Praktika və nəzəriyyə arasında itirilmiş illər

Nicat Həşimzadə

30-03-2017, 10:42 Oxunub: 520
Tarix dəfələrlə sübut edib ki, Kant, Hegel oxumaqla, gecə-gündüz ədəbiyyatdan, fəlsəfədən danışmaqla cəmiyyət inkişaf etmir. Bir zamanlar mənə elə gəlirdi ki, maarifçilik yolu ilə bütün problemlərin öhdəsindən gələcək və sağlam cəmiyyət quracağıq.

Əgər xalq maarifçilik yolu ilə inkişaf etsəydi Axundov, Haqverdiyev, Mirzə Cəlil mübarizəsindən sonra vəziyyət dəyişərdi. Demək ki, inkişafın yolu ancaq maarifçilikdən asılı deyil. Biz “Mirzə Cəlil, Sabir bu gün də aktualdır” cümləsini qürurla deyirik. Amma heç fərqinə varmırıq ki, bu sözləri deməklə dahi şəxslərin ruhuna hörmətsizlik edirik. Əgər Mirzə Cəlil, Sabir və digərləri bu gün də aktualdırlarsa və biz “kişilər 100 il sonranı görüblər” sözlərini böyük sevinc hissi ilə deyiriksə demək ki, onların apardıqları mübarizə, maarifçilik hərəkatı məğlubiyyətlə nəticələnib.

Mən “jek” idarələrində dəfələrlə Novruzəlini görmüşəm. Ərizə yaza bilməyən Azərbaycan vətəndaşlarını müşahidə etmişəm. Bəs nə dəyişib? Pessimizmə qapılmağa ehtiyac yoxdur. 150 il öncə Azərbaycan qızları təhsil ala bilmirdilər, amma bu gün təhsil alırlar. Hərçənd ki, bu problemin də öhdəsindən tam gələ bilməmişik. Bəzi bölgələrimizdə 13-14 yaşlı qızlar məktəbə göndərilmək əvəzinə, ər evinə göndərilir. İntellektlərimiz gərək Azərbaycanın təkcə Bakıdan, xüsusən də “Tarqovu”dan ibarət olmadığını düşünsün. Rayonların, kəndlərin bizim kimi gənclərə daha çox ehtiyacı var. Biz isə Bakıya toplaşmışıq, inkişaf edən şəhərə qaçmışıq. Amma əslində inkişafdan qalan regionlarda qalıb həmin bölgələrin inkişafı naminə çalışmaq lazımdır.

İnsan təbiətən tənbəl varlıqdır. Xalqın acılarını görmək və bu acılara biganə qalmaq, fəaliyyət göstərməmək isə vicdansızlıqdır. Vicdan mütləq tənbəlliyə qalib gəlməlidir. İnsan tənbəlliyinə məğlub olanda baş vermiş bütün nalayiq hərəkətlərlə barışmış olur.

Milli Fikir Mərkəzinin ofisinə gələrkən eşitdiyim ilk cümlə bu olmuşdu, vicdanlı insanların fəaliyyətsizliyi vicdansızların qələbəsinə haqq qazandırır. Vətəndaş o kəs deyil ki, dövlətin gücünü mənimsəyir. Vətəndaş o kəsdir, özünü dövlət sayır, özünü xalq olaraq görür və dövləti daha güclü etmək üçün çalışır.

İllər boyu bizə yanlış adamları sağlam nümunə kimi təqdim etdilər. Belə adamlara “dayan” deməyin zamanı çatıb. Hətta deyərdim ki, gecikmişik. İnsanların ruhi-psixoloji gərginliklərdən ciddi əziyyət çəkdiyi zamanda onları inandırmaq daha çətindir. Gənc yazıçıların ən birinci  vəzifəsi insanların yatmış vicdanını oyatmaqdır.

Höte deyirdi ki, həssas qəlblər üçün dünya cəhənnəmdir. Həssas qəlbli insanlar həmişə  başqalarını xilas etməyə çalışır. Çalışmalıyıq ki, dünya həssas qəlblər üçün cəhənnəm olmasın.

Bu gün 45 yaşında intihar etmiş yazıçı Yukio Misimanın “Vətənpərvər” heyakəsini oxudum. Anladım ki, bu hekayədə təsvir olunan hisləri yaşayan adam öz əcəli ilə ölə bilməzdi. Zabit qadını da şərəfini qorumaq naminə “hara kiri” edir. Ondan öncə isə əri “hara kiri” edir. Qadın ərinin ölümünü izləyir, sonra özü intihar edir. Misima zabit idi və mütəmadi olaraq idmanla məşğul olurdu. Onu iradəsiz insan saymaq olmaz. Onun intiharında belə insan iradəsinin sonsuz gücünü dərk edirik.

İqtisad elmləri üzrə doktorlar, professorlar maddi sıxıntılardan əziyyət çəkdiyi halda iqtisadiyyatdan anlayışı olmayan adamlar uğurlu sahibkarlara çevrilirlər. Demək ki, hər şey nəzəriyyə ilə düzəlmir. Bildiklərimizi tətbiq etməyi öyrənməliyik. Arxa cəbhədə olan zabitlər hərbi nizamnaməni ön cəbhədəki zabitlərdən daha yaxşı bilirlər.

Nəzəriyyə ilə praktik zəka arasında xeyli zaman itirmişik. Maarifçilik dövrünün yazarları bizə nə etməli olduğumuzu öyrədə bilmədilər. Bəzən biz nə etməli olduğumuzu bilirik. Lakin həmin “nə”ləri “necə edək?” sualına cavab tapa bilmirik. Demək ki, praktika ilə nəzəriyyə arasındakı ciddi fərqlərin qurbanı olmuşuq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar