Zəmanəmizin qəhrəmanları

Nicat Həşimzadə

9-06-2017, 16:29 Oxunub: 435
Təəssüflər olsun ki, uzun illər ərzində riyakar, saxtakar, satqın adamlar Azərbaycan gəncliyinə sağlam nümunə kimi təqdim edilib. Yanlış nümunələrə görə illərimizi itirdik. Sonra həmin satqın, yalançı adamları özlərinə nümunə sayan yaşlı nəsil nümayəndələri gənclərin savadsız, əxlaqsız olduğunu dedi.

Tinlərdə domino, nərd oynayaraq “tin ağsaqqallığı”ndan başqa iş görməyən mənasız insanlar bizə həyat dərsi keçmək niyyətindədir.

“Zəmanəmizin qəhrəmanları kimlərdir” sualı çox ağır sualdır. Çünki bu gün bizim zəmanəmizin qəhrəmanı kimdirsə, gələcəyimizi də o yaradacaq. Mən “Azərbaycan intellektləri tək Üzeyir Mehdizadəyə məğlub olur” fikrini deyəndə ziyalılarımız məndən inciyirlər. Yalan deyirəm? Həqiqət həmişə əzab verir. Heç olmasa bircə dəfə özlərinə sual versinlər: Bu qədər kitabı niyə oxumuşuq? Vətəndaş məsuliyyətimizi dərk edirikmi? Xalqa faydamız dəyirmi?

2010-cu ildən ədəbi mühitdəyəm. Dəfələrlə yazarların, şairlərin necə alçaldığını, necə satıldığını görmüşəm və hələ də görürəm. Qəribə məsələ odur ki, güclü adamlar məhz zəif adamlara dəstək olurlar. Bunun səbəbini anlamaq çətin deyil. Qısqanclığa görə istedadlı adama dəstək olmaq istəmirlər. Zəif qələm əhlinə dəstək olmaqla ədəbiyyatın, kitabın yanında olduqlarını nümayiş etdirməyə çalışırlar.

Bu gün Azərbaycan yazarı cəmiyyətimizdə liberal təfəkkürün ön planda olmasına çalışır, Avropa dəyərlərini təbliğ edir. Amma anlamır ki, Avropa bugünkü sivilizasiyaya çatmaq üçün iki Dünya Müharibəsi görüb, insan əzabının ən son həddinə şahidlik edib. “Avropalaşmaq” üçün təhsilimizi inkişaf etdirməliyik. Lakin heç bir yazarın, heç bir ziyalının təhsilimizlə bağlı konkret təkliflər planı yoxdur.

Universitet müəllimi auditoriyada deyir ki, “ölkəmizdə təhsilin səviyyəsi sıfırdır”. Bu sözləri bir universitet müəllimi deyir. Vəziyyətin necə acınacaqlı olduğunu başa düşürsünüzmü? Universitet rektorları 100 min manatlıq maşında gəzirlər. Şəxsi sürücüləri, mühafizəçiləri var. Niyə heç kim onlardan hesabat tələb etmir? Bu gün Azərbaycan ziyalısı səhiyyə sistemindən narazıdır. Lakin səhiyyə sahəsi ilə bağlı ciddi təklifləri yoxdur.

Finlandiyada bircə ziyalı var idi. Snelmanın təkbaşına etdiklərini Azərbaycanın 63 ziyalısı birlikdə edə bilmədi. Əslində heç zaman birlik olmadıqları üçün edə bilmədilər. Finlandiyada bir ziyalı olduğu dönəmdə Azərbaycanda 63 ziyalı var idi. İndi Finlandiya ilə Azərbaycanı müqayisə edəndə vəziyyətin necə fərqli olduğunu dərk etmək çətin olmur.

Azərbaycan yazarı boşboğazlıq etməməlidir. Bizim zaman itirməyə haqqımız yoxdur. Qarabağ, rüşvət, təhsil və səhiyyə problemini, kommunal xidmət problemini həll edə bilməyib gənc nəslin çiyinlərinə yükləyən köhnə nəsil utanmaq əvəzinə gəncləri tənqid etməyə həvəs göstərir. Bizim itirilmiş nəsillə əlaqəmiz olmamalıdır. Biz - gənc nəsil inkişaf etmək üçün onlardan uzaqlaşmalıyıq. Çünki onlar çirkaba bulaşıblar. Onlar SSRİ dövründə kommunist olub müstəqil Azərbaycanda türkçülükdən danışıblar. Onlar Vətənə, dövlətə, xalqa xəyanət ediblər. Bizim belə nəslə ehtiyacımız yoxdur.

Biz gəncik, rüşvətə, xəyanətə, çirkaba bulaşmamışıq. Ən əsas fərqimiz pak, müqəddəs nəsil olmağımızdır. Biz “N” qədər problemi olan ölkənin ümidsiz gəncləriyik. Lakin ümidsiz gəncliyin mübarizəsi müqəddəsdir. Ümidsiz gəncliyin bu müqəddəs mübarizəsində tanrı bizi utandırmasın. Biz özümüzdən əvvəlki nəsildən fərqli olaraq məğlub olmayacağıq.

Gələcək nəslə məğlub nümunələr təqdim etməkdənsə ölmək şərəflidir. Biz dövrümüzün Snelmanlarıyıq. Qalib gəlmək üçün dayanmadan fəaliyyət göstərməliyik. Biz zəmanəmizin qəhrəmanı olmağa layiqik. Layiq olduğumuzu təlxəklərdən, xəstə zehniyyətli adamlardan almalıyıq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar