Nəsillər arası savaş

Nicat Həşimzadə

18-04-2017, 11:11 Oxunub: 376
Azərbaycan cəmiyyətində övladlar pul qazanana qədər danlanırlar. Pul qazandıqdan sonra valideynlər övladla fəxr edirlər. Valideynlər üçün əsas həyat kredosu puldur. Yaşlı nəsil beyinlə yox, ciblə düşünür. Pul qazanan nadan, şərəfsiz övladının başına and içən analar elmlə məşğul olan, öz idealları ilə yaşayan namuslu övladı gecə-gündüz tənqid edirlər. Təbii ki, müsbət istisnalar həmişə var. Lakin mövcud reallıqları inkar etmək olmaz.

Yaşlı nəsil gənclərə düşmən kəsilib. Bu ölkənin bütün ağrı-acılarını gənc nəsil öz çiyinlərində hiss edir. Yaşlı adamlarsa heç nə olmayıbmış kimi yaşamaqda davam edirlər. Onlar 96-cı il təvvəllüdlü bir gəncin Qarabağda şəhid olmasına etinasız yanaşırlar, lakin təqaüdləri iki manat artan kimi sevinc hissindən ərşə qalxırlar. Onlar həmişə nəsihət verib, gənc nəsildən narazı olduqlarını deyirlər. Amma gənc nəslə dəstək olmaq istəmirlər. Nəvələrini teatra, muzeyə, kitabxanaya aparmaq əvəzinə həmyaşıdları ilə nərd oynayan bu tin ağsaqqalları müdrikcəsinə danışmaqdan başqa heç nə bacarmırlar.

Bu məmləkətin  gəncliyini öz çirkin oyunlarına qurban edənlər utanmırlar. Çünki onlar Sovet vaxtı kommunist olub müstəqil Azərbaycanda milliyətçi olan adamlardır. Onlardan müsbət heç nə gözləmək olmaz.

Yaşlı nəsil bizə ölü təhsil verdi. Ölü təhsil ölü nəsil yaradır. Lakin ölü təhsilin öldürə bilmədiyi işıqlı gənclər Milli Fikir Mərkəzində birləşdi. Biz müqəddəs missiyanın daşıyıcılarıyıq. Tarix hər şeyə obyektiv qiymət verəcək. Ötən nəsil bizə ölü təhsildən başqa, ölü səhiyyə də “bağışladı”. Bəs bizə sağlam nə verdilər? Axı bizim günahımız yoxdur. Həyatımızın ən parlaq çağında bu qədər ağırlığa, çətinliyə, ölü təhsilə, ölü səhiyyəyə məruz qaldıq. 80 yaşlı müəllimlərin əlində qalmışıq. Canımızı bu çürümüş adamlardan xilas edə bilmirik.

Mən sındırılmış, təhqir edilmiş, alçaldılmış Azərbaycan gəncliyinin bir nümayəndəsiyəm. Ancaq bu təhqirlə, bu aşağılanma ilə barışa bilmirəm. Bu etiraz sözdə deyil, əməldədir. Biz fəaliyyət göstərməyi vacib sayırıq. Bu gün universitet müəllimləri belə etiraf edirlər ki, Azərbaycanda təhsilin səviyyəsi sıfırdır. Amma təhsilin sıfır səviyyəsində olmasına baxayaraq bu məmləkət yüzlərlə işıqlı gənc yetişdirə bilib. Azərbaycanı məhz bu gənclər xilas edəcək. Bizdən sonrakı nəsillərin rifahı naminə özümüzü qurban verməkdən qorxmamalıyıq. Bizdən öncəki nəsillər özlərini bizim səadətimiz uğrunda qurban verməyi bacarmadılar. Lakin biz gələcək nəsillərə görə öz səadətimizdən imtina etməyə hazır olmalayıq. Biz Azərbaycan naminə həyatımızı heçə saymaqdan çəkinməməliyik. Həyat fəaliyyətini fərdi maraqları əsasında quran adamlar sadəcə “mən”ləri boyda qalırlar. Öz fərdi maraqlarını aşa bilməyən adam həmişə kiçik adam olaraq qalacaq. Onlar üçün azadlıq fərdi maraqların təmin olunmasıdır. Azadlığı fərdi maraqların təmin olunması kimi anlamaq eqodan doğur. Yalnız öz eqosuna məğlub olan insan azadlığı şəxsi maraqların təmin olunması hesab edə bilər. Ey Azərbaycan gənci, sənə bəsit həyat yaşamaq yaraşmır, sən böyüməyə, ən böyük olmaya layiqsən.

Səndən böyük sevgi yoxdur, Azərbaycan!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar