfv diləmirdi.  

Kənardan bağırtı eşidildi:

Dayanın, kral Çikatilonu əfv edib.

Çox qəribə hadisə idi. Çörək oğrusunu edam etdirən kral onlarla adamın qatilini bağışlamışdı.

İlahi, bu nədir? Məhbəsdəyəm, Çikatilo əlində silah məni nişan alıb. Üzərimə qışqırır:

- Vətəndaş Həşimzadə, məhbus İsa, Musa qardaşlarını müdafiə edən yazılar yazdığın üçün ölümə məhkumsan.

İlk güllə sol ayağıma, ikincisi sağ ayağıma dəyir.

Əzab içində deyirəm:

- Ürəyimi nişan al, Çikatilo, ağrıdır axı.  

İsa və Musa mübarizələrini gələcək nəsillər - bizim üçün etdiklərinə görə onları müdafiə edəcək yazılar yazmaq borcum idi.

3-cü güllə səsinə diksinirəm, yuxudan ayılıram. Əlimi ürəyimin üzərinə qoyub döyüntüsünü hiss edirəm.

Sən demə hamısı yuxu imiş, Kompüter, yazı masası, Şubert, evdəki səslər, edam səhnəsi. Dərd odur ki, yazdığım yazı da yuxu imiş. Gərək şər qarışan vaxtı yatmayaydım.

Yatağımdan qalxıb yazı masamın arxasında əyləşirəm. Kompüteri yandırıb, yeni səhifə açıram. İndi Aqşin Yeniseyin “Tarix və Tale” romanı haqqında yazacam. Amma tənbəllik edirəm.  Eybi yox, yazmasam da olar, Aqşin Yenisey belə şeylərə fikir verən deyil.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar