Xalq kimi düşünmək

Nicat Həşimzadə

14-03-2016, 11:23 Oxunub: 736
İnsanlar niyə dalaşır? Niyə biri-birilərinə nifrət edirlər? Niyə "yuxarılara" nifrət edən "aşağılar" qisaslarını elə "aşağılardan" alırlar. İnsanlar niyə öz natamamlıq komplekslərini başqalarını alçaltmaqla gizlətməyə çalışırlar? İnsanlar niyə darıxır, niyə xoşbəxtliyə inam duyğusunu itiriblər?

İnsanlar mübarizə aparmaqdan qorxurlar. Heç olmasa öz övladlarını xilas etmək haqqında düşünsünlər. "Azərbaycan xalqı" ifadəsini işlətmək çox qeyri-dəqiqdir. Biz hələ xalq deyilik. Çünki Azərbaycanda şiə var, sünni var, sələfi var, cəfəri var, bektaşi var, əfqan var, yapon var, amma azərbaycanlı yoxdur. Genefondumuz qarışıqdır. Həmişə işğala məruz qalmışıq. Sağlam genetik kod haqqında düşünməmişik. Həyatımızı mərsiyə janrında yaşamışıq. Füzulinin qəzəllərini oxuyub "hallanan" gənclər cəmiyyətə heç bir fayda verməyəcəklər. Din həyatımızı iflic edib. Biz hadisələri düzgün analiz edə bilmirik.

İnkişaf etmək üçün ənənləri dağıtmaq, bütləri sındırmaq, köhnə fikirlərdən qurtulmaq lazımdır. Kölə atalar kölə övladlar böyüdür. Sovetin çürümüş adamları deyir ki, Sovet bizə mədəniyyət bəxş edib. Əgər Sovet bizə mədəniyyət gətiribsə biz niyə hələ də köləyik? Niyə azad fikrə normal münasibət göstərə bilmirik? Kölə əxlaqı niyə ruhumuza, düşüncələrimizə hakim kəsilib? "Kölə əxlaqı" anlayışı səhvdir, "kölə əxlaqsızlığı" demək lazımdır. Biz heç vaxt öz gücümüzə inkişaf edəcəyimizə inanmamışıq. Adamlar var, deyir ki, almanlar Bakını işğal etsəydi biz daha mədəni xalq olardıq. Mədəni olmaq üçün mütləq işğal olunmalı, başqa xalqların mədəniyyətini zor gücünə qəbul etməlisən?

İnkişaf etmək üçün dəyişmək lazımdır. Biz isə dəyişməkdən qorxuruq. İnkişaf etmək üçün ağıllı olmaq lazımdır. Biz isə ağıllı olmaq istəmirik. Çünki ağıl hər şeyə şübhə ilə yanaşmaqdır. Ağıllı olmaq düşünməkdir. Düşünmək, axtarışda olmaqdır. Biz isə tənbəl xalqıq. İnkişaf etmək üçün kitab oxumaq lazımdır. Kitab oxumaqsa zövqlü olduğu qədər əziyyətli prosesdir. Biz kitabsız xalqıq.

Azərbaycanda pul qazanan bütün adamları yaxşı adam sayırlar. İnsanların yaxşı adam anlayışı bu qədər ibtidaidir. Bu qədər gülüncdür. İnkişaf etmək üçün toplum olmaq, xalq kimi düşünmək lazımdır. Xalq kimi düşünmək nədir? Xalq kimi düşünmək “başqaları” anlayışından imtina etmək, bütün insanların kədərini öz kədərin, xoşbəxtliyini öz xoşbəxtliyin hesab etməkdir. Azərbaycan xalqında aqressiya, nifrət yoxdur. Bu xalq acizdir və öz acizliyinə mərhəmət adı verərək uğursuzluğuna, savadsızlığına haqq qazandırır. Xalq kimi düşünmək üçün nifrət hissinə sahib olmaq lazımdır. Sevgi beyni iflic edir, nifrətsə zəkanı aydınlaşdırır.

Xilasa inanmaq, gələcək nəsli xilas etmək borcumuzdur. Bunun üçünsə xalq kimi düşünmək tələb olunur. Xalq kimi düşünmək üçün fərdləri xilas etmək lazımdır ki, fərdlər özlərini xalqın bir hissəsi hiss etsinlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar