Niyə "Qandinin liderlik fəlsəfəsi"

Nicat Həşimzadə

21-04-2017, 16:32 Oxunub: 777
"Şərə qarşı mübarizə aparmağın ən layiqli yolu şərə qoşulmamaq, onun bir parçasına çevrilməməkdir".

- Mahatma Qandi

"Mənim inancımın ilk addımı şiddətə yol verməməkdir" sözlərini deyən Qandi sadəcə danışmırdı, danışdığı kimi yaşayırdı. Özündə şiddət ehtiva etməyən mübarizə ilə bağlı olan Satyaqraha fəlsəfəsinin nümayəndəsi Qandi təbii ki, dünya tarixinin ən çox öyrənilmiş, tədqiq olunmuş, haqqında araşdırmalar aparılmış şəxsiyyətlərdən biri olmağa layiqdir. O, öz həyat tərzi ilə sübut edirdi ki, şərə qarşı zoraki müqavimət göstərmədən də qalib gəlmək olar.

Mohandas Karamçand Qandi 1869-cu ildə oktyabrın 2-də doğulub. Hər il 2 oktyabr tarixi şiddətə qarşı etiraz günü kimi qeyd olunur. Qandi kasıbların, yoxsul işçilərin ağır vergi şərtlərindən, əsarətdən əziyyət çəkdiyini görür, mövcud vəziyyətlə barışa bilmirdi. Hindistanda kasta rejiminin ənənəvi hökmranlığını etirazla qarşılayırdı.

Qandi passifist idi. Tolstoyun fikiirlərinin Qandiyə ciddi təsiri olub. Xüsusən də Tolstoyun "Tanrının krallığı içimizdədir" fikrini yüksək qiymətləndirirdi. Qandi ilə Tolstoyun məktublarını oxuyanda “Tanrıya çatmaq istəyirsənsə insana xidmət et” fəlsəfəsini tam mənasıyla dərk etmək olur.

Mahatma Qandi Cənubi Afrikada hindlilərə tətbiq olunan ayrıseçkiliyə məruz qalmışdı. Bu təhqiredici rəftar Qandinin həyatında dönüş nöqtəsi olmuşdu. O, birinci dərəcəli biletə sahib olmasına baxmayaraq üçüncü dərəcəli yerə keçməyi qəbul etmədiyi üçün Pitermariçburqda qatardan qovulmuşdu. Sonra yoluna at arabasında davam edərkən avropalı bir sərnişinə yer vermədiyinə görə sürücü tərəfindən döyüldü. Bu yolda müxtəlif hotellərə qəbul olunmamaq kimi çətinliklərlə qarşılaşmışdı. Buna bənzər hadisələrdən birində Durban məhkəməsi hakimi Qandiyə sarığını çıxarmasını əmr etməsə də, o, bu təklifi qəbul etmədi. Qarşılaşdığı sosial haqsızlıqlar onun həyatında dönüş nöqtəsi oldu və daha sonrakı sosial etirazlarının əsasını təşkil etdi.

Biz Milli Fikir Mərkəzi, Etatizm Akademiyası və Kitabıstan yayınları olaraq çalışırıq ki, Azərbaycan gəncliyi dünyanın ən möhtəşəm mübarizələri ilə tanış olsun və dahi şəxsiyyətləri özünə nümunə hesab etsin. İllər boyu Azərbaycan gəncinə saxta, riyakar adamları sağlam nümunə kimi təqdim etdilər. Biz Azərbaycan gəncliyinə ən dürüst, ən sağlam nümunələri təqdim etməkdə davam edəcəyik. Azərbaycanın xilası biz gənclərik.

Hamımız bir olanda Azərbaycan qalib gələcək. Qandi bütün dünyanı sevirdi. Lakin Hindistanı daha çox sevirdi. Dünyanın tarixini, mədəniyyətini, elmini Azərbaycan üçün öyrənək. Qandi haqqında çox danışmaq olar. Lakin onun həyatını yaşamaq çox çətindir. Qandi olmaq üçün ən birinci addım xalqının rifahı naminə fərdi maraqlarından imtina etmək, öz həyatını heçə saymaqdır.

"Öncə sizə məhəl qoymayacaqlar, sonra sizə güləcəklər, sonra sizinlə mübarizə aparacaqlar, sonra siz qalib gələcəksiniz".

Aprelin 29-da saat 14.00-da Milli Fikir Mərkəzinin tərcümə şöbəsi tərəfindən tərcümə, Kitabıstan tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" kitabının təqdimatı keçiriləcək. Təqdimata hər kəs dəvətlidir. Oxuyaq! Oxudaq!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar