Biz niyə Snelman ola bilmirik?

Nicat Həşimzadə

30-05-2016, 11:56 Oxunub: 1635
Bir həqiqəti danmaq olmaz ki, Azərbaycanın fikir adamları xalqla ünsiyyət qura bilməyiblər. Cəhalət varsa onu kəskin şəkildə baltalamaq olmaz. Cahil insanları tənqid etmək bizə uğur gətirməyəcək. Onları tərifləmək, tərifləyə-tərifləyə dəyişmək lazımdır. Onlara əslində cahil olmadıqlarını, necə ali, necə mükəmməl varlıqlar olduqlarını demək lazımdır. Onlara faydalı olduqlarını, yüksək enerjiyə, hədsiz potensiala sahib olduqlarını izah etmək lazımdır. Cahil saydığımız adamları nifrət yolu ilə tərbiyə etmək olmaz. Bu məmləkətin cahil adamları bizim vətəndaşlarımızdır. Onlar bizim bir parçamızdır.

Vətəndaşı olduğumuz dövlətdə yaşayan və bizim kimi bu dövlətin vətəndaşı olan soydaşlarımıza niyə nifrət etməliyik? Onları niyə söyməliyik? Əgər onlar bizim sevgimizə, onlara necə sayğı ilə yanaşdığımıza və onları xilas etmə istəyində olmağımıza inanmırlarsa, demək ki, ən qatı cahil bizik, mənəm, sənsən. Axı biz kitab oxumuşuq. Axı biz düşünə bilirik. Əgər düşünə bilməyən adamlar bizə inanmırsa, biz hələ də onları inandıra bilmiriksə ən böyük cahil biz deyilmiyik?

Biz niyə Snelman ola bilmirik? Çünki biz xalqla ünsiyyət qura bilmirik. Çünki biz xalqa Novruzəli, Qurbanəlibəy, Tükəzban, Gülnisə deyirik. Çünki biz nümunəvi obrazlar yaratmaq əvəzinə xalqa ironik münasibət göstəririk. Azərbaycanda 70-80 kitab oxuyan adamlar dərhal elə bilirlər ki, yüksək intellekt sahibləridir və xalqı tənqid edə bilərlər. Əsrlər boyu davam edən ənənələri qısa zaman kəsiyində dağıtmaq mümkün deyil. Bunun üçün zaman tələb olunur. Mirzə Cəlil xalqa Novruzəli dedikdən sonra xalq inkişaf etdimi? Azərbaycan uğur qazandımı? Əksinə daha çox məğlub oldu. Bu məğlubiyyətin səbəbi Molla Nəsrəddinçilərin xalqa ironik münasibəti oldu. Bu məğlubiyyətin səbəbi Füyuzatçıların məsələlərə həddən çox sentimental yanaşması və nümunəvi obrazlar yaratmaq əvəzinə faciəvi insan modeli yaratması oldu. Deyə bilərsiniz ki, Oqtay Eloğlu obrazı var. Bu obraz möhtəşəmliyinə, mübarizə əzminə baxmayaraq həddən artıq sentimental idi. Bizə romantik yox, real qəhrəmanlar lazımdır. Bizim bütün qəhrəman obrazlarımızın həyatı faciəvidir, əsərlərin, filmlərin sonunda bütün qəhrəmanlarımız ölür. Xalq heç zaman ölən qəhrəmana inanmayacaq. Onun təhtəlşüurundakı qəhrəman obrazı ölməməlidir, əbədiyaşar olmalıdır.

Snelmanın uğurunun sirri nədə idi? Snelman fin xalqının xarakterini, mədəniyyətini, dilini gözəl bilirdi. O xalqla xalqın öz dilində danışmağı bacarırdı. O xalqa siz acizsiniz, çarəsizsiniz, uğursuzsunuz demirdi. O xalqa inkişaf modelini göstərirdi. Snelman konkret olaraq alternativlər irəli sürürdü.

O din xadimlərinə dinin real təhlükə olduğunu demirdi. Deyirdi ki, insanları sağlam, həqiqi inanca qaytarmaq lazımdır. Snelman müəllimlərlə görüşü zamanı onları tənqid etmir. Əksinə onların zəhmətini yüksək qiymətləndirərək deyir ki, siz daha vacib, daha faydalı işlər görə bilərsiniz. O hərbi sahəni yüksək səviyyəli təhsil ocağına çevirmək istəyirdi. Deyirdi ki, insanlar hərbi sistemə inzibati idarə üsulu kimi yox, elm, təhsil ocağı kimi yanaşmalıdırlar. Valideynlər oğlum əsgərlikdə pozuldu sözlərini deməməlidir, əksinə deməlidir ki, oğlum hərbidə vətəndaş olmağı öyrəndi.

Snelmanın uğurunun ən vacib sirri onun insanları inandıra bilmə bacarığında idi. Müasir Azərbaycan aydınları xalqı inandıra bilirmi?

Kitabda ən maraqlı məqam Karlayl ilə Tolstoyun zidd fikirləridir. Karlayl hesab edir ki, fərd xalqı yaradır. Tolstoy isə deyir ki, xalq özü fərdləri yaradır. Kitab haqqında çox danışmaq olar. Amma özünüz oxusanız daha yaxşı olar.

Azərbaycan gənci aciz, çarəsiz deyil. Azərbaycan insanları kiçik insanlar deyillər. Cahil də deyillər. Sadəcə təəssüflər olsun ki, laqeyddirlər, tənbəldirlər. Azərbaycan gənci necə yüksək potensiala sahib olduğunu dərk edəndə biz bir olacağıq və biz bir olanda Azərbaycan olacağıq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar