Faciəmiz nağıllardan başlayır

Nicat Həşimzadə

27-03-2020, 20:21 Oxunub: 202
Bu haqda uzun müddət düşünmüşəm. Görəsən, niyə bizim nağıllarımızda vahid ideoloji xətt yoxdur? Nağıllarımızın uşaqlara verdiyi mesaj nədir? Azərbaycan nağılları uşaqların düşüncəsinə necə təsir edir?

Ən məşhur nağıl qəhrəmanımız Məlikməmmədin məqsədi nə idi? Atasının alma bağını qorumaq. Yəni mahiyyət budur ki, ən məşhur nağıl qəhrəmanımızın məqsədi padşah atanın alma bağındakı almaların oğurlanmasına mane olmaqdır. Məlum olur ki, məqsəd maddidir. Padşah ata gənc qalmaq üçün cavanlıq alması yemək istəyir. Həmin bu zalım ata başa düşür ki, cənnət almasına gedən yolda övladları ölə bilər. Amma o, buna əhəmiyyət vermədən oğullarını ölümə göndərməkdən çəkinmir.  Məlikməmmədi qardaşları quyuya atmırmı?

Biz iki mənfi hadisəni ilk baxışdan görürük. Bu nağıl bizə lazımdırmı? Folklor xalqın yaddaşıdır. Xalqımızın təhtəlşüurunda Məlikməmməd necə xatırlanır? Atasının almalarını qorumaq məqsədinə görə gecə yatmamaq üçün əlini kəsib yarasına duz basan, fırıldaqla divi məğlub edən uğurlu obraz kimi. Amma dərin düşünək. Məlikməmməd bizə lazımdırmı? Bizim nağıllarda da məqsəd maddidir. Tıq-tıq xanım nə istəyir, kimi axtarır?  Onu müdafiə edəcək, maddi-sosial tələbatını ödəyəcək dost.

Müasir təfəkkürlə baxsaq Məlikməmmədin atası hansısa bol gəlirli rayonun icra başçısıdır. Div isə vergi sistemi və ya korrupsiyaya qarşı mübarizə idarəsidir. Məlikməmməd atasının mülklərini, pulunu bu divlərdən qorumaq üçün min bir fırıldağa əl atan “qəhrəman” oğuldur. Və Məlikməmməd onu da gözəl bilir ki, atasının ərköyün oğlu odur. Axı, son beşikdir. Məlikməmməd onu da yaxşı bilir ki, Div atasının mülkünü, var-dövlətini müsadirə eləsə o, qara “Qalenvagen”dən məhrum olacaq. Əgər bahalı maşından məhrum olsa, rayonun fiquralı səy qızları daha sevməyəcək onu.

Ümumiyyətlə bizim nağıllarımızda həmişə divi “neprav” çıxarırlar. Div bizim nağıllarımızın ən bədbəxt qəhrəmanıdır. Bəlkə bu səbəbə görə biz div, əjdaha olmaqdan qorxuruq və taleyimizə Tıq-tıq xanımı aldadan siçan, qarğanı aldadıb pendiri oğurlayan, həccə gedən tülkü olmaq yazılır.

Axı Cırtdan da divi aldatmışdı. Bizim nağıl qəhrəmanlarımız yaxşı yalan danışa bilirlər. Fırıldağı, aldatmağı çox əla bacarırlar. Axı bizim bu Tıq-tıq xanım da dozanqurdudur. Görəsən, başqa heyvan yox idimi? Niyə məhz dozanqurdu? Tıq-tıq xanım siçanla dost olmaq istəyir. Bizə çətin məqamda, bataqlığa batanda mütləq uzun quyruqlu varlıqmı lazımdır? Əgər Tıq-tıq xanıma müasir düşüncəylə baxsaq o, ən yaxşı halda heç bir savada, xüsusi istedada malik olmayan, məktəbi zorla bitirən, bəzək-düzək xəstəliyinə tutulmuş qızdır. Onu ancaq varlı adama ərə gedib, gələcəyini təmin etmək maraqlandırır. Nitsşenin təbirincə desək, onun üçün uşaq məqsəd, kişi vasitədir. Bəlkə də savadına dərin rəğbət bəslədiyim Abdulla Şaiq bu nağılda tülkü və çobanın simasında o zamankı hökumətin  idarə etməsindəki qüsurlarını göstərməyə çalışıb.

Hərçənd ki, bu nağılı mənim nəzərdə tutduğum ideoloji istiqamətlərə aparmaq çətindir. Padşahın, haqqında danışdığımız əlahəzrət icra başçısının ən birinci məqsədi cavanlıq almasından yeyib gəncləşmək və qadınlarla əylənməkdir. İndi bu yaşımda bu nağılları oxuyanda dəhşətə gəlirəm. Biz bu nağıllarla uşaqlara nə öyrətmək istəyirik? Belə faciəvi nağıllar olarmı?

Ədəbiyyatımızda belə hədsiz pafoslu məqamlar çoxdur. Məsələn, İsgəndərə anası deyirdi ki, sən Zevsin oğlusan və qəribə məqam odur ki, həmin İsgəndərə Nüşabə ədalət dərsi keçir.

Süjet xətti eynən Məlikməmməd nağılına bənzəyən bir rus nağılı var. Söhbət “Yeraltı hakimiyyət” nağılından gedir. Sadəcə iki nağıl arasında ciddi fərqlər də var, məsələn, Məlikməmməd hökmdar ataya xidmət edirdi və nağılın gedişində də görürük ki, xilas etdiyi qız da hökmdar qızıdır. Xilas etdiyi qıza qədər artıq neçə qız Divin qurbanı olmuşdu. Məlikməmmədsə növbə hökmdarın qızına çatanda xilaskar rolu oynayır. Rus nağılının qəhrəmanı İvansa məhəbbətinə qovuşmaq üçün hökmdar atasına qarşı mübarizə aparır. Fərq odur ki, biz hətta folklorumuzda da padşahların çirkin məqsədlərinə xidmət edirik. Bu ənənə sonra ədəbiyyatımızda da davam etdi. Məsələn, Mirzə Cəlil “Ölülər” əsərinin girişində yazır ki, Allah sənə rəhmət eləsin, Qoqol. Mirzə Cəlil bu əsəri Qoqolun “Ölü canları”ndan təsirlənərək yazmışdı. Bu səbəbə görə Qoqola xitab edir. Ancaq fərqli bir məqam var. Qoqol əsərində kübar cəmiyyəti, sistemi tənqid edirdi. Mirzə Cəlilsə sistemi tənqid etmir. Şeyx Nəsrullahı yetişdirən, göndərən sistemə bir söz demir. Ziyalı İsgəndəri nüfuzdan salan rejimə söz demir. Sadəcə cahil camaatı günahkar çıxarır. Bir sual da meydana çıxır: “Kefli İsgəndər” ziyalı idimi? Əli Şəriətinin gözəl bir sözü var. Deyir ki, xalqının cahilliyinə gülən adamdan ziyalı olmaz. Əgər sən ziyalısansa, o zaman cəhalət niyə var?

Sizi deyib gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım. Çalışaq ki, xalqımızın inkişafı naminə həmrəy olaq. Ol səbəbdən ki, biz məğlubiyyətə haqqı olmayan sonuncu nəsilik. İncildə deyilən, Ata, Oğul və Müqəddəs ruh anlayışlarından ən sonuncusu bizik. Biz Müqəddəs Ruhuq. Müqəddəs Ruh məğlub olsa, gələcək nəsillərimiz unudulmaz məğlubiyyətlə doğulacaqlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar