Etatizmin insan idealı

Nicat Həşimzadə

14-01-2017, 16:30 Oxunub: 1086
Etatizmin insan idealı vicdanlı, üst insandır. Etatist insan özünü aşmalı, mütləq hədəflərə malik olmalı, öz yolunu seçməli, cəsarətli, sədaqətli olmalıdır. Cəsarəti olmayanın sədaqətə, sədaqəti olmayanın cəsarətə ehtiyacı yoxdur. Cəsarəti və sədaqəti olmayan insan öz ideyalarına itaət edə bilməz.

Həyatım iki hissəyə bölünür:


1) Milli Fikir Mərkəzinə qədərki
2) Milli Fikir Mərkəzindən sonra

Milli Fikir Mərkəzinə qədərki həyatımda itaət anlayışını sevmirdim. İtaət sözü məndə qıcıq yaradırdı, çünki köləliklə itaət arasındakı fərqi müəyyən edə bilməmişdim. İndisə əminəm ki, itaət şəxsiyyətin haqqıdır, şəxsiyyət də xalqına itaət etməlidir. Yapon fəlsəfəsin oxuyanlar itaətin nə demək olduğunu dəqiq bilirlər. İtaət insanı kiçiltmir, əksinə daha da böyüdür. Bu gün bizə "itaət pisdir" deyən adamlar 300 manat qarşılığında kölə olan adamlardır. Onların etatizmi başa düşməməsi mənə təəccüblü görünmür. Ən böyük təhqir hər kəs tərəfindən sevilməkdir. Hər kəs tərəfindən sevilmək tərəfsizlik əlamətidir.

Etatist insan vicdan deyəndə nəyi nəzərdə tutur və etatist nədən qorxmalıdır?

Etatist insan fəaliyyətsiz qaldığı, çalışmadığı, mübarizə aparmadığı hər dəqiqəyə görə özünə nifrət etməlidir. Çünki vicdanlı insanların fəaliyyətsizliyi vicdansızların qələbəsinə haqq qazandırır. Etatist insan fəaliyyətsizlikdən qorxmalıdır. Sual oluna bilər ki, etatizmin vicdanlı insanı mərhəmətlidir ya mərhəmətsiz? Ümumiyyətlə vicdanlı insan mərhəmətli ya mərhəmətsiz olmalıdır? Tanrı mərhəmətlidirmi? Ədalətli insan mərhəmətsiz olmalıdır. Mərhəmət qanunlara, hüquqa əks gəlməkdir. Bir qolumuz qanqren olarkən xəstəlik bütün bədənimizə yayılmasın deyə bir qolumuzu kəsmək məcburiyyətində qalırıq. Kəsməsək öləcəyik. Demək ki, bu mənada mərhəmət insana zərər gətirir. Tanrı mərhəmətli deyil, ədalətlidir. Qanunlar da mərhəmətli deyil, ədalətlidir. Xeyirxahlığa görə mükafat, cinayətə görə cəza verir. Mərhəmət hissi cəmiyyətdə xəstəlik yaradır, insanlar öz acizliklərinə, öz  qorxularına mərhəmət adı verirlər. Etatist insan nəzakətli, ədalətli insandır. Etatist insan ideyalarına sədaqəti həyata bağlılıqdan, yaşam sevgisindən üstün tutmalıdır. Həyata bağlılıq, daha çox yaşamaq, sağ qalmaq istəyi insanı əxlaqsızlaşdırır. Etatist insan faydalı insandır. Cəmiyyətə fayda verməyən insanlar elə faydasızlıqdan ölürlər. Etatist insanın təyinatı fayda verməkdir.

İnsanlar iki qrupa bölünür:

1) Yaradıcı insan
2) Tükədici insan

Etatist insanın məqsədi yaratmaqdır. Onun bütün həyat fəaliyyəti yaradıcılığa köklənir. Etatist insan enerjisini xoş məqsədlərin gerçəkləşməsi naminə sərf edir.

Tükədici insan isə təyinatsız, məqsədsiz, hədəfsiz insandır. Etatist insan nihilizmə düşməndir. Onun üçün həyatın mənası mübarizədir. Etatist insan iradə fəlsəfəsinə inanır. Nitsşenin bu aforizmi etatist üçün müqəddəsdir. “Səni nə güclü edirsə, ona hə de, səni nə zəiflədirsə ona yox de”. Etatist insan iradəni öz həyat tərzinə çevirib. Bizim üçün iradə anlayışı təkcə fəlsəfi anlayış deyil. Biz iradə fəlsəfəsini hər gün, hər saat yaşayırıq. Biz beynimizi nəzəriyyələrlə yükləmirik. Biz öyrəndiklərimizi tətbiq etməkdən tərəfik. Möhtəşəm bir Azərbaycan naminə birləşməyə məcburuq. Biz Azərbaycanı güclü görmək, Azərbaycanı iradə dövlətinə çevirmək istəyirik. Biz insan iradəsinin sonsuz gücünə inanırıq. Cəmiyyət tərəfindən yeni ideyalar həmişə gülüşlə, qeyri-ciddi davranışla qarşılanıb. Çünki köhnə fikirlərə vərdişlərdən xilas olmaq cəmiyyət üçün çətindir. İnsanların maddi böhranlara sığınaraq öz fəaliyyətsizliyinə haqq qazandırdığı dövrdə biz heç bir qurumdan maddi vəsait almadan öz imkanlarımız hesabına fəaliyyət göstərməyi seçdik. Zamanla uğurlar qazandıq və qazanmaqdayıq, fəaliyyətimizə davam edəcəyik. Etatist insanın lüğətində yorulmaq sözü yoxdur. Etatizm dövlətin şərəfi və ləyaqətini qorumaq, bütövlüyünü müdafiə etmək naminə öz fərdi maraqlarından imtina etməkdir. Hər şeyin dəyəri vaz keçdiyin qədərdir. Etatizm həqiqətdir, həqiqət say çoxluğu deyil, həqiqət təkdir. Biz tək olandan tərəfik.

Dövləti ancaq yüksək sosial rifah səviyyəsinə görə sevənlər təbii ki, etatizmi dərk edə bilməzlər. 2 min manat maaş alan adamın dövlət sevgisi işini itirənə qədərdir, ən böyük sevgi aclıqdan köpük qusduğun halda belə dövləti sevməkdir.

Səndən böyük sevgi yoxdur, Azərbaycan.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar