Ziyalı necə olmalıdır

Nicat Həşimzadə

22-04-2016, 10:07 Oxunub: 644
Bu sual ətrafında çox düşünmüşəm. Bir dəfə TV proqramlardan birində “Ziyalı obrazı necə olmalıdır” mövzusunda müzakirə keçirilirdi. Proqramda iştirak edənlərin hərəsi bir nağıl uydurdu. Ümumiyyətlə mən obraz sözünü heç sevmirəm. Ziyalı obrazsız olmalı, heç bir obraza girməməlidir.

“Ziyalı necə olmalıdır” sualına aşağıdakı fikirlərimlə izah verməyə çalışmışam. Bu, mənim düşüncəm, mənim həqiqətimdir. Mənim həqiqətim mütləq həqiqət olmaya bilər.


1) Ziyalı bəhanələrə sığınmamalıdır. Nitsşe deyirdi ki, yalnız aciz adamlar bəhanələrə sığınır. İradəli insanların bəhanələrə ehtiyacı yoxdur.

2) Ziyalı xalqın yanında olmalıdır. Əgər xalq cahildirsə, ziyalı xalqın yanında daha çox olmalıdır. Xalqı tənqid etmək heç vaxt müsbət nəticələr vəd etməyəcək. Xalqı sevərək, əzizləyərək cəhalət girdabından xilas etmək olar. Bu münasibət valideyn-övlad münasibətinə bənzəyir. Uşağı döydükcə, söydükcə daha arsız olur. Ətrafında yaşanan hadisələrə daha vəhşi münasibə göstərir. Xalq da belədir. Hətta ən qəddar toplumun da nəvazişə ehtiyacı var. Gərək xalqın başına sığal çəkərək, yüksək gücə, müsbət keyfiyyətlərə sahib olduğunu deyəsən. O, öz gücünə inanmalıdır. Onu layiq olduğundan daha çox təriflə. Belə olan halda o, utanacaq və sənin təriflərinə, xoş sözlərinə layiq olmağa çalışacaq.

3) Ziyalı iradəli olmalıdır, öz şəxsi maraqlarını cəmiyyətin ümumi maraqları ilə uzlaşdırmağı bacarmalıdır. Cəmiyyət aydınların şəxsi maraqları ilə toplumun ümumi maraqları uzlaşanda xoşbəxt olur. Əgər cəmiyyətin maraqları sağlam deyilsə, ziyalı sağlam maraqları toplumun beyninə yeritməlidir.

4) Ziyalı eqodan birmənalı şəkildə imtina etməlidir. Eqo sürü psixologiyasıdır. Eqo ziyalını ziyasızlaşdırır. Eqo aydınlar arasındakı birliyə sarsıdıcı zərbələr endirir. Eqoda yalnız şəxsi mənfəət arzusu gizlənir. Aydın isə bəşəri düşünməlidir.

5) Ziyalı xaricdə baş verən hadisələrə münasibət göstərmək əvəzinə vətəndaşı olduğu ölkədə yaşanan istər mənfi, istərsə də müsbət hadisələrə reaksiya göstərməlidir.

6) Ziyalı azad olmalı, siyasi partiyalara üzv olmaqdan qaçmalı, tərəfsizliyini qorumalıdır. Əsarət bilimin düşmənidir. Ziyalı özgənin sözünü yox, öz sözünü danışmalıdır.

7) Ziyalı insanlara haqqını tələb etmə, hüquqlarını qoruma imkanlarını aşılamalıdır.

8) Əli Amirin “Günah keçisi” romanını oxuyanlar bilir ki, kapital sahibləri mədəni inkişaf naminə böyük pullar xərcləyirlər. Bu romanda Qərb yəhudiləri Şərq yəhudilərini bir məkana toplayır və onları mədəni, intelektual inkişafa məcbur edirlər. Böyük pullar qazanan şəxslərə  müəllimlər, ziyalılar dərs keçiblər. Əgər ziyalıların dərs dediyi  insanlar böyük kapital sahibi olanda mədəniyyətə, sənətin inkişafına vəsait ayırmırsa demək ki, ziyalılarımız dürüst, işıqlı təfəkkürə sahib kadrlar yetişdirə bilmirlər.

Sveyq ikinci dünya savaşına görə ziyalıları tənqid edərək deyirdi:

“Əgər savaş varsa bütün ziyalılar günahkardır. Hamımız səhvə yol vermişik. Əgər bəşəriyyət günahsız qurbanlar verirsə bütün aydınlar günahdır. Biz - ziyalılar bu vicdan yükündən xilas ola bilməyəcəyik”.

9) Ziyalı özünü günahkar saymaqdan, vicdan əzabı çəkməkdən qorxmamalıdır. Ziyalı cəhalətə görə özünü günahkar sayanda ziyalı olur. Cəmiyyətin faciələrinə görə vicdan ağrısı duymayan, özünü günahkar saymayan şəxsdən ziyalı olmaz.

10) Ziyalı bütün dünyanı sevməli, bəşəri düşünməli, bütün millətlərə hörmət göstərməlidir. Buna baxmayaraq ziyalı vətəndaşı olduğu dövlətin maraqlarını üstün tutmalıdır. Azərbaycan ziyalıları unudurlar ki, onların əmək haqqı (hətta az olsa belə) vətəndaşların ödədiyi vergi hesabına ödənilir.

Azərbaycan ziyalıları bizi xilas edə bilmədilər. Çünki onlar bizə, “siz bir gün böyük insanlar olacaq, dünyaya öz gücünüzü sübut edəcəksiniz” sözlərini demədilər. Onlar bizi alçaltdılar, onlar bizə güldülər, bizə “istedadsız”, “savadsız” dedilər. Bu səbəbə görə də biz onları sevmədik, onlara inanmadıq, əksinə nifrət etdik. Cahilliyi seçdik, cəhalətə yuvarlandıq.

Cəhalət səddini dağıtmaq ümidi ilə Kitabıstan vətəndaşı Nicat Həşimzadə
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar