Ali təhsilli xadimələr

Nicat Həşimzadə

26-03-2016, 19:48 Oxunub: 771
İnsanlar işlərini itirmək qorxusu ilə yaşayırlar. Müxbirlər redaktorların sosial şəbəkələrdə yazdığı mənasız statusları bəyənir, hətta paylaşırlar. İşlərini itirməkdən, rəhbər qəzəbindən qorxurlar. Hətta öz halal əmək haqqını almaq üçün insan yalvarmağa, sınmağa məcbur edilir. Savadlı tələbə yoldaşlarımın heç biri ixtisasları üzrə iş tapa bilmədilər. Satıcı, fəhlə, gözətçi kimi çalışıb aclıqdan ölməməyə çalışırlar. Azərbaycanda 150 manat aylıq əmək haqqı alan həkimi, müəllimi tənqid edirlər. Yazarların aqibətisə tənqiddən təhqirə keçib. Məmurların qəbul otağının qarşısında saatlarla növbədə dayanan, təhqir olunan, əzilən adamlar öz intiqamlarını müəllimdən, həkimdən, yazıçıdan alırlar. Şəhərin zibillənməsinə, polislərin adam döyməsinə, əsgər ölümlərinə susan bu adamlar yazarı, müəllimi, həkimi asanlıqla tənqid və təhqir edirlər. Vəzifə sahibi olmayan adamı tənqid etmək asandır. Yoxsul insanlar “aristokratlar”ın onlara vurduğu zərbələrin qisasını özləri kimi sadə insanlardan almaq fikrinə düşürlər.

Azərbaycanda qəhrəman olmaq üçün ya ölmək, ya da dağları, çayları, şəlalələri, milli mətbəxi tərifləmək lazımdır. Daşa-divara şeir yazan şairlərə eşq olsun, materiya onlara uzun ömür bəxş eləsin. Nəvəsinin sünnət toyu haqqında roman yazan dahi şəxslər də əbədiyaşar olsun. O adamlar milli mənəvi dəyərimizdir, qorumaq, yaşatmaq lazımdır. Mövzudan yayındım, bağışlamayın.

Keçən həftə qəzetdə bir elan oxudum, şokundan hələ də ayılmamışam. Elan: “18-25 yaşarası subay xanım sekretar işinə dəvət olunur. Ali təhsilli olması vacib deyil. Cazibədar xanımlar müraciət etsinlər”

Bu necə düşüncədir, anlamaq olmur. 250 manatlıq əmək haqqı ilə həm sekretar, həm fahişə saxlamaq istəyir. Necə deyərlər, kapitalizm inkişaf edir.

Növbəti elan: "Şirkətimizin xadiməyə ehtiyacı var. Ali təhsilli, rus, ingilis dilini bilən xanımlar əlaqə yaratsın".

Bu elan ölkəmizdəki acınacaqlı vəziyyəti əks etdirir. Azərbaycanda ali təhsilli xadimələr var, inanın, öz gözlərimlə görmüşəm. Bir qadın tanıyıram, iki universitet bitirib, xeyli kitab oxuyub, atası da sovet dönəmində general olub. Amma indi ucuz kafelərdən birində xadimədir.

Ziyalı olan kəs bu məsələlərə münasibət bildirməyə borcludur. Bugün Azərbaycanda kütləvi işsizlik yaranır. Gördüyüm bir elan məni lap heyrətə saldı.

“Ofis işlərini bacaran gənclər sərfəli işə dəvət olunur. Şərtlər, ali təhsilli olmalı, rus və ingilis dillərini mükəmməl bilməli, universitetə qəbul balı 600 dan çox olmalı, ofis proqramlarını bilməli, əmək haqqı 300 AZN”

Elandakı arsızlığa bax. Bu şərtlərə cavab verən şəxs ömrü boyu 300 manat maaşa görə həyatını çürütməz.

Texnologiyanın inkişafı kütləvi işsizlik yaradır. Avtomatlaşdırma sisteminə keçid Azərbaycanda yüzlərlə insanın işsiz qalmasına səbəb olub. İşsiz qalmaq insanı alçaldır, ümidsizlik yaradır, səndən çörək uman insanlar qarşısında sınırsan, alçalırsan. Amma anlamadığım bir həqiqət var. Həmin bu alçalan, təhqir olunan adamlar dağlara  nəğmə qoşanları, çaylara, kubiklərə, kərpiclərə şeir həsr edən şairləri qəhrəman sayır, onları müdafiə edən, onların xilası üçün mübarizə aparan, həqiqəti deyən ziyalılarınsa üzünə tüpürürlər.

Bəlkə də nə vaxtsa hər şey müsbət istiqamətə doğru dəyişəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar