Xalqı təhqir edənlərə cavab

Nicat Həşimzadə

29-04-2016, 11:50 Oxunub: 1517
Vətəni, milləti pul mükafatlarına satan adamlar xaricə qaçdılar və Azərbaycan xalqını savadsızlıqda, kitab oxumamaqda ittiham etdilər.

Siz bu xalqın kəsilib atılan dırnağı da ola bilməzsiniz.
Siz bu xalqın tüpürcəyinə belə layiq deyilsiniz.
Siz bu xalq üçün heç nə etməmisiniz.
Siz səngər görməmisiniz, düşmən postu görməmisniz.
Siz silahın nə olduğunu bilmirsiniz.

Əlinizə qələm alaraq, xalqı tənqid edib öz eqonuzu tətmin edirsiniz. Xaricə qaçıb xoş həyat yaşayaraq, Azərbaycan xalqına pafos dolu mesajlar göndərmək çox asandır. Cəsarətiniz, ləyaqətiniz olsaydı “bataqlıq ölkəsi” dediyiniz ölkədə qalar, mübarizə aparar və bu xalq üçün faydalı olmağa çalışardınız.

Siz xarici qurumlardan maliyyə yardımı alan saytlarda çalışırsınız, onların maraqlarını müdafiə edirsiniz. Sizin üçün Vətən anlayışı mükafatlardan ibarətdir. Xalqın obyektiv mühakiməsindən heç vaxt qurtula bilməyəcəksiniz. Azərbaycan xalqı böyük xalqdır. Zamanla hər şeyə sağlam qiymət verməyi bacaracaq. Siz isə dünyanın ən gözəl ölkəsinə getsəniz belə vicdanınız bataqlıqdan xilas olmayacaq.

Siz heç vaxt insanları sevməmisiniz, onlara dəyər verməmisiniz. Hələ də məişət mövzularında qalmısınız. Siz maddi problemlərə görə təhsil almayan gəncləri lağ hədəfinə çevirmisiniz, kütlə sizi oxumur deyə düşük söhbətlər etmisiniz. İndisə bu xalqdan sevgi gözləyirsiniz. Elə bilirsiz ki, adınız ləkəsizdir. Mən belə düşünmürəm. Adının ləkələnməsindən qorxan adamlar çoxdan  palçığa bulaşıblar.

Qaçmaq xilas yolu deyil. Özlərini yazar sayan zəkasızlar çox oxusalar da oxuduqlarını başa düşmürlər. Başqalarının həyatını yaşayırlar, öz həyatları yoxdur. Qoqolu, Dostoyevskini, Nabukovu özlərinə nümunə hesab edirlər. Ölkədən qaçmaqla sürgün olunmaq fərqli hadisələrdir. Ömür boyu bəhanələrə sığındınız. Dövlətinizi, xalqınızı sevmədiniz. Amma ən yüksək maaşlı işlərdə də siz çalışdınız, ən yüksək qonorarları aldınız. Xalqı söydüyünüzə görə saytlar sizə pul verdi. Pula satıldınız.

Dünyaya çıxarıla biləcək bircə dənə kitabınız yoxdur. Tərcümələriniz bərbaddır. Deyirsiniz ki, Azərbaycan qadını sənətə ciddi münasibət göstərmir. Bu fikri mən də demişəm. Amma mən bu fikri yazanda cəmi 20 yaşım var idi. Sizin yazılarınızdan təsirlənib həqiqi həyat məqsədlərimi itirmişdim. Siz əxlaqsızlığı sənətə çevirə bilmədiniz, bacarmadınız. Bunun üçün ciddi bədii- estetik təfəkkür, ciddi yaradıcı düşüncə tələb olunur. Məğlubiyyəti etiraf etməyə cəsarətiniz çatmadı. Ermənilərlə dialoqlar qurdunuz. Erməni elm adamları, jurnalistləri ilə fikir mübadiləsi aparmaqda qəbahət görmürəm. Amma dərd ondadır ki, siz həmin sülhməramlı konfranslara görə də mükafat aldınız. Ömrünüz satılmaqla keçdi.

Buna görə xalq sizə inanmır, heç vaxt da inanmayacaq. Əgər bir gün xalq aldansa, sizin fikirlərinizlə barışsa, mən bunun qarşısını alacam. Mən elə bunun üçün doğulmuşam. Ətrafımdakı bir neçə nəfərlə birgə sizi ifşa edə bildim. Lazım gəlsə yenə də edəcəyik. Xalqı pisləyərək tərbiyə etmək ibtidai təfəkkür məhsuludur. Bu ənənə çoxdan dağıdılıb. Sizin yazılarınızda ciddi fikir yoxdur, məişət səviyyəsində yazırsınız. Lakin utanmadan bəşəri ideyalar haqqında moizələr oxuyursunuz.

Siz şöhrət əldə etdiniz, bu şöhrət qeyri-insani yollarla əldə edildiyinə görə siz tez unuduldunuz. Xalq sizin yalan danışdığınızı anladı. Xalqın nifrətinə dözə bilmədiniz. Əsaslı cavablarınız olmadı, qaçmağı seçdiniz. Bu xalqla birgə yaşama cəsarətiniz  yoxdursa niyə susmursunuz, düşük söhbətlər edir, xalqa cəfəng mesajlar göndərirsiniz? Xaricdə yaşayaraq xalqa yuxarıdan aşağı baxırsınız.

Cəfər Cabbarlının “Oktay Eloğlu” obrazını çox sevirəm. Siz bir neçə dəfə Cəfər Cabbarlının ciddi fikir adamı olduğunu demisiniz. Əminəm ki, Cabbarlının fikirlərini düz başa düşməmisiniz. Bir zamanlar sizə vurğun idim; ədəbiyyata yeni gəldiyim zamanlar idi. Elə bilirdim ki, yazıçı, fikir adamı elə sizin kimi olmalıdır. Daha çox oxudum, daha çox çalışdım. Müşahidələr apardım və anladım ki, siz insanları söyməkdən başqa heç nə bacarmırsınız. Ciddi arqumentləriniz də yoxdur. Sizi dəfələrlə real debatlara dəvət etdim, gəlmədiniz. Çünki əmin idiniz ki, məğlub olacaqsınız. Özünü cəmiyyətin bir parçası saymayan, özünü fərd kimi, vətəndaş kimi hiss etməyən fikir adamı ciddi uğur qazana bilməz. Siz “Oktay Eloğlu” obrazını düzgün təhlil etməmisiniz.

Bəhanələrə sığınmaqla özünüzə haqq qazandırmayın. Bəsdir satıldınız, bəsdir ədəbiyyat adına ləkə gətirdiniz. Ailə dəyərlərini təhqir etmək, xalqın qızlarını “savadsız”, “axmaq” adlandırmaq, xalqı söymək, acizlikdə günahlandırmaq ədəbiyyat deyil. Bu cür ibtidai üsullarla böyük ədəbiyyat yaranmır. Əgər fikir adamısansa xalqı xilas et. Yox, əgər ömrün-günün insanları söymək, xalqı aşağılamaqla keçirsə sənin tin avaralarından fərqin yoxdur.

Sizin təbiətinizdə bataqlıq ölkəsini bəyaz zanbaqlar ölkəsinə çevirən Snelman ruhu yoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar