Mənim Məkkəm

Nicat Həşimzadə

13-06-2017, 18:42 Oxunub: 924
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır.
- Bəqərə, 115

Volterin “Kandid və ya optimizm” əsərində Kandidin müəllimi Panqlos deyir ki, həyatda nə olmalıdırsa, o da olur. Hər şey zərurətdir, hər şey yaxşılığa hesablanır. Panqlos düşünür ki, bütün pisliklər yaxşılığa doğru atılan addımdır. Lakin Kandid insanların oda atılaraq yandırıldığını, aclıq, səfalət içində yaşadıqlarını gördü. Bu səbəbə görə də Kakambonun “optimizm nədir?” sualına belə cavab verir:

- Mənim indi anladığıma görə, optimizm çox pis anlama gələn sözdür. Hər şey çox pis olanda, hər şey çox yaxşıdır demək - optimizm adlanır.

Din nə üçün var? İnsan nə üçün yaranıb? Dünya insan üçün yaranıb, yoxsa insan dünya üçün? Bu suallar düşüncənin təməl suallarıdır. Leybnits hesab edirdi ki, Allah bizim üçün yaşaya biləcəyimiz ən mükəmməl kainatı yaradıb. Yaşadığımız kainat Allahın yaratdığı ən möhtəşəm məkandır.

Lakin insanlar xoşbəxt deyil, onlar həmişə çox sual verirlər.

Təəssüflər olsun ki, Azərbaycanda inancında sədaqətli olan adamlarla yanaşı ibadətini “cənnət” mükafatına satan adamlar da var. Bəzi inancsız insanlar hesab edirlər ki, 5-6 min manat xərcləyib Məkkəyə getməyə ehtiyac yoxdur. Allahın evə ehtiyacı yoxdur, onun evi insanın qəlbidir.

İnsanların seçimlərinə müdaxilə etmək olmaz. Amma peyğəmbər əfəndimiz də buyurub ki, qonşularınızı, qohumlarınızı, dostlarınızı düşünün, onlarla aranızda nifaq yaratmayın. Əgər qonşumuz acdırsa, dostumuzun övladı səfalətə görə təhsil ala bilmirsə, biz də bütün bunlara göz yumaraq əlimizdə olan pulu Məkkə ziyarətinə xərcləyiriksə, həqiqətənmi Allah bu hərəkətimizi məqbul sayacaq? 

Bəzən mənə deyirlər ki, Məkkəyə getmək mütləqdir. Sən bunu ölkənin problemlərini unudub milyonlarını Bodrumda, Antalyada xərcləyənlərə danış. Bodruma, Antalyaya milyonlarını xərcləyib məmləkətinin inkişafı haqqında düşünməyən adamlardan əlimi çoxdan üzmüşəm.

İstər dindar ol, istər ateist ol fərq etməz. Yetər ki, dövlətinə sadiq ol. Dinlər bəşəriyyəti pisliklərdən təmizləmək üçün yaradılmışdı. Bu mənada Kandidin müəllimi haqlı idi. Hər yeni fikir insanların xoşbəxtliyi üçün yaradılır. Lakin biz “qüsur yaradılışda, yoxsa yaradılandadır” sualına cavab axtarsaq, məncə çox düşünmədən nöqsanların səbəbkarının yaradılan olduğu qənaətinə gələrik. İsadan sonrakı xristianlıq öz həqiqi məqsədlərinə xəyanət etdi, İblisin şirin vədlərinə satıldı. Təəssüflər olsun ki, xristianlığın yaşadığı məğlubiyyəti İslam dünyası da yaşadı.

Allaha dua etmək üçün İran və ya ərəb torpağına baş qoymağa ehtiyac yoxdur.

Mənim Məkkəm Azərbaycandır. Mənim Məkkəm yoxsulluq səbəbindən ali təhsil ala bilməyən Azərbaycan gəncliyi, hüquqları tapdalanan, qayğı görməyən uşaqlardır. Bir zamanlar düşünürdüm ki, görəsən Cənnət olmasaydı nə baş verərdi? İnsanlar yenə də öz inancına sadiq qalardılarmı? İnsan hər addımda öz şəxsi mənfəətini düşünməməlidir. Bir zamanlar intellektualların əksəriyyəti deyirdilər ki, din bəşəriyyəti zəhərləyir. Lakin İkinci Dünya Müharibəsindən sonra Eynşteyn Paris konfransında deyirdi:

“Elm bu zamana qədər kölələr yaratmaqdan başqa iş görə bilmədi. Müharibə zamanı elm bizi zəhərləyir, sülh dövründə isə rahatlığımızı əlimizdən alır. Elm insanı əvvəlki köləlikdən xilas edib texnoloji cihazların köləsinə çevirdi. Elm bəşəriyyətin ən dəhşətli silahıdır”.

Bəlkə problem nə dində, nə də elmdədir. Problem insanın eqosu, çirkin məqsədləri, dini və elmi məqsədlərinə alət etməsidir?

Aristotel deyir:

“Qəlbin maariflənməsi beynin maariflənməsindan vacibdir. Vicdan olmadan elmli olmaq təhlükəlidir”.

Cismən burda olub, fikrən başqa yerdə olan adamlar, sizi mənim Məkkəmə - Azərbaycana dəvət edirəm. Sizi mənim Məkkəmə ona görə dəvət edirəm ki, gözəl məmləkətim Azərbaycan Volterin Eldoradosu qədər möhtəşəm olmağa, cənnətə dönməyə layiqdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar