Xəyalların gerçəyə çevrilməsi

Nicat Həşimzadə

20-09-2016, 19:53 Oxunub: 2049
Təəssüflər olsun ki, bir xalq kimi bugünədək hələ heç bir məsələdə vahid mövqe sərgiləyə bilməmişik. Bu səbəbə görə də əksər hallarda uğursuz, faydasız, dünya mədəniyyətinə heç bir uğur bəxş etməyən xalqlara görə güclü, nüfuzlu, dərin məntiqə sahib, ehtiyac duyulan an dərhal birləşməyi bacaran xalqları tənqid edirik. Bunun yeganə səbəbi qısqanclıqdır. Biz cəmiyyət olaraq uğurlu adamları qısqanır və onlara  böhtanlar atmağa başlayırıq.

İnsan hər zaman səmimi olmalıdır. İnsan qeyri-səmimi olanda özünə, öz xalqına xəyanət edir. Yəhudilər dünya tarixində yeganə toplumdur ki, iki min il öncə qovulduğu torpağa iki min il sonra geri qayıtmağı bacarıblar. Azərbaycan gəncliyi dünyanın ən möhtəşəm mübarizələri ilə tanış olmalıdır. Teodor Hertsl dərin məntiqə sahib ideoloq idi. Çalışır, öz həqiqətinə inanır, mübarizə aparırdı. Herstl kimi şəxslər öz həyatlarından tamamilə imtina edərək toplum naminə, ideallar uğrunda yaşayırlar.

Gəlin, bir qədər düşünək və bu suala cavab verməyə çalışaq. Azərbaycanın Teodor Hertsli kimdir? Cəmiyyət həmişə tənqid etməyə meyilli olur. Dünya dağılsa sənin xoş sözlərini dinləməz, sən onu tənqid edə bilməzsən, Amma o, istənilən anda səni mühakimə edə bilər. Mirzə Cəlilin qəhrəmanları bu gün deyirlər ki, Mirzə Cəlil dahi şəxsiyyət olub. Amma adamlar fərqinə varmır ki, Mircə Cəlil məhz onları tənqid edib.

Bu gün yaşlı nəslin biz-gənclərə münasibətində əsas xətt budur. “Xəyalpərətsiniz, cəmiyyət düzəlməyəcək, boş yerə vaxt və enerji xərcləyirsiniz.”

Bəli, biz xəyalpərəstik. Əgər siz realist olub gözləriniz önündə baş verən problemlərə reaksiya göstərmə cəsarətinə sahib deyilsinizsə, niyə gəncləri tənqid edirsiniz? Köhnə nəsli tamamilə unutmaq lazımdır. Gənclər inkişaf etməli, çalışmalı mübarizə əzmi göstərməlidirlər.

Böyük mübarizələrdə kiçik adamlar həmişə qurban qismində iştirak edirlər. Bu, zərurətdir, qanunauyğunluqdur. Bu mübarizədə zəiflər ölümə məhkumdur. “Yəhudi dövləti” kitabı Etatizm Akademiyasının və Kitabıstan yayınlarının ikinci kitabıdır. Bəzi məsələlərə aydınlıq gətirmək niyyətindəyəm. Nəşr etdiyimiz ilk kitab Qriqori Petrovun “Bəyaz zanbaqlar ölkəsində” kitabı oldu. Bu kitabda biz yeni nəsil fin ziyalılarının necə yarandığını, necə təkmilləşdiyini və ölkəyə yeni, sağlam ənənə gətirdiklərini  görürük. Snelman və dostları bəhanələrə sığınmayaraq gecə-gündüz yorulmadan mübarizə aparırlar. Azərbaycan cəmiyyəti çox ləng inkişaf edir. Bunun səbəbi Azərbaycan ziyalılarıdır. Aydın ideyalar naminə özündən imtina etməyi bacarmırsa, onun yaratdığı əsərlər heç kimə lazım deyil. Çünki o, yazdıqlarını yaşadıqları ilə sübut edə bilmir və təbii ki, xalq belə ziyalılara inanmayacaq. “Yəhudi dövləti” kitabında biz bir zamanlar üçün utopik sayılan fikirlərin həqiqətə çevrildiyini görürük. Hertsl yəhudilərə müraciətlə deyir ki, sizi başa düşürəm, bir yəhudi üçün öz ata, baba məzarlarını doğma vətənində qoyub başqa ölkəyə getmək çox çətindir. Lakin bu vacibdir, biz köç etməliyik. Hertsl bu kitabı ilə sübut edir ki, əslində antisemitizm yəhudiləri xilas edib, əslində zərurət yəhudiləri bir araya toplayıb.

Yəhudilərə qarşı tətbiq olunan qeyri-insanı məhdudiyyətlər əslində onların azad olmasında əsaslı rol oynamışdı. Yəhudilər məhkum həyatı yaşadıqları ölkələrin mədəni həyatında ciddi rol oynayırdılar. Lakin Hertsl hesab edirdi ki, yəhudilərin başqa dövlətlərin gücünə güc qatması yanlış addımdır. Çünki güclənməkdə olan və ya gücünü artıran dövlətlər yəhudilərin azadlığını daha çox məhdudlaşdıracaqdı.

Xalqlar iki halda müstəqil dövlət qura bilirlər.

1) Tarixi-siyasi şərait buna imkan yaradanda

2) Xalq öz iradəsinə dərin inam bəsləyərək mübarizə aparanda

Məğlub xalqlar qalib xalqları mühakimə etməməlidir. Yəhudilər real təhlükələr qarşısında birləşərək necə yüksək əzmə sahib olduqlarını dərk etdilər. İsrail dövlətinin qurulmasında Yəhudi cəmiyyətinin və Yəhudi İttifaqının böyük rolu oldu. Herstl bu kitabı yazmaqla bir daha sübut edir ki, xalqlar həmişə fədakar fərdləri ilə yüksəliblər.

Azərbaycan gəncləri Azərbaycanı cənnətə çevirə biləcək qədər potensiala sahibdirlər. Lakin təəssüflər olsun ki, Azərbaycan gəncliyində bəzi anlarda qətiyyət çatışmır.  Bu gün bizə xəyalpərəst, utopist damğası vuran adamlar gün gələcək, özlərinin necə miskin, necə aciz, necə utancverici varlıqlar olduqlarını görəcəklər. Lakin həmin anda gec olacaq. Onlar itirilmiş nəsil olduqlarını dərk edəcəklər. Və sonda mütləq biz-yeni nəsil qalib gələcək. Azərbaycanın hər bir gənci Teodor Hertsl, Qriqori Petrov olmağı bacarmalıdır. Oxuyaq, oxudaq, öyrənək, öyrədək. Dünyanın ən möhtəşəm mübarizələri ilə tanış olaq. Çünki biz savadlı olanda güclü oluruq. Biz mütləq qalib gələcəyik. Və bizə xəyalpərəst deyən adamlar tarixin tozlu səhifələrində itib batacaqlar. Biz isə yeni nəsillər üçün günəşli məmləkət bəxş edən Snelmanlar kimi tarixin şanlı səhifələrində yaşayacağıq.
Şərhlər : 1 Şərh yaz
Təhminə 21 sentyabr 2016 23:25  

Maraqlı idi.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar