Volter, Russo və çağdaş dünya (I hissə)

Nicat Həşimzadə

10-05-2018, 01:31 Oxunub: 681
Volter “Kandid, yaxud optimizm” adlı kitabında gələcəyə inamı tənqid edərək bildirirdi ki, biz artıq bütün mümkün dünyaların ən yaxşısında yaşayırıq. Volter gələcəyə inam fəlsəfəsini tənqid etsə də, “biganə adam düşməndən daha qorxuludur” deyirdi.

Gəcələyin uğurlu olacağına inanmamaq olar, ancaq çağdaş dünyaya, sənətə, mədəniyyətə biganə qalmaq olmaz. Bu biganəlik böyük fəlakətlərə yol aça bilər. Bu əsər haqqında ayrıca esse yazmışam. Həmin fikirləri təkrarlamaq istəmirəm. Maraqlananlar “Qogenin ikinci qadını” adlı kitabımda “Eldoradodakı cənnət” yazısını oxuya bilər. Volter kral əleyhinə yazdığı satiraya görə döyülmüş, sonra həbs olunmuşdu. O, kral hakimiyyətinin məhdudlaşdırılmasını, xüsusi imtiyazların ləğv edilməsini istəyirdi. Dini xurafata qarşı mübarizə aparırdı. Volter Kandid yaxud optimizm adlı əsərində Eldoradonun gözəlliyini, mədəniyyətini təsvir edir.

Volteri İngiltərəyə üç illik sürgün etmişdilər. Yəqin ki, Volter Eldorado dedikdə məhz İngiltərəni nəzərdə tuturdu. Volter kvakerlər haqqındakı yazısında göstərir ki, bir çox xristian İncilə yalandan and içir. Ancaq kvakerlərin “hə” və ya “yox” sözlərinə hakimlər inanırlar. Volterin yazdıqlarını və Volter haqqında yazılanları oxuyanda Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərini xatırlayıram. Volter mədəni təşəkkülü İngiltərədə görmüşdüsə, Əhməd bəy Ağaoğlu mədəni təkamülü, sənətin aliliyini Fransada görmüşdü.

Viktor Hüqonun Volterin ölümünün 100- cü il dönümündəki nitqi yüzlərlə kitaba bərabərdir. Bu nitqi oxuyarkən insan sənətin əsl mahiyyətini dərk edir. Volter insanların vicdanına xitab edirdi. Haqq tərəfdarı olmaq çox çətindir. Ədalət tərəfdarı olan insan hər zaman öldürülməyə, döyülməyə, maddi və mənəvi işgəncələr yaşamağa hazır olmalıdır.Volter 82 illik ömrünü əzablar içində yaşadı. 100-dən çox təxəllüsdən istifadə etmişdi. Volter haqqında danışarkən onun “Fanatizm” əsərindən bu fikri yazmamaq günah olar:

“Fanatiklərinin cilovu, çox vaxt, fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər; deyilənə görə, dağlarda yaşayan bir Qoca, bu sayaq fanatiklərə cənnəti bu dünyada daddırarmış, sonra da bu, dadı damaqdan getməyən yaşamda sonsuza kimi ömür sürə bilməyin tək yolunun, onun dediyi adamı öldürmək olduğunu onlara aşılayarmış, elə bu dediyimiz fırıldaqçılar da, o Qocanın tayıdırlar”.

“Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu, artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişdə, çox böyük çılğınlıqla Müqəddəs Parisin möcüzələrindən danışan insanları görmüşdüm, onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləti görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər”.

(Tərcümə Araz Gündüzə məxsusdur)

Volter yazır ki, hətta sərt qanunlar belə fanatizmin qarşısında aciz qalır.

Gəlin, səmimi olaq və düşünək. Azərbaycanda fanatizm varmı? Təbii ki, var. Bunun qarşısını necə almaq olar? Əgər ciddi maarifçilik fəlsəfəsi, sərt qanunlar fanatizmlə mübarizədə uğur qazanmayıbsa, başqa nə etmək olar? Ölkəmizdə fanatizm var. Bunun maddi və mənəvi səbəbləri var. Maddi səbəb odur ki, insanlar pula inanırlar. İnsanların qidaya ehtiyacları var, onlara pul lazımdır. Onlara pul verən adamları dəstəkləyirlər. Onlar üçün pul verənin kimliyi, əqidəsi, dini maraqlı deyil. Onlara sadəcə pul lazımdır. Mənəvi səbəb dedikdə mən həmin adamların iradəsizliyini ifadə etmək istəyirəm. İnsan iradəsiz olanda, mübarizə əzmini itirəndə şikara çevrilir. Təbiət zəifləri bağışlamır.

Bizim də Volterimiz olub. Məsələn, Axundovu Şərqin Volteri hesab etmək olar. İnanın ki, mən mübaliğə etmirəm, tam səmimi deyirəm. Əhməd Ağaoğlunu Azərbaycanın Russosu hesab etmək olar.

Jan Jak Russonun həyat tərzi çox qəribədir. O, digər filosoflarla münasibətində həmişə əziyyətlər çəkib. Feytxvangerin "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi" romanını oxuyarkən Russonun həyat tərzi ilə tanış olmaq olar. Yeri gəlmişkən, gərək bu romanı təkrar oxuyum. Bəzi hissələri unutmuşam. Roman haqqında danışmaq niyyətində deyiləm. Maraqlananlar tapıb oxuya bilərlər. Şərq-Qərb nəşriyyatında Dünya Ədəbiyyatı Kitabxanası seriyasında çap olunub.

Russo Maarifçi filosofların bəzi fikirləri ilə razılaşmırdı. Maarifçi filosofların zəkanının aliliyini, fərdi maraqları, şəxsi istəkləri ön plana çıxardıqları vaxt Russo bu fikirlərə qarşı özünün ümumi iradə nəzəriyyəsini təklif edirdi. Həmçinin Russo zəkanın aliliyi ilə bərabər hisslərin də əhəmiyyətli olduğunu bildirirdi. Russo haqqında danışarkən mən onun azad tərbiyə ideyasını xatırlayıram. O bildirir ki, insan həyatı özü yaşamalı, özü-özünü tərbiyə etməlidir. Onu heç nəyə məcbur etmək olmaz. İnsanın gərək öz yaşamı, öz təcrübəsi ola. Maarifçi filosoflara görə şərə ancaq elmlə, rasional təfəkkürlə qalib gəlmək olar. Yəni, bilik dərinləşdikcə şərə qalib gəlmək olar. Russo isə hesab edir ki, şər sivilizasiyanın, dünyanın özündədir, insanın öz təbiətindədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar